Hər yevlaxlının ürəyində bir Əminə Yusifqızı imzası var...

OXUNUB: 1040 MƏDƏNİYYƏT

Deyirlər, qadın təbiətən güclüdür, mən buna inanıram. Çünki işıqdır qadın, ona gecənin qaranlığında nə qədər ehtiyacımız varsa, sabahın işığında da o qədərdir ehtiyacımız. Yəni həyatın məşəli onların əlindədir, özləri yanır, məşəli də həmişə yanar saxlıyırlar. Qadın mərhəməti, sevgisi, həyata gözəl baxışı ilə bütün zamanlarda bəşər övladının müasiridir. Nə yaxşı ki, cəmiyyətimiz də belə qadınlardan, analardan xali deyil. Müasirimizdilər, həyatın axışıdılar, naxışıdılar, ahəngidilər, çarəsiz hallarımızın, yorğun xəyallarımızın dincələ bildiyi yerdir ruhları.

Yevlaxda çıxan "Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı. Onun səs tonundakı rahatlıq, sakitlik, bunun bərabərində ruhunun azadlığı, insana həyatın ipliyini çözmüş, onunla heyrətlənmədən, dinc rəftar etməyi bacaran xanım kimi gəlir. Niyə də olmasın, fədakar bir ömür, zəhmət, həyat təcrübəsi, xalq sevgisi var ömrünün geridə qoyduğu səhifələrində. Danışmaqla dinləmək arasındakı tarazlığı o qədər gözəl saxlayır ki, ehtiyatla danışıram ki, hər kəlməmə diqqət edir. Danışanda da xüsusilə kübardır: "...bəlkə bu belədir, necə fikirləşirsən” deyə nəzakətlə xitab edir söhbətdaşına. Elə bil heç vaxt əsəbiləşməyib, həyəcanlanmayıb, etiraz etməyib, heç səsini yüksəltməyib. Yəqin işi, əməli ruhuna bu qədər dinclik verir, bir də qarşısındakı mənzərə nə olursa olsun, həyata gözəl baxa bilir.

Təsadüf elə gətirib ki, bir neçə dəfə əyalətdə yaşayıb yaradan-ziyalılarımızla görüşüb, onlardan yazı hazırlamışam. İnanın, çox fərqlidirlər, ruhlarındakı tərtəmiz vətən havası danışdıqca qarşısındakının ruhuna hopur. Təbiətə çox bağlıdılar, şəxsiyyətləri ilə yaradıcılıqları harmonikdir, bax bu çox önəmlidir. Əminə xanım qəlib insanı deyil, bunu bir kərə söyləyim, aurası elə fərqlidir ki, onunla söhbət edəndə, madam bölgədə yaşamaq bu qədər fərqlidir, ruh sağlıqlıdırsa, mən niyə şəhərdə yaşayıram, deyə düşünür insan, inanın, dəfələrlə belə düşünmüşəm. Yevlax şəhərindən elə danışır ki, sanki Sena çayının sahillərindən, Karlovı-Varıdan, bəyaz zanbaqlar ölkəsi Finlandiyadan danışır sənə. 2 övladı - oğlu da, qızı da, nəvələri də Bakıda yaşasa da şəhər onluq deyil. Mən bunun çözümünü tapmışam və inanın ki, belədir. O qədər gözəl anladır ki, hər şeyi - təbiəti, həyatı, insanları, işini, çətinliyini, qəzeti davamlı nəşr edə bilmək üçün çəkdiyi əziyyətini. Elə danışır ki, sanki razılıq edir. kimdənsə şikayətlənmək, günahı başqasında görmək bu xanıma yaddır. Bunun açarı isə hər şeyə ana şəfqətilə, qadın sevgisilə yanaşmasıdır, bir də hər şeyə bunca gözəl baxa bilməsi.

Əminə Yusifqızı - Yevlaxın özünə heyran etdiyi sevdalı qızı. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətini də, ailə həyatını da, ömrünü də, sevgisini də doğulub böyüdüyü Yevlaxa bağlayıb, rayonun gələcəyini doğru şəkilləndirməyə həyatını həsr edən qadın. Hətta köklü bakılı olan, paytaxtda öz həyatının rahatlığını tam təmin edən həyat yoldaşını da əyalətdə yaşamağa razı salmağı bacarıb Əminə xanım. Qırx beş illik əmək fəaliyyətində təkcə jurnalist kimi çalışmaqla bitirməyib işini. Onu rayonda tanımayan, hörmət bəsləməyən insan yoxdur. Özü isə bu qənaətdədir: yəqin ki, var, sadəcə, biz onların fikirlərini eşitmirik.

Bu gün Yevlaxda hər kəsin çəkinmədən qapısını döyə biləcəyi, kömək umacağı bir ünvan var – Əminə Yusifqızı. Yevlaxın bütün ziyalılarından tutmuş, məktəblisinə qədər, hər kəs bu imzanı, bu insanı, bu ananı yaxşı tanıyır və sevir. Amma həm də dominant xarakterlidir, işini, məsuliyyətini bilən və bunu qarşısındakından tələb edən. Rayonda elə bir siyasi-ictimai, sosial sahə, iş yoxdur ki, Əminə xanımın orda adı çəkilməsin, səsi eşidilməsin, imzası olmasın. İnsanları olduğu kimi qəbul edir, bağrına basır, ana şəfqətilə yanaşır, onlara kömək etməyi boynunun borcu sayır. Meyarı xidmətdir, insana xidmət, yanında olmaq, mərhəmət göstərmək. Doğrudan da dünyanı qadınlar idarə etsəymiş, bəlkə heç müharibə olmazmış. İndi qəzetinin tirajının ciddi azalması ilə bağlı, pandemiya və.s. nüanslar əslində işini azaldıb. Ancaq onun bu yaşda da enerjisini sərf etmək üçün darıxdığını görməmək mümkün deyil.

Düz 45 ildir "Kür” qəzetində çalışır. Bir zamanlar korrektor kimi işə başladığı qəzeti 30 ildir ki, baş redaktor kimi idarə edir. Onun rəhbərliyi dövründə qəzet regionda sağlam mətbuatın nümunəsinə çevrilib. Tirajına, dövriliyinə və oxunaqlığına görə "Kür” təkcə bölgədə deyil, respublika mətbuatında da sayılıb-seçilib, oxunub, regionda ictimai mühitə və ictimai fikrə təsir edib. Yaxın illərə qədər 7800 tirajla işıq üzü görən qəzetin hər sayı maraqla oxunurdu. Çünki qəzetin rəhbəri işinin sevdalısı, peşəsinin vurğunudur. Onun jurnalist yaradıcılığını araşdırarkən tərifli, konyunktur, çeynənmiş, tapdanmış yazısıyla heç rastlaşmadım. Ona inanan insanları bər-bəzəkli ifadələrlə aldatmayıb, olanı olduğu kimi çatdırıb oxucuya. Rayondakı problemləri araşdırıb, çox vaxt da naqislikləri felyeton janrında qəzet səhifəsinə çıxarıb. Vaxtilə tənqidi yazıları dəfələrlə büro iclaslarında müzakirə olunub. Jurnalist təkcə öz ömrünü yaşamır, onun peşəsinə sevgisi, yanğısı, bildiyi doğrular uğrunda sağlam duruşlu savaşı sonralar neçə-neçə yevlaxlı gənci Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə həvəsləndirib. "Kür” qəzetinin redaksiyasını təbiətin qoynuna çevirib, hər tərəf güllük-gülüstanlıq, ağac, mincür gül-çiçək kolları. Kollektivlə rəhbər kimi deyil, iş yoldaşı kimi rəftar edir. Elektron medianın yazılı medianı çox-çox üstələdiyini hələ də təsdiq etməyə dili gəlmir. Region mətbuatının yenidən çiçəklənəcəyinə inanır. Əmək fəaliyyətini mətbuatın inkişafına həsr edən baş redaktor bölgə mətbuatının bugünündən təəssüflə danışır: "Vaxtilə bölgə məktəbliləri və gəncləri qəzet oxuyaraq formalaşırdılar, yəni qəzet məktəb kimi yetişdirirdi gəncliyimizi. Fəxrlə deyə bilərəm ki, indi bölgələrimiz, o cümlədən mənim gözəl Yevlaxım hər mənada inkişaf edir, gözəlləşir, müasirləşir. Çox istərdim ki, mətbuat ənənəsi də bu inkişafa uyğunlaşsın. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrimizin inkişafına xüsusi diqqət göstərir, rayonlarımızın müasirləşməsi üçün mümkün olan hər şeyi edirlər. İndi bölgələrimiz 15-20 il əvvəlki dövürlə müqayisəyə gəlməz. Bir mətbuat xadimi kimi istərdim ki, rayon ictimaiyyətinin qəzet oxumaq ənənəsi bərpa edilsin. Dünya ölkələrinin bir çoxunun internet sürəti bizdən dəfələrlə sürətlidir, amma inkişaf etmiş ən güclü ölkələrdə də qəzetçilik ənənəsi zəifləmiyib, əksinə, daha da güclənib. Bunu da rayonumuzda yaşayan oxucularımız özləri etməlidirlər”. 

Hələ körpəliyindən çevik, dirigözlü olan Əminə xanım gəncliyində "Sevil” qadınlar məclisinin, sonra da YAP Qadınlar Şurasının Yevlax rayonu üzrə sədri seçilib. Yetmiş yaşa çatmasına baxmayaraq, indi də ictimai işləri eyni məsuliyyət və enerji ilə həyata keçirir. İşindən, əməlindən, insanlarla ünsiyyətindən zövq alır. Deyir ki, hər dəfə bir insan yanımdan naümid getməyəndə, əliboş qayıtmayanda özümü sağlam və xoşbəxt hiss edirəm. O, yaşamaq, işləmək insanlara mərhəmətli əl uzatmaqdan yorulmur, hələ uzun illər bu sevda işinə davam etmək istəyir. Özünün dediyi kimi, yaşın nə önəmi var, gəncdir, sağlamdır, çalışmaq və ona ehtiyacı olan insanların yanında olmaq istəyir.

44 günlük Vətən müharibəmizdə Yevlax rayonundan da yüzlərlə gənc ilk gündən savaşa getmiş, çox sayda şəhid vermişdir. Əminə xanım aylardır ki,  hər şəhidin doğulub-böyüdüyü evlərdə olur, onların qapısını döyür, ata-anası, yoldaşı, övladları, qardaş-bacıları ilə görüşür, dərdlərinə, acılarına şərik olur, onlarla bərabər göz yaşı tökür, təsəlli edir, mənəvi dəstək olur. Və Yevlaxda yaşayan bu şəhidlər haqqında paytaxtın müxtəlif qəzetlərində mütəmadi yazılar verir. Məqsədi şəhid gənclərimizin örnək həyatlarını gələcək nəsillərimizə çatdırmaqdır.

Bu yaz yaşının 70, əmək fəaliyyətinin 45, baş redaktor olmağının 30 ili tamam olur. Bu illərdə Əminə Yusifqızı ölkə başçısının sərəncamı ilə  Əməkdar jurnalist adına və "Tərəqqi” medalına layiq görülüb. O, həm də "Qızıl qələm”, Məhsəti Gəncəvi, iki dəfə Həsən bəy Zərdabi mükafatlarının laureatı, Ali Media mükafatçısı, beynəlxalq jurnalist və çoxlu sayda diplom və fəxri fərmanların sahibidir. Bir qız, bir oğul anası olan yubilyarımız dünyanın ən qiymətli varidartına – 6 nəvəyə sahibdir. Öz adını verdiyi ilk nəvəsi Əminə Bakı Dövlət Universidetinin Dünya İqtisadiyyatı fakültəsini bitirib. Ayxan Bakı Diplomatiya Universitetində, Tuncay isə Macarıstanın Debrecen Universitetində əyanı təhsil alır. Əlixan, Əli və Aynar isə kiçik yaşlıdırlar.  O, nəvələrilə, nəvələri də onunla fəxr edir. Budur xoşbəxtliyin düsturu. Ən böyük arzusu nəvələrinin və vətəninin xoşbəxt günlərini görməkdir.

Həyat səhifəsinin sıralamasında başdan birinci insan olmaq gəlir. Qırx beş il əmək fəaliyyəti dövründə heç bir maddi varidata sahib olmayıb Əminə xanım. Həmişə fikirləşib ki, xoşbəxt var-dövləti olan deyil, var-dövlətə ehtiyacı olmayandır. Bəli, dünyanın ən zənginidir, üzünü güldürə bildiyi insanlarla, qazandığı sevgiylə, mərhəmətlə, mülayim təbiətilə. Həyata onun ruhundan baxmaqla fərq etmək olar bunu.

RƏYLƏR