Məktəb direktorundan yeniyetmə qıza psixoloji təzyiq – Valideyndən nazirə müraciət

OXUNUB: 647 GÜNDƏM HADİSƏ
Son illərdə məktəblərlə bağlı şikayətlərin ardı-arası kəsilmir. İllərdir məktəblərdə müxtəlif bəhanələrlə pul yığmaq ənənəsi təəssüf ki, məzmun etibarilə şəkil dəyişdirsə də, mahiyyəti  eyni olaraq qalır. Bundan əvvəl məktəblərdə süpürgə, salyarka, təmir, jurnal pulu yığılırdısa, indi yardım adı altında yığılır. Yığılan bu yardım pullarının isə həqiqətən ünvana çatıb-çatmadığı isə sual altındadır.
Niyə özəl məktəblərdən bu qədər şikayət yoxdur? Amma dövlət məktəblərində valideyn- müəllim, müəllim-şagird münasibətlərində dəhşətli bir uçurum yaranıb. Pul söhbətləri, "hörmət” mövzuları dövlət məktəblərinin olmazsa olmazıdır. Bu vəziyyət isə ən çox yeniyetmələrə psixloji olaraq təsir edir. Məktəblərdə rəhbərlik və müəllim tərəfindən yaradılan süni təbəqələşmə cəmiyyəti xaosa sürükləyir. Təəssüf ki, orta məktəblərdə şagirdlərin psixoloji vəziyyəti müəllimlərin bir o qədər də maraq dairəsində deyil.  Jurnalist Almaz Məmmədovanın da övladı, təhsil aldığı Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbdə  psixoloji təzyiqə məruz qalıb.


Voicepress.az-a danışan Almaz Məmmədova deyir ki, əvvəlcə sinif rəhbərindən valideynlərin votsap qrupuna şəhid ailələrinə yardım məqsədilə ərzaq toplamaq lazım olduğuna dair səsli mesaj gəlib. Səhəri gün isə şagirdlərdən 5 manat məbləğində pul tələb olunub. Əvvəla qeyd edək ki, şəhid ailələrinə dövlətin diqqət və qayğısı yüksək səviyyədədir və bu məktəb rəhbərliyinin yersiz təşəbbüsüdür. Şəhidə vəfa borcu, ailəsinə hörmət, səhərdən axşama kimi 3-5 qəpiyə ayaq döyən ailələrin övladlarından qoparılan 5 manatla ölçülmür. Axı sən məktəb direktorusan, Qızıl Aypara Cəmiyyəti deyilsən. Almaz xanımın da dediyi kimi, "Şəhid ailələri baş tacıdır, amma onların xəbəri varmı ki, sovqat aparılacaq deyə neçə məktəblini pisikdirirlər?!”

Almaz Məmmədova qızının oxuduğu sözügedən məktəbdə müəllim və direktor tərəfindən psixoloji təzyiqə məruz qaldığını iddia edir:

"Həmişəki kimi pul yığmaq üçün votsapta yaradılmış "fəal valideynlər” qrupundan 10 c sinif rəhbəri Vaqif "müəllim”dən səs bildirişi gəldi. Səs yazısı:

"Məktəb rəhbərliyi, rayon icra hakimiyyəti, şəhid ailələrini bayram münasibətilə təbrik etmək üçün müəyyən işlər görür. Bizim də sinifə bir "karobka” düzəltməliyik. Belə deyək də, kimin evdə nəyindən varsa. Şəkərburadır, paxlavadır, qənd, çaydır. İki valideyn birləşib bir toyuq ala bilər, nə bilim günəbaxan yağı…  Bu adamlar bizim qanımız canımız uğrunda vətənin, torpağın uğrunda qurban gediblər. Bunlara heç olmasa mənəvi dayaq durmaq bizim hər birimizin vətəndaşlıq borcudur. Mən çox xahiş edirəm, səhər uşaqlara da demişik gələndə kimin nəyə gücü çatırsa bir "karobka”düzəldək bizim sinifin adından bir şəhid ailəsinə göndərək”

"Karobka”nı da düzəltmək üçün pul yığılmağa başlandı. Təfərrüatı danışmayacam, quruma maraqlı gəlsə (mütləq ki, gəlməlidir) əlaqə saxlasınlar çatdırım.

Bunları danışmağa məni vadar edən əsas səbəb, müəllim adına layiq olmayan iki şəxsin valideynin heyfini məktəbli qızdan çıxmaq, yeniyetmə qızı ilə haqq-hesab çürütmək qərarına gəlməsidir. Belə ki, qızımı dərs əsnasında sinifdən çıxaran Vaqif müəllim direktorun otağına apararaq Dadaş müəllimlə başlayırlar uşağa psixoloji "təcavüz” etməyə. Ay nə bilim biz zorla yığmırıq, ay nə bilim biz heç vaxt pul yığmırıq və verilən 5 manatı (bu pulu qızımın sinif yoldaşı verib ki, "müəllim” səni danlamasın çünki əvvəl də belə bir hadisə yaşanıb) geri qaytarıb və ayıb olsun kəlməsini də əsirgəməyiblər. Təsəvvür edin, iki kişi "müəllim” və məktəbli qız. "Ana pərt oldum” deməyi nə deməkdir axı?! Görün məktəb nələrin təməlini qoymağa xidmət edir…”

Məktəblərdə bu cür halların baş verməsində Təhsil nazirinin laqeyidliyinin mühüm rol oynadığını diqqətə çatdıran Almaz Məmmədova baş verən təzyiqin qızında ciddi travma yaratdığını deyir:

"Əlbəttə ki, nazir ki, çıxıb canlı yayımda pulun yığılmasını könüllü prinsiplər əsasında aparılmasını təşfiq, təbliğ edirsə, bu cür "təcavüz”lər çox olacaq…

Məktəbliyə psixoloji "təcavüz” edən bu tip "müəllim” adına yaraşmayan şəxslər cəzalanmalıdır! Bir neçə gündür ki, bu travmanı mən və qızım yaşayırıq…”

Ümid edirik ki, Təhsil Nazirliyi məsələnin ciddiyyətini nəzərə alıb həssaslıq göstərəcək.voicepress.az

RƏYLƏR