“Kloun Hafiz” – Naşı icraçı

OXUNUB: 1120 TƏHLİL

 

Hafiz Hacıyev. Cəmiyyət onu adındakı hərflər qədər üzvləri olmayan Müasir Müsavat Partiyasının sədri kimi deyil, daha çox "Balıq Hafiz” kimi tanıyır. Bəzən ona kloun da deyirlər. O, hərəkətlərilə "Balıq” ləqəbini doğrultmasa da, "kloun” adının haqqını yaxşı ödəyir. Axı ona "Kloun Hafiz” də deyirlər.

 

 

Naşı icraçı


O, Azərbaycan siyasətində praktik olaraq kloun obrazını oynasa da, bu "işi” bəzən sanki anlaqsızmış kimi görür: adam ağlına nə gəldi danışır və insanlara qurşaqdan aşağı zərbələr vurmağa cəhdlər edir. Bugünlərdə isə öz istefa mədəniyyətini ortaya qoymuş, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, keçmiş prokurorluq işçisi, ədliyyə polkovnik-leytenantı Rafael Cəbrayılovu hədəfə alıb. Rafael müəllimlə bağlı dediklərinə sonra qayıdacağıq. Lakin bu məqamda vurğulamaq lazımdır ki, Hacıyev istər R.Cəbrayılov, istərsə də digər məsələlərdə aldığı sifarişləri də düz-əməlli yerinə yetirə bilməyərək naşı icraçıya çevrilir. Rabitəsiz cümlələrlə bəzən hədəfinin nə olduğu, kim olduğu bilinməyən Hacıyev, bir sıra hallarda nəinki hədəfini normadan artıq (!) açıq nişan alır, hətta uşaq səhvləri edərək sifarişin hardan gəldiyini də göstərir, özünü deşifrə edir: İndi Cəbrayılov məsələsində olduğu kimi...

Yaxud, 2016-cı ildə keçmiş səhiyyə naziri Əli İnsanova qarşı növbəti cinayət işinin açılması Hafiz Hacıyevin narazılığına səbəb olmuşdu. O, Moderator.az saytına açıqlamasında demişdi ki,Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından olub. Hacıyev bildirib ki, Ə.İnanovun 70 yaşı var və heç bir siyasi iddiası yoxdur: "Mən də bir Qərbi azərbaycanlı kimi Əli İnsanova qarşı olanları pisləyirəm...”

Sonrakı praktika göstərdi ki, partiya sədri (yaxud mahnını sifariş verən) yumşaq desək, düzgün tərəfdə mövqe tutmayıb.

 

 

Ölkə turizminə ziyan vuran kloun


Nəinki Azərbaycan siyasətinin, ümumiyyətlə ölkənin ən qeyri-ciddi adamı kimi tanınan Hafiz Hacıyevin söylədikləri daim qeyri-ciddi qarşılanır, lağ-lağı obyektinə çevrilir.Ölkədə nə baş versə "hamınıza qan uddurajam”, "yadınızdadır da, mən demişdim”, "mən dedim elədilər” və s. kimi iddialarla məchul nöqtələr barədə ağızdolusu danışır, jurnalistlər onu ələ salır, internet izləyiciləri də ona baxıb əylənir: sanki komik bir filmə baxırmış kimi. Sadəcə bu, intellektual zarafatı olmayan bir komediyadır. Çünki adamın İQ-sü yerlə sürünür. Düzdür, bəzən zarafatla ona "Azərbaycanın Jirinovskisi” də deyirlər. Amma Jirinovskinin mövqeyini nə qədər bəyənməsək də, "Balıq Hafiz”lə müqayisə edib Rusiya Liberalları liderinin haqqını yemək olmaz: Jirinovski Hacıyevlə müqayisəolunmaz dərəcədə ciddi şəxsdir, ciddi siyasətçidir.


Hacıyev bilmir ki, mövzu qıtlığı olanda jurnalistlər ona müraciət edir. O da öz növbəsində ya müğənnilərdən, ya da Kriştiano Ronaldodan danışır. Bəzən də Bakıda şortik geyinən kişilərin ayağına "kislota” tökməyə çağırışı edərək ölkə turizminə öz "töhfə”sini verir: "Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub demək lazımdır ki, "Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən? ...Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”.

 

Ağlının kəsməsi üçün hüquqi cavabını alacaq


Bəzən də "Əxlaq polisi” daha da "irəli” gedərək ictimaiyyət nümayəndələrini təhqir edir, onları təxribata çəkmək istəyir. Yəqin Hafizin kloun, qeyri-ciddi obrazındandır ki, indiyədək kimsə onu ciddi qəbul etməyərək münaqişəyə getməyib.

Bir gün kiminsə yaxınını təhqir edir, barəsində dilə gətirilməsi mümkün olmayan ifadələr işlədir, 1 il sonra "bizim adamdır”, yaxud "bizim qohumdur” deyərək klounluğuna rəğmən insanları heyrətə gətirir.

Yuxarıda qeyd etdiyimiz kimi, bugünlərdə Hafiz Hacıyev sabiq millət vəkili Rafael Cəbrayılov barəsində danışaraq onun yaxınlarını təhqir edib. Yenə də qurşaqdan aşağı zərbə. Əlbəttə, Rafael müəllim onun layiqli cavabını verib. Bu cavabla qane olmayan Hacıyev yenə ağlına gələni danışıb. Bu çıxışı ilə Cinayət Məcəlləsinin müvafiq maddələrilə məsuliyyət daşıdığını bilməyən "Balıq Hafiz” Rafael Cəbrayılovun hüquqşünas, keçmiş prokurorluq işçisi olduğunu da nəzərə almır. Yaxud nəzərə almağa ağlı kəsmir. Yəqin ki, ağlının kəsməsi üçün hüquqi cavabını alması lazım olacaq.

Əlbəttə, cəbhəçilərin hakimiyyəti zamanı bir çoxları kimi vəzifə alan təsadüfi adamlardan biri kimi Hafiz Hacıyevi üç çağırış müddətində onminlərlə seçicinin səsini almış, uzun illər prokurorluq orqanlarında çalışmış Rafael Cəbrayılovla müqayisə etmək günah olardı. Biz isə müqayisə edib-etməməyi oxucuların ixtiyarına buraxırıq.

 

7NEWS.az

 

RƏYLƏR