“İntellektual Klubların IV Gənclər Liqası”nın qalibləri məlum olub

OXUNUB: 1601 Özəl QHT SOSİAL

 

Sentyabrın 28-də start verilən ölkənin ən böyük intellektual turniri – "İntellektual Klubların IV Gənclər Liqası”nda "Böyük Final” həyəcanı yaşanıb. Ümumilikdə, turnirdə respublikanın 50 şəhər və rayonundan 500 komandadan ibarət 4000-dən çox gənc intellektual mübarizənin bir hissəsi olub.

Şəhər və rayonlarda keçirilən seçim turlarında qalib gələn komandalar daha sonra regional zona finalında intellektual mübarizələrini davam etdiriblər. Qax, Quba, Yevlax, Göyçay, Sabirabad, Lənkəran Gəncə və Naxçıvanda keçirilən regional zona finallarının yekununda ən yaxşı nəticə göstərən 12 komanda, paytaxt Bakıdan isə 20 komanda turnirin möhtəşəm final mərhələsində iştirak şansı qazanıb.

9-10 dekabr tarixlərində Qubada baş tutan "Böyük Final” mərhələsində paytaxt və regionları təmsil edən 32 komanda "Nə? Harada? Nə zaman?”, "Kviz”, "Breyn-Rinq” və "Erudit Kvartet” oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.

Həyəcanlı, bir o qədər də gərgin bilik mübarizəsinin sonunda Bakını təmsil edən "JM” komandası ən yüksək nəticə göstərərək "İntellektual Klubların IV Gənclər Liqası”nın çempionu olub. Bakını təmsil edən digər komandalardan "Dərələyəz” və "Santa Klara” isə müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıb. Regionları təmsil edən komandalar arasından İsmayıllının "Divergent” komandası 1-ci, İmişlinin "İmişdi” komandası 2-ci, Gəncənin "Aqropatena” komandası isə 3-cü yeri tutmağa müvəffəq olub.

2023-cü il "Heydər Əliyev” ili çərçivəsində keçirilən turnirin əsas məqsədi intellektual oyunların gənclər arasında təbliği, onların asudə vaxtlarının faydalı təşkili, region gənclərinin şəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkara çıxarılması və Heydər Əliyev irsi barədə gənclərin maarifləndirilməsidir.

Xatırladaq ki, 2019-cu ildən etibarən mütəmadi olaraq keçirilən turnir bugünədək 20 mindən çox gənci əhatə edərək onların intellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçinin şəbəkələşməsinə təkan vermişdir.

"İntellektual Klubların IV Gənclər Liqası" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

 "Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994

 

 








 

RƏYLƏR