İTV-dən olduqca təsirli süjet — "Gözlədiyimiz o an gəldi" (VİDEO)

OXUNUB: 672 SİYASƏT

İctimai Televiziya Tovuz döyüşləri haqda təsirli süjet hazırayıb.


Süjet sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.


Süjetin mətnini və videosunu təqdim edirik: 


Gözlədiyimiz O an gəlib və hər kəs sıraya düzülməldir. Burda boy sırası yoxdu, Vətən sırası var. Vətən sırasında isə nə varlı görünür, nə də kasıb, nə vəzifəli görünür, nə də vəzifəsiz! 


Cəbhə xəttindən ölüm xəbərləri gəlir. Bu gün ölən təkcə əsgər deyil, həm də gizirdi, mayordu, polkovnikdi, generaldı! Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. General əsgərinin önündə, əsgəriylə bir yerdə səngərdədi. Özünü əsgərdən fərqləndirmir, Azərbaycan uğrunda öz canını hər an qurban verməyə hazırdır. Generalın ölümü müharibədirmi? Müharibə necə olur ki? İtkisiz müharibə yoxdur, qələbə yoxdur. Şair necə deyirdi? "Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir!” Vətən uğrunda ölmək, itki vermək də Vətən sevgisindən doğur. Biz də Vətən sevgisindən danışırıqsa, itkilərə də hazır olmalıyıq. Bu təkcə bizim ölkəmizdə deyil, hər yerdə belədir. 


Həmişə müharibə lazımdı deyilib. İndi o məqamdı və burda sıravi azərbaycanlıdan tutmuş rəsmilərə qədər - hər kəsin üzərinə vəzifə düşür, hər kəs öz yerində olmalı, yerini bilməlidir. Ordu işini görməli, həkim xəstəsini sağaltmalı, jurnalist də xəbərini çatdırmalıdır. Doğru xəbərini! Daha Feysbuk qəhrəmanına çevrilib 92-ci ilin havasını udmaq, keçmişin xiffətini bölücü bəyanatlara köçürmək, yoxlanılmamış, yalan məlumat yaymaq, rəsmilərin fikrini təhrif edib klaviatura arxasından məsləhət vermək VƏTƏN sevgisi deyil! Belə olmaz! Vallah olmaz! 


Feysbuk yazılarıyla pusquda dayanan düşmənə fürsət vermək, cəmiyyəti çaşdırmaq vətənpərvərlik deyil, vətənə xəyanətd!. İndi göstərin Vətən sevginizi. Məhz qanında, canında həqiqi Azərbaycan sevgisi olanların əsl zamanıdır. Biz nəinki ermənilərə fürsət verməməliyik, eləcə də əsgər və zabitlərə də mane olmamalıyıq. Ordu hər bir millətin şərəf yeri, qürur mənbəyidir.  Orduya, əsgərə mənəvi güc lazımdı, onları ruhlandırmaq lazımdır, bəzilərinin çaşdırıcı, xaric vuran statusu əsgəri də ruhdan salır axı... Və yazdıqlarımızı ermənilər də oxuyur. Heç fikir verdiniz, ermənilər itkilərini necə gizlədirlər? Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev qeyd edib ki, düşmənin canlı qüvvəsi, texnikası, komanda məntəqələri vurulur və məhv edilir. Düşməndən fərqli olaraq bizim zabitlərimizin əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər”. Baxarsınız, bir azdan ölən ermənilər ya çayda boğulacaq, ya da maşınla vurulacaq. 


Erməni siyasiləri Azərbaycanın güclənməsini «Ermənistanın məhvi» hesab eləyirlər və düz fikirləşirlər.


Ermənilər Azərbaycanın beynəlxalq gücünün paxıllığını çəkir. Düz edirlər.


Qarabağa yol məndən, səndən və Ondan keçir. Və Qarabağ ona görə azad olunacaq ki, bu dəfə Azərbaycan döyüşəcək...


Bu gün ordumuz vəziyyətə tam nəzarət edir. Azərbaycan əsgəri, giziri, mayoru, polkovniki, generalı ölümüylə əks tərəfin təbliğat maşınını da sıradan çıxardı, əsgərləri kimi. 


Ona görə onlar qəhrəmandır! Bu, torpağı işğal altında olan bir xalqın arzularına gedən yoldur. Xalq onu öz arzularına doğru aparan hər bir İgidini hər zaman yaşadır, yaddaşına ömürlük həkk edir. 


Onlar ölümüylə çoxunun görə bilmədiyi qaranlığı işıqlandırdılar! Əsgərin, gizirin, mayorun, polkovnikin, generalın işıqlandırdığı yolu siz də görürsünüzmü?

 

 

Anar Yusifoğlu

RƏYLƏR