İsa Qəmbərin yenidən başqan olmaq istəyinə MÜNASİBƏT + FOTOLAR

OXUNUB: 525 SİYASƏT
Müsavat Divanının qəbul etdiyi qərara görə, may ayının əvvəllərində partiyanın qurultayı keçiriləcək. Həmin qurultayda digər məsələlərlə yanaşı, Müsavat Partiyasının yeni başqanının seçilməsi də gündəmdədir. Müsavat Partiyasının sədri olmağa əsas namizəd kimi sabiq başqan İsa Qəmbərin adı daha çox çəkilir. Sosial mediada müsavatçıların bu barədə paylaşdığı statuslarda qeyd olunur ki, İ.Qəmbər öz siyasi təcrübəsi, fəhmi, hadisələri düzgün qiymətləndirmə və lazımi qərar qəbul etmə bacarığı ilə yanaşı, həm də partiya daxilində, ümumən müxalifət düşərgəsində birləşdirici şəxsdir, Müsavata başqanlıq edəcək ən layiqli namizəddir. Bununla da İ.Qəmbərdən Arif Hacılıya ötürülən postun yenidən əvvəlki sahibinə qaytarılması nəzərdə tutulur. Sosial şəbəkələrdə bu barədə aparılan müzakirələrdə hətta iddia olunur ki, yenidən başqan olmaq təşəbbüsü bilavasitə İ.Qəmbərin özündən gəlib.

Xatırladaq ki, sadəcə Müsavatda deyil, AXCP, ADP və digər müxalifət partiyalarında da eyni simalar illərdir mühüm postlarında qalıblar. Maraqlıdır, müxalifət niyə yenilənmək, yeni simaları irəli çəkmək istəmir? Nə üçün partiya üzvü olan digər şəxslərin, xüsusən də gənclərin üzə çıxmasına imkan yaradılmır?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev bildirib ki, A.Hacılının Müsavat başqanı olduğu dövrdə də bütün qərarları İ.Qəmbər verib, hər şeyi o, həll edib.
 
 
 
Millət vəkilinin sözlərinə görə, A.Hacılıya Müsavat Partiyasında heç bir zaman de-fakto rəhbər kimi yanaşılmayıb, bu adamı kimsə ciddiyə almayıb: "Hətta bir fakt deyim. Keçmiş müsavatçılardan eşitmişəm ki, başqan otağında indiyə qədər də İsa Qəmbər özü oturur. Arif isə dörd kvadratmetrlik yan otaqda. Daha dəqiq desəm, katibə otağında. Təbii, bunlar yenə oyun oynayırlar, öz aləmlərində manevr edirlər və guya ictimai-siyasi fikri, rəyi öyrənməyə çalışırlar. Amma çifayda! Gecikiblər. Çünki hamısının dövrü, qatarı çoxdan gedib. Əsas da İsa Qəmbərin”.

ADMP sədri söyləyib ki, İ.Qəmbərin yenidən fəallaşması həm də pul marağından irəli gələn təşəbbüsdür: "Daha doğrusu, pul bölmək marağından. Yəqin İsa Qəmbərin qulağına kimsə pıçıldayıb ki, son zamanlar xaricdən radikal müxalifətə ötürülən qara pulların miqyası artıb və bunu da  Əli Kərimli tək yeyir. Ona görə özünə əl qatıb, ortalıqda yenidən zühur edib ki, bəs mən də varam. Bir gənc tapıb ortalığa çıxara bilmirlər. Olanları da çoxdan qaçırıblar və Müsavatı "pensiyaçılar klubu”na çeviriblər. Kim var bu partiyada? Kim qalıb bu partiyada? Heç kim. Demək olar ki, heç kim! Nə rayon təşkilatları var, nə Bakı. Amma danışanda elə danışırlar, sanki böyük güc-filandırlar”.

Millət vəkili E.Musayev qeyd edib ki, A.Hacılı indiyə qədər "Facebook” statuslarından o yana keçə bilməyib: "Bu adam özünü partiya sədrindən daha çox bloqer kimi aparır. Ətrafındakı 3-5 nəfər isə ofisdə boş-boşuna vaxt keçirib, mürgüləyib, nərddən-zaddan oynayıb gedirlər evlərinə-eşiklərinə. Ad da olur ki, kişilər işlə məşğuldur. Əlqərəz, belə urvatsız, mənasız, fəaliyyətsiz partiyanın başında ha İsa Qəmbər qərarlaşsın, ha digəri, heç nə dəyişməyəcək. Yenə "köhnə hamam, köhnə tas” olacaq. Əsas da "TAS”.  Çünki gələn məlumatlar budur ki, Müsavatın ofisində həqiqətən ciddi və qızğın nərd yarışları gedir. Ta gecə saatlarına qədər”.
 
Ağ Partiyanın sədri Tural Abbaslı Medianews.az-a açıqlamasında söyləyib ki, Müsavat Partiyasında nələrin baş verməsi, kimlərin nə iş görməsi onun üçün maraqlı deyil. Sabiq müsavatçının qənaətincə, Müsavat, AXCP, ADP və digərlərinin Azərbaycan siyasi səhnəsinə real təsir imkanları yoxdur: "Onlar siyasi səhnədə bütün rəqabətdən kənardadırlar. Yəni, nə mənə, nə də cəmiyyətə bunların nə etdiyi, etmək istədiyi, kimi sədrliyə gətirmək istədiyi maraqlı deyil. Sadə vətəndaşların bu barədə heç məlumatları da yoxdur. Niyə yeni namizəd vermirlər? Yəqin ki, elə bir adam yoxdur. Çünki, yetişdirə bilmirlər, tükəniblər. Bu baxımdan onların fəaliyyəti mənə maraqlı deyil. Bizim daha ciddi məsələlərimiz var. Ağ Partiya təşkilatlanmaq, seçkilərə hazırlaşmaq, Azərbaycanın bir nömrəli partiyası olmaq istiqamətində addımlar atır. Belə bir halda digərlərinin nə etdiyi mənə və cəmiyyətə maraqlı deyil”.

Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı isə Medianews.az-a açıqlamasında bildirib ki, qurultaya hazırlıq üzrə təşkilat komitəsində may ayında qurultayın keçirilməsi haqqında qərar qəbul olunub. Partiya funksionerinin sözlərinə görə, təbii olaraq, qurultayda yeni başqan seçkiləri də olacaq: "Müsavat Partiyasının Nizamnaməsinə görə, onun qurultayında növbəti dönəm üçün başqan seçilir. Namizədlərin irəli sürülməsi məsələsinə gəlincə, hələlik bu kampaniyaya başlanılmayıb. Ona görə də bu haqda dəqiq söz demək problem olar. Qurultayın keçirilməsi üçün yer ayrılandan sonra Müsavat Partiyasında namizədlərin irəli sürülməsi kampaniyasına start veriləcək. Məncə, başqa partiyalarda belə bir şey yoxdur. Lakin Müsavat Partiyasında həmişə namizədlərin irəli sürülməsi üçün bir dövr elan olunur və həmin dövrdə başqanlığa, məclis üzvlüyünə, mərkəzi nəzarət təftiş komissiyası üzvlüyünə namizədlər irəli sürülür. Bir qədər gözləyək, görək kimlərin namizədliyi irəli sürüləcək. Bu barədə dəqiq məlumatı yalnız həmin dövrdə biləcəyik”.
 
G.Aslanlı özünün də namizəd olaraq proseslərə qatılacağını dilə gətirib: "Mənim də namizəd olaraq proseslərdə iştirak etmək fikrim var, amma başqanlığa namizəd kimi yox. Müsavat başqanlığına yeni simaların, o cümlədən gənclərin namizədliyinin irəli sürülməsi məsələsinə gəldikdə isə əvvəla onu qeyd edim ki, hər bir müsavatçının partiya başqanlığa namizədliyini irəli sürmək hüququ var. Ona görə də "kiminsə qarşısı alınır” söhbəti burda ola bilməz. Lakin əksəriyyət partiya üzvləri kimi namizəd görmək istəyir söhbəti ola bilər. O da, Müsavat Partiyası üzvlərinin öz arzularını, istəklərini bildirmək hüquqlarından irəli gələ bilər. Partiya üzvü olan gənclər, xanımlar, ümumən hər kəs başqanlığa namizəd olmaq iddiasını ortaya qoya bilər və bu yol hamı üçün açıqdır. Amma bir daha xatırlatmaq istəyirəm ki, hələ namizədlərin irəli sürülməsi kampaniyası keçirilmir. Bu kampaniya keçirildiyi müddətdə başqanlığa namizədlər məlum olacaq və bu barədə biz də öz fikrimizi bildirəcəyik”.

 
 

RƏYLƏR