Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub

OXUNUB: 505 GÜNDƏM Özəl SOSİAL
Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun "Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub. Kitab ilk dəfə 2012-ci ildə Azərbaycan dilində çap edilib.

Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiya 4 böyük bölmədən ibarətdir. "Qədim və orta əsrlərdə Azərbaycanda dövlət və din münasibətləri”, "Yeni dövrdə Azərbaycanda dövlət və din münasibətləri”, "Ən yeni dövrdə Azərbaycan Respublikasında dövlət və din münasibətləri” adlı bölmələrdə dövlət-din münasibətlərinin ayrı-ayrı ictimai-siyasi formasiyalar sistemində özünəməxsus keyfiyyətlər qazanaraq böyük intibah dövrü keçməsi, onun müstəqil Azərbaycan Respublikasının timsalında formalaşmış tarixi xronologiyası mükəmməl şəkildə təqdim olunur. Həmçinin nəşr Azərbaycanda dövlət-din münasibətləri tarixi, müxtəlif dinlərin yayılması və onların müasir vəziyyəti, o cümlədən ölkə ərazisində mövcud olan dövlətlərin din siyasəti barədə obyektiv məlumatlar əldə etmək imkanı yaradır.

Əsərin böyük bir hissəsi dövlətin həyata keçirdiyi din siyasəti problemlərinin işıqlandırılmasına həsr edilib. Kitabda Ümummilli Lider Heydər Əliyevin müstəqil milli dövlət quruculuğu sahəsində işləyib hazırladığı din siyasəti, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dözümlülük ənənəsinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirilib.

Qeyd edək ki, monoqrafiyaya tarixi-dini məbədlər barədə məlumatlar və fotolar da daxildir. Kitabın redaktorları ilahiyyatçı Gündüz İsmayılov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarov, tərcüməçisi isə Azərbaycanın əməkdar jurnalisti Əli Səidovdur.

Rusdilli oxucu kütləsi üçün nəzərdə tutulan kitab dinlə əlaqəli tədqiqat aparan mütəxəssislər, dinşünaslar, ilahiyyatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli töhfədir.

Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape” dini icması tərəfindən çap olunub.

RƏYLƏR