Hikmət Babaoğlu: Paşinyanın Rusiyada verdiyi açıqlamalar bir daha göstərdi ki, o, natamam siyasətçidir

OXUNUB: 2281 GÜNDƏM DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı verdiyi açıqlamalar bir daha onu göstərdi ki, o, natamam siyasətçidir və hələ də ciddi siyasətçi olmaqdan uzaqdır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, onun Rusiyaya səfərinin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dirçəliş yollarını Rusiya Prezidenti ilə müzakirə etmək idi:

"Digər tərəfdən, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlük məsələsinin Ermənistanı narahat etməsi də Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmək istədiyi məsələlər sırasında yer alırdı. Başqa bir məqsəd Ermənistanın atom elektrik stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilməsi və bu məsələdə Rusiyadan təminat alması ilə bağlı idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, Paşinyan məqsədlərinin heç birinə çata bilməyib. Xüsusilə də, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq məqsədinə nail ola bilməyib".

Millət vəkili bildirib ki, N.Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirərək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi:

"O bu açıqlamalarında da qeyri-ciddi idi, çünki Paşinyan baş nazirdən daha çox adi vətəndaş kimi danışırdı. O qeyd etdi ki, "mənim təsəvvürümə görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır”. Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından verməlidir. Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etməklə bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. O, Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə gətirmək onun Ermənistanın rəsmi siyasətinin keçimişindən xəbərdar olmamasının və gələcək siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir".

Onun sözlərinə görə, Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə isə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir:

"Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarında olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiq etmənin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistanın kompromisə hazır olduğunu, bununla bərabər Azərbaycanın da kompromisə hazır olmasının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistan ordusunun təxribatçı hərəkətlərinin qarşısını layiqincə alan Azərbaycanın hərbi qüdrətindən ehtiyat etməsidir. Bütün bunlar onu göstərir ki, Ermənistanın baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir, Rusiya səfəri də nəticəsiz və uğursuz səfər kimi onun siyasi karyerasına yazıldı".

RƏYLƏR