MASAZIRDA "KUPÇA" QALMAQALI - "YENİ BAKI" SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

OXUNUB: 2035 HADİSƏ

Masazırda "Yeni Bakı" kompleksində yaşanan özbaşınalıqlar davam etməkdədir. Hər yolla aldadılan, vədə gözütox şəhərcik sakinləri "İlin Dörd Fəsli" MMC şirkətinin yalanları və fırıldaq əməllərinə dözməyə məcbur qalır. 


Sakinlər öz mənzillərinə çıxarış ala bilmir və şirkət tərəfindən süni maneələrlə rastlaşırlar. "Kupça” alan vətəndaşlar isə məcburi şəkildə qanunsuz ödənişlər edənlərdir. Məhz şirkət və onun rəhbərliyi bəzi vətəndaşların məlumatsızlığından sui-istifadə edərək onların "cibinə girməyə” davam edir. 


Vətəndaşlara qarşı qanunsuz əməllər və neqativ hallar bitmək bilmir. Belə ki, şəhərcik sakinlərindən qanunsuz şəkildə "təmizlik" arayışı tələb olunur və dövlət rüsumu olmadığı halda əlavə ödənişlər istənilir. Bu ödənişlər isə otaq sayına görə dəyişir. Bütün bu özbaşınalıqları isə kimsədən qorxmayan, öz "qanun"larını dövlətin qanunvericiliyindən və prezidentin fərmanından üstün tutan "İlin Dörd Fəsli" şirkəti yerinə yetirir.

 

Beləliklə, Prezident fərmanına məhəl qoymayan "İlin Dörd Fəsli" MMC şirkəti və onun rəhbərliyi insanların kütləvi etirazına səbəb yaradacaq hərəkətlərə yol verir. Şəhərciyin çarəsiz sakinləri ümidlərini dövlət başçısına bağlayıblar. Məhz bu səbəbdən onlar Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıblar./demokrat

 

Müaciətdə deyilir:

 

 

"Yeni Bakı” sakinləri tərəfindən,

Ölkə başçısı İlham Əliyev cənablarına 


A Ç I Q M Ü R A C İ Ə T

 

Hörmətli, cənab Prezident!


Sizin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanınız, uzun müddətdir tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda yaşayan vətəndaşlar üçün olduqca humanist bir addım oldu. Sərəncamdan irəli gələn məsələləri həll etmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi altında komissiya yaradıldı, müvafiq dövlət qurumları və MTK rəhbərləri ilə görüşlər keçirildi, məsələnin ən qısa zamanda həll olunması tapşırığı verildi.


Cənab Prezident! 
Bütün bu humanist addımınıza baxmayaraq, "İlin Dörd Fəsli" MMC tərəfindən inşa edilmiş və hazırda yaşadığımız Abşeron rayonu Masazır qəsəbəsindəki 3200 mənzillik "Yeni Bakı" yaşayış kompleksində şirkət rəhbərliyi tərəfindən müxtəlif əngəllərlə qarşılaşmışıq. Belə ki, mənzillərə heç bir borcumuz olmadığı halda Sizin Fərmanınızda nəzərdə tutulmuş tapşırıq və öhdəlikləri "İlin Dörd Fesli” MMC-nin direktoru Elnur Hüseynov qəbul etmir, mənzillərimizə çıxarış alınması üçün Əmlak Komitəsinin tələb etdiyi sənədləri vermir. Sənədlərin sakinlərə verilməsindən ötrü bir otaqlı mənzillər üçün 150 manat, 2 otaqlı mənzil üçün 250 manat və 3 otaqlı mənzil üçün 500 manat qanunsuz ödəniş, eləcə də şirkətin komendantlığı tərəfindən sakinlərə məcburi şəkildə satılan "təmizlik arayışı" tələb edir və yalnız bundan sonra lazımi sənədləri - mənzilin eskiz layihəsi, maliyyə arayışı və MTK üzvlərinin iclas protokolundan çıxarışı verəcəyini bildirir. Əks halda sakinləri çıxarışsız qalacaqları ilə təhdid və şantaj edir!


Cənab prezident! 


Buradan sosial media vasitəsilə şəhərciyin 10 000 (on min) sakini adından Sizə problemimizi çatdırır və xahiş edirik ki, belə dələduzların Sizin humanist Fərmanınıza kölgə salmasına imkan verməyəsiniz.


RƏYLƏR