"Məlum qüvvələr boykotu da urvatsız ediblər" - Deputatdan SENSASİON YAZI

OXUNUB: 490 SİYASƏT
Yəqin sizlərin də qarşısına belələri çıxıb: Haradasa çıxış edirlər, çıxışın lap əvvəlində "quş”layırlar və ondan sonra bütün çıxışın mahiyyəti qalır bir kənarda, baş qarışır həmin "quş”u malalamağa.

Hazırda boykot təşəbbüskarlarının da durumu təxminən eyni cürdür. Qərarı veriblər, "quşladıqlarının” fərqindədirlər və bu səbəbdən ətraflarında nə "stajlı” qaragüruhçu var, hamısını salıblar feysbukun canına. Ki, söhbəti malalasınlar. Ona görə biri üz çəkir, digəri astar.

Öz aləmlərində nəyisə sübut eləməyə çalışırlar. Amma niyə və kimə? Bax orası məlum deyil. Seçkidə iştirak etməməklərini elə fərəhlə qabardırlar, tirajlayırlar, təqdim edirlər, kənardan baxan elə zənn edər ki, bu vaxta qədər 9 seçki udublar, sadəcə 10-cuya getməyə həvəsləri yoxdur.

Namizədlər MSK-ya müraciət edir, boykotçular isə ölkədən kənarda – hamıya!  Çün, zehniyyət dəyişməyib. Ən azından 3 xarici səfirin "xeyir-dua”sını almadan seçkiyə getməyin mümkünlüyünə şübhə ilə yanaşanlar Soros və FETÖ-nün əlaltıları da ifşa olununca tamam başlarını itiriblər. Koordinasiya pozulub.

Zəng gözləyirdi bunlar. Əlləri qulaqlarında, qulaqlarsa uzaqlarda. "Vur”, "başla” əmri gözləyirdi bunlar. Qubadın Pensilvaniya və İstanbuldakı "boss”larından, Türkel Kərimlinin Londondakı bank hesabına ianə adı ilə pul yatırdan "işbaz”lardan, Qənimətin, Cəmilin Strasburqdakı "sabutilnik”lərindən, Tural Sadıqlının turistik səyahətlərini təşkil edənlərdən. Amma nə zəng gəldi, nə əmr. Demək ki, artıq uzaqlarda qərarlaşan anti-Azərbaycan qüvvələri də bunların bir işə yarımadıqlarını, yaramayacaqlarını anlayırlar və zamanında MAYA qoyduqlarını bu dəfə MALA ilə baş-başa qoyurlar. Kartları dəyişirlər. İstifadə olunmuşları təkrar emala yönəltmirlər. Yeni "kadr” axtarışına çıxırlar.

Məsələn, ələlxüsus da son günlər yaman reklam etdikləri keçmiş "ReAl”çının timsalında...

Boykot iş deyil, əlbət. Amma belə baxanda guya çarələri nə idi ki? "Kserokopiya” çıxarmağa göndərmək üçün adam tapılmayan, hərflərinin sayı üzvlərinin sayından çox olan partiya 40 min imzanı necə toplayacaqdı ki? Təbii, heç cür.

Sadəcə məlum qüvvələr boykotu da urvatsız ediblər, təxribat üçün vasitəyə çeviriblər, siyasətin iyrənc və rəzil aləti halına gətiriblər. Məsələ budur.

***

Yadıma gəlir, uşaq vaxtı kimsə yalandan and verəndə, söz verəndə, barmağında gizlin "krest” tutardu. Mahiyyət də bu idi ki, guya belə edəndə nə günah qazanırsan, nə də qınaq.

Bax bizim boykotçular müasir siyasətimizin həmin "krest” tutanlarıdır.

Özlərini nəyəsə inandırmağa çalışırlar.

Amma fərqində deyillər ki, həyat da, zaman da yanlarından ötüb keçir...

***

Hərdən bilirsinizmi nə düşünürəm? Deyirəm adamın 2-3 nəfər AXCP-dəki kimi müavini ola. Oturub arada söhbət edəsən, məzələnəsən, kef açasan. Məsələn, Nurəddin Məmmədliyə deyəsən ki, mən Çörçilin bacanağıyam, o da gedib hər yerdə danışa. Fuad Qəhrəmanlı ilə nərd oynayasan + daşlardan ikisini aradan çırpışdırıb 15 əvəzinə 13 daşla kəm oynayasan və udasan, xəbəri olmaya. Seymur Həziyə "WhatsApp” (internet) üzərindən zəng edib deyəsən ki, internetimi kəsiblər, səs-küy qaldır, o da bu haqda status yazıb özünü biabır eləyə və s ilaxır.

P.S. Uğursuz, savadsız, təcrübəsiz deyirik. Amma bəlkə də çox xoşbəxt adamlardır bunlar...

Nə qədər bədbəxt olduqlarını bilmədikləri üçün...
 
 
Dollardan imtinanın bədəli: 44 şəhid!” – Elşən Musayev İstanbuldan yazır...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR