Media islahatlarından "Azərbaycan" nəşriyyatına pay düşəcəkmi? - "Üfunət iyi... Bərbad vəziyyət..."

OXUNUB: 864 GÜNDƏM SOSİAL HADİSƏ
Ölkənin ən iri mətbəə-nəşriyyat kompleksi olan "Azərbaycan” Nəşriyyatı yarıtmaz idarəetmə üzündən bərbad vəziyyətə düşüb. 

Müstəqillik illərinə qədər "Kommunist” Nəşriyyatı adını daşıyan "Azərbaycan” Nəşriyyatı 1974-cü ildən fəaliyyət göstərir. Artıq 47 il keçib. Amma "Azərbaycan” Nəşriyyatı sanki 70-ci illərdə qalıb. Bina müstəqillikdən bu yana əsaslı təmir olunmayıb. Bu barədə mətbuatda da dəfələrlə yazılıb. Amma nə binanın liftləri və üfunət iyi verən tualetləri təmir olunub, nə də sınıq-salxaq pəncərə və qapıları dəyişdirilib. Yeri gəlmişkən, bir neçə il əvvəl mediada nəşriyyatın tualetləri barədə yazı dərc olunmuşdu. Həmin yazıda qeyd olunurdu ki, "Azərbaycan” Nəşriyyatının "VİP şəxsləri” ofisləri yerləşən mərtəbələrdə tualetləri özününküləşdirib. Bu yazıdan sonra belə nəşriyyatın rəhbərliyi hər hansı tədbir görmədi.

2012-ci ildə isə məlumat yayılmışdı ki, "Azərbaycan” Nəşriyyatı əsaslı təmir olunacaq. Hətta burada yerləşən dövlət nəşrlərinin köçürülməsi gündəmə gəlmişdi. Söhbət "Bakinskiy Raboçi” və "Azərbaycan” qəzetlərindən gedir. O zaman "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov məsələyə belə münasibət bildirmişdi: "Gerçəklik odur ki, bu nəşriyyat dağılıb. Üfunət iyi verir. Ona görə də buranın əsaslə təmirinə ciddi ehtiyacı var”. 

Artıq 9 il keçib. "Azərbaycan” Nəşriyyatında isə vəziyyət dəyişməyib.

Nəşriyyat həm də ölkə mediasnının nüfuzuna ciddi zərbə vurur. Buranın "reket jurnalistkası”nın məskəninə çevrilməsi ciddi media qurumlarının nəşriyyatdan uzaq düşməsinə səbəb olub. Özünə hörmət edən media quruluşları "Azərbaycan” Nəşriyyatının indiki vəziyyətində orada ofis götürmək istəmir.

Hazırda media sahəsində dəyişikliklərə start verilib. Atılan addımlardan görünür ki, bu dəyişikliklərdə medianın nüfuzunun qaldırılması prioritet məsələdir. Bu halda "Azərbaycan” Nəşriyyatına da diqqət yetirilməsi zərurətə çevrilir.  

Mövzu barədə Qaynarinfo-ya danışan media üzrə ekspert Ələsgər Məmmədli bildirdi ki, "Azərbaycan” Nəşriyyatı son 15 ildə çox ciddi şəkildə hansısa məmurların kommersiya maraqlarına xidmət edən bir yerə çevrilib:

"Nəşriyyata həm dövlət büdcəsindən vəsaitlər daxil olur (binanın saxlanması və işçilərə əmək haqqı verilməsi məqsədilə), həm də məmur müdaxiləsi nəticəsində müxtəlif biznes qurumlarına, xidmət sektoruna və adı olub özü olmayan, "reket” fəaliyyətlə məşğul olanlara icarəyə verilir. Bu baxımdan "Azərbaycan” Nəşriyyatının nəşriyyat kimi mövcudluğu sual altındadır. 

Dövlətin investisiya qoyduğu nəşriyyat heç zaman birbaşa məqsədinə xidmət etməyib. Səhv etmirəmsə, Əli Həsənov oranın bəzi hissələrini özəlləşdirmişdi və dövlət qurumlarına, QHT-lərə icarəyə verilirdi. KİVDF də vaxtilə orada yerləşib. Yəni, əslində "Azərbaycan” Nəşriyyatı media sektorunu kurasiya edənlərin şəxsi maraqlarına xidmət edib. Ona görə də nəşriyyatın Azərbaycan mediasına faydası faizlə ölçülsə, heç 1 faizə çatmaz”.

Ekspertin fikrincə, "Azərbaycan” Nəşriyyatı bir an öncə özəlləşdirilməlidir: 

"Nəşriyyat özəlləşdirilməli, müasir standartlara cavab verən qaydada təmir olunmalı, müasir texnologiyalarla təmin olunmalı və gerçək media qurumlarına əlçatan xidmət göstərməlidir”. 

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa da hesab edir ki, "Azərbaycan” Nəşriyyatı təyinatı üzrə fəaliyyət göstərmir: 

"Azərbaycan” Nəşriyyatı dövlət büdcəsindən gələn vəsaitlərin "camaşırxanasına” çevrilib. Hər dəfə məlumat yayılır ki, bina əsaslı şəkildə təmir olunacaq. Şübhəsiz ki, bu məlumatlar əsassız deyil və araşdırma aparılacağı təqdirdə üzə çıxacaq ki, təmir işləri üçün külli miqdarda vəsait ayrılıb. Amma "Azərbaycan” Nəşriyyatı yenə də üfunət iyi verirsə, deməli, həmin vəsaitlər qaranlıq məqsədlərə xərclənib”.

Şəmşad Ağa həmçinin bildirdi ki, son illər "Azərbaycan” Nəşriyyatı bəzi məmurların, xüsusilə, Prezidentin keçmiş köməkçisi Əli Həsənovla keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun korporativ maraqlarını qoruyan "reket media”nın məskəni kimi tanınıb:

"Nəşriyyatda müstəqil media orqanları da fəaliyyət göztərib. Amma zaman-zaman həmin media qurumları sıxışdırılıb və nəticədə nəşriyyatdan uzaqlaşdırılıb. Əvəzində "reket media”ya meydan verilib ki, onlar da əsasən Əli Həsənovla Eldar Mahmudovun maraqlarına xidmət edib”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli də "Azərbaycan” Nəşriyyatının bərbad vəziyyətdə olduğunu dedi: 

"Bir-iki dəfə getmişəm o binaya. Çox bərbad vəziyyətdədir. Əsaslı təmirə ehtiyacı var”.

Qulu Məhərrəmli həmçinin qeyd etdi ki, "Azərbaycan” Nəşriyyatının hazırda mediaya aidiyyatı yoxdur: 

"Bina müxtəlif qurumlara icarəyə verilib. Bunun mediaya aidiyyatı yoxdur. Bu adi təsərrüfat məsələsidir”.


RƏYLƏR