“İlqar Məmmədov reallıq hissini tamamən itirib!” – Elşən Musayev

OXUNUB: 1744 GÜNDƏM Özəl SİYASƏT
"REAL”sədri İlqar Məmmədov yaxşı olardı, Türkiyə və Azərbaycan münasibətlərinə həsr etdiyi iftira dolu statusunu yazmaq əvəzinə, bir zamanlar Aparatında çalışdığı Avropa Şurasının absurd qərarı haqda bir-iki kəlmə söz söyləyəydi, bu riyakar qurumu ifşa edəydi, əsl mənzərəni açaydı, öz milliliyini göstərəydi. Ən azından ona görə ki, rəhbərlik etdiyi Partiyanın Parlamentdəki üzvü də ölkəmizi həmin AŞPA-da təmsil edir. Və ya indiyə qədər edib.”

 

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"İlqar Məmmədov o boyda ölkələrin ədalətsizliyini, "yuxarıdan gələn” tapşırıqlara boyun əyməsini, riyakarca davranışını təftiş etmək əvəzinə səsvermədə bizə dəstək verən iki dövlətdən birinin, qardaş Türkiyənin mövqeyini yanlışca, insafsızca, məqsədli şəkildə təhrif edib, əsas məğzdən yayınıb, AŞPA-nın yürütdüyü nadan siyasətin üzərindən sakitcə keçib.

Heç şübhəsiz, REAL sədrinin qələmə aldığı status onun qara, xoşməramsız arzularıdır, böyük həvəslə, intizarla gözlədikləridir. Eyni zamanda görünən budur ki, İlqar bəy təşkilatının adında (amma sadəcə adında!) təcəssüm tapan reallıq hissini də tamamən itirib və prosesin, gedişatın əslində tamam başqa mahiyyət daşımasını, heç də onun düşündüyü kimi olmamasını alternativ variant kimi belə nəzərdən keçirməyib.

İlqar Məmmədov sadəcə bir şeyi bilsin və qulağına sırğa eləsin: Türkiyə ilə Azərbaycan eyni qandır, eyni candır, eyni bağdır. Və həmin bağı qoparmaq, qırmaq, bizi ayırmaq heç bir şəxsin, dövlətin, təşkilatın gücü və imkanı daxilində deyil! Biz dünya durduqca bərabər olacayıq və bu birliyimizlə bütün düşmənlərə, qısqanclara, fürsətcillərə, ayağımızın altını qazıyanlara, nankorlara, namərdlərə göz dağı verəcəyik!” –deyə Partiya sədri fikirlərinə davam edib.
 
 
 

RƏYLƏR