İki evə basqın edən quldurun məhkəməsi başlayıb

OXUNUB: 543 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Lerik rayon sakini Maqsud Əliyevin (1974-cü il təv.) CM-nin 120.2.9 (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldrmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.3.3-cü ( quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az-ın məlumatına görə, ötən il avqustun 21-də, səhər saatlarında naməlum şəxs Xırdalan şəhərində yaşayan Sevda Hüseynovanın mənzilinə basqın edib. 

O, əvvəlcə ev sahibinə özünü usta kimi təqdim edib. Bundan sonra isə evə daxil olaraq Hüseynovanı bıçaqla hədələyib, ondan pul və qızıl əşyalarını tələb edib. Qadın qışqırıb qonşuları çağırdığından, məqsədinə nail olmadan hadisə yerindən qaçıb. 

İki gündən sonra, yəni ayın 23-də Maqsud Əliyev Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Dindirilmə zamanı quldurun digər cinayəti də üzə çıxıb. 

Məlum olub ki, o, avqustun 21-də Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evə açıq pəncərədən daxil olaraq, taxta parçası ilə divanda yatmış ev sahibi Məmməd Sərxanovun başından zərbələr vuraraq, onu öldürüb. Səs-küyə gələn mərhumun həyat yoldaşı Zeynəb Sərxanovadan əvvəl qiymətli əşyaların yerini soruşub, sonra isə həmin alətlə qadına da ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən uzaqlaşıb. Yaralanan Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. 

Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, əməllərindən peşman olduğunu qeyd edib. Daha sonra zərərçəkmiş və şahidlər ifadə veriblər. 

Məhkəmə istintaqı başa çatdığından prokuror çıxış üçün vaxt istəyib. 

Növbəti proses mayın 2-nə təyin edilib. 

 

İcmal.Az

RƏYLƏR