Həyatını itirən 22 yaşlı Leylanın valideynləri: Zəfəran Hospitalın qatil həkimi çox adamın ölümünə səbəb olub

OXUNUB: 3059 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl Səhiyyə

Artıq 3 gündür ki, mətbuatda, sosial şəbəkələrdə 22 yaşlı model Leyla Oruclunun faciəli ölümü müzakirə edili. Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etdirməsi onun həyatı bahasına başa gəlib. Modelliklə məşğul olan Leyla 22 iyun tarixində ailəsinə xəbər vermədən "Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib. Bu gün isə Leylanın yas mərasimi keçirilib.

İCMAL.azxəbər verir ki,Mərhumun yaxınları söhbət zamanı musavatın əməkdaşına bildiriblər ki, uzun müddətdir ki, modelliklə məşğul olan Leyla son zamanlarda qarın və bel nahiyəsində gedən kiçik piylənmədən narahat olub:

"Onun əməliyyata ehtiyacı yox idi. İdmanla da istədiyi formanı əldə edə bilərdi. Amma əməliyyatla buna nail olmaq istəyib”.

Yaxınları gənc qızın əməliyyatı həyata keçirən iranlı cərrah Sirus Qoçxaninin səriştəsizliyi ucbatından dünyasını dəyişdiyini iddia ediblər:

"Həkim ailəsindən icazə alıb, sonra əməliyyat etməli idi. Üstəlik Leyla əməliyyata girərkən saçlarında və dırnaqlarında qaynaq, gözündə isə linza olub. Xüsusən də gözündə linza olması onu şoka salan səbəblərdən biri olub. Həkim bütün bunlara diqqət etməli idi. Lakin heç nəyi nəzərə almadan əməliyyata salıb. Eşitdiyimizə görə həmin həkim bu günə qədər çox xəstənin ölümünə səbəb olub, amma cəzalandırılmayıb. Tezliklə, yas mərasimindən sonra həkim barəsində şikayətçi olacağıq”.

Bəzi yaxınlarının iddialarına görə isə, model qızın ölümünə səbəb əməliyyatdan sonra ona vurulan köhnə donor qan olub.

Övlad acısının şokundan ayıla bilməyən Sevinc xanım isə danışmaqda çətinlik çəkir:

"Alışmışdım qızımın olmasına, getdi... Leyla çox bacarığa malik idi. Hələ uşaqlıqdan Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedib. Pianinoda ifa etməyi, vokal oxumağı bacarırdı. Çox ağıllı, işini bilən qız idi... Neçə gündür ki, ağlaya bilmirdim. Yalnız bu gün ağlayıb, az da olsa ürəyimi boşalda bildim”.

Sevinc xanım da həkimin cəzalandırılmasını istədiyini dilə gətirdi:

"Balamı geri qaytara bilməsəm də, onun cəzalandırılmasını görsəm az da olsa təskinlik taparam”.

Söhbət zamanı o da məlum oldu ki, 22 yaşlı Leyla evin böyük övladı olub. 12 yaşlı qardaşı Mərd isə bacısının ölümünü hələ doğru-dürüst dərk edə bilmir.

İCMAL.az xəbər verir ki, daha sonar Leylanın anası digər saytlara açıqlamasında həkimin ünvanına sərt təpkilər verib. "Biz hələ yasdayıq. Sabah ağır bir gündür və qızımın ölümünü hələ də qəbullana bilmirəm. Nə baş verdiyini dərk edə bilmirəm. Əgər qızımı əməliyyat edənSiruz Qoçxani "mən günahsızam" deyirsə o zaman bizim qaranlıq qalan suallarımıza aydınlıq gətirməlidir. Leyla model idi və işində ciddi uğurlara imza ata biləcək potensiala sahib idi. Biz dəfələrlə onun heç bir əməliyyata ehtiyyacı olmadığını desək də psixoloji olaraq bunu özündə kompleks halına gətirmişdi. O düşünürdü ki, artıq piylərə sahibdi. Bir çox cərrahın yanında olub. Ancaq onlardan heç biri qızımı əməlyyata götürməyiblər. Çünki buna ehtiyyac olmadığını və əməliyyatlıq olmadığını deyiblər. Təsəvvür edin hadisədən sonra bizə Mübariz həkim (red: plastik cərrah) zəng edərək "Axı mən o qıza əməliyyatlıq olmadığını demişdim" dedi. Əlbətdə bizim bundan xəbərimiz belə yox idi. Həkim qızımda piy qatının olmadığını, sadəcə özündə kompleks halına gətirdiyini söyləyib".

Leylanın anası cərrahSiruz Qoçxaninin hansı səbəbdən başqa klinikada verdirdiyi analizlərə əsasən əməliyyata girdiyinin hələ də sual altında olduğunu bildirib:

"Bilirsiz ki, əgər əməliyyata bir xəstə alınırsa onun bütün analizləri öncədən edilir. Qızıma bu xəstəxanada heç bir analiz verdirməyiblər. Yalnız digər xəstəxanalarda olan analizlərin cavablarından istifadə ediblər. Az-çox tibbi biliyi olan hər kəs bilir ki bu yolverilməzdir. Digər bir tərəfdən əgər bu qız özü əməliyyata giribsə, niyə heç kim onun yaxınlarına zəng edib məlumat verməyib. Ən azından bu insanın əməliyyat zamanı yanında bir nəfərin olması lazımdır. Niyə ondan ailə yaxınlarının nömrəsi istənilməyib. Önəmli olan məqam isə, xəstəxananın əməliyyatla bağlı qəbz verməməsidir. Mən hələ də axtarıram və heç bir qəbzə rast gələ bilmirəm".

Ananın sözlərinə görə "Zəfəran Hospital" qızının əməliyyatla bağlı ödədiyi məbləği geri qaytarıb:

"Əməliyyatın pulunu geri qaytarıb dedilər ki, bu pul sizindir. Mən o pula əl vura bilməzdim. Maraqlıdır, həmin məbləği niyə geri qaytardılar? Öz səhvlərini yumaq istəyirlər? Niyə əməliyyatla bağlı bir qəbz ortalıqda yoxdur?Biz bütün addımları atacağıq ki, bu işə hüquqi qiymət verilsin"

Leylanın atası da AZXEBER.COM-a danışarkən öz acısını gizlədə bilməyib. O, ölümün hansı səbəbdən gerçəkləşdiyini öyrəndikdən sonra bir şey deyəcəklərini söyləyib:

"Biz hələ öz acımızı yaşayırıq. Amma bu o demək deyil ki, bu iş başlı-başına buraxılacaq. Bütün hüquqi addımları atacağıq. O həkim hələ bir dəfə bizimlə əlaqə yaratmayıb. Mən dəqiq bir şey deyə bilmərəm. Ancaq bütün qaranlıq məqamlar aydınlanmalıdır. Heç nə gizli qala bilməz".

Atanın sözlərinə görə, əməliyyat zamanı qızına qan lazım olub. O, həkimin qan qrupunu dəyişik salması ilə bağlı iddiaya da cavab verib:

"Qan qrupunu səhv salmaları yoxsa, əməliyyatda hansısa bir səhvə yol vermələri ilə bağlı iddialar da istisna deyil. Araşdırma gedir. Bütün bunlara araşdırmalardan sonra hüquqi cavab veriləcək. Lazım olsa İran səfirliyinə də həkimlə bağlı müraciət edəcəm".

Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani ötən gün açıqlama verərək bildirib ki, Leyla Oruclu pioemboliya diaqnozundan dünyasını dəyişib.

S.Qoçxani bu hadisədə günahı olmadığını və ölüm hadisəsi ilə bağlı prokuorluqda izahat verdiyini də deyib:

"Bu cərrahi əməliyyatdır və hər zaman belə hallara hazır olmalıyıq. Təəssüflər olsun ki, Azərbaycan reallığında bu cür hadisələrdə həkimlər günahlandırılır”.

Qeyd edək ki, Leyla Oruclu əməliyyatdan iki gün sonra, 25 iyun tarixində vəfat edib.

İCMAL.az

RƏYLƏR