Milyarder məmurlar nəzarətə götürülüb: inanılmaz detallar üzə çıxır – SENSASİON gəlişmə

OXUNUB: 227 TƏHLİL
Məmur burjuaziyası və özbaşınalığı çökdürülür. Baş verən proseslər bundan xəbər verir. Milyardlar yığmış, böyük biznes şəbəkəsi qurmuş, ölkədə və xaricdə mal-mülk almış, banklara böyük vəsait yatırmış, ən əsas da özünü qanunların fövqündə görməyə alışmış məmurların barəsində ciddi ölçü götürülür.  

Prezident İlham Əliyevin yerli TV-lərə verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər son aylarda Azərbaycanda yarıtmaz məmurlarla bağlı sürətləndirilən prosesin davam edəcəyini, daha ciddi addımların atılacağını deməyə əsas verir.

Sitat:

"Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksək vəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq”.


Prezident İlham Əliyev bu məsələdə güzəştsiz və qərarlı görünür. Artıq neçə ildir, bu istiqamətdə ciddi iş aparılır. Vəzifənin verdiyi səlahiyyət xeyli sayda məmuru yanlışa sürüklədi. Hüdudsuz səlahiyyət, həddən artıq varlanmaq çoxlarında padşahlıq həvəsi yaratdı. Bu da bir yana, iş o yerə çatdı ki, dövlətin təhlükəsizliyini təhdid edən addımlara getdilər. Bu isə xəyanətdir! Dövlətə, xalqa və Prezidentə xəyanət! Bu yolu tutanlara qanunun sərt üzü ilə cavab verildiyi isə kimsəyə sirr deyil.

Son iki aydır cəmiyyət Vasif Talıbovun aqibətinə şahidlik edir. Bu qədər xidməti olmuş, İlham Əliyevin ən yaxınında qərarlaşmış Talıbov etdiyi xəyanətin bədələni ağır ödəyir. 30 illik karyerasını, siyasi tərcümeyi-halını, xidmətlərini qara qəpiklik etdilər. Ona qarşı bu rəftarın tək səbəbi yol verdiyi xəyanət ola bilər. Yoxsa adamı niyə bu qədər hörmətsiz yola salsınlar ki…

Tendensiyanın qarşısını almaq üçün dövlətin növbəti bir prosesə start verdiyi deyilir. Globalinfo.az-ın əldə etdiyi məlumata görə, sabiq və indiki nazirlərin, yüksək vəzifə tutmuş, oliqarxlaşmış şəxslərin mal varlığı ilə bağlı geniş araşdırma aparılır.

İllərlə büdcəni talayıb, xalqı soyub, dövləti aldadıb milyardlar yığan, ölkədə, eləcə də xaricdə biznes şəbəkəsi yaradan bu məmurların hər şeyləri yenidən araşdırılır. Nəzarətlərində bu qədər kapital olan adamlar indi açıq təhdid hesab olunurlar. Bir az xətirlərinə dəyən kimi dövlət və hakimiyyət əleyhinə işlərə müəlliflik etməkdən çəkinmirlər.

Necə ki, bunun bariz nümunələri ortadadır. "Naxçıvan işi”, "Tərtər işi”, orduda baş verən və hələ çox ictimailəşməyən bəzi məsələlər bu qəbildəndir. Bu adamlar o qədər harınlayıblar ki, dövlət başçısına yanlış məlumatlar verib, istədikləri qərarları qəbul ediblər. Nə yaxşı, gec də olsa ədalət yerini tapdı. Bir il öncə "Tərtər işi”ni Prezident nəzarətə götürdü. Ortaya təkcə həqiqət çıxmadı – cinayət, yalan, qanunsuzluq, allahsızlıq, qəddarlıq çıxdı. Məlum oldu ki, yüzlərlə günahsız insana olmazın işgəncələri verilib. İndi bu cinayətlərə yol vermiş generalların boyunları dövlətin güclü qolları arasındadır. Növbə onlara da çatıb. Yəqin, bir azdan xəyanətə bərabər əməllərin necə baş verdiyi haqda daha detallı məlumatlar öyrənə biləcəyik. Belə hərəkətlərə yol verənlərin isə ağır cəzalandırılacağı şübhəsizdir. Zatən bunun anonsunu Milli Məclisdə deputatlar verdilər. Zahid Orucun məlum çıxışını xatırlamaq yerinə düşər…


Revanşa hazırlaşanlar da var. Fəqət cılız mahiyyətləri ilə bunu bacaracaqları mümkünsüz görünür. Uzaqbaşı, xaricdəki söyüş müxalifətinə, ölkəyə qarşı dönüklük edənlərə tezis ötürəcəklər. Sonra?

Sonrasının olmaması üçün də bunları boş buraxmaq olmaz. Dövlət bu talançı və oğru şəbəkəni tam araşdırıb, maddi imkanlarını əhəmiyyətli şəkildə azaltmaq qərarı verib.

Burada məqsəd kiminsə özəl mülkünü yağmalamaqdan getmir. Mülkiyyət hüququnun pozulması da mövzu deyil. Strateji hədəf dövlətə dəymiş ziyanın miqyasının bilinməsi, xalqdan, dövlətdən oğurlanmış milyardların harada olması, hansı məqsədlərə xərclənməsidir.

Vasif Talıbovun vəzifəsindən, nəzarətindəki kapitaldan sui-istifadə edərək dövləti çətin duruma salması, Azərbaycanın imicini beynəlxalq miqyasda az qalsın zədələməsi (söhbət onun PKK və SEPAH-la əlaqələrində gedir) ciddi nəticələr doğurub. Məhz belə bir vəziyyətin təkrarlanmaması üçün lazımlı addımlar atılır.

Sirr deyil ki, Vasif Talıbovun və klanının cəzalandırılması, özünün vəzifədən çıxarılması cəmiyyətdə iqtidara qarşı simpatiyanı daha da artırdı. Bu cür məmurların "vurulması” xalqda dövlətə inam, hökumətə rəğbət yaradır. Vasif Talıbov və çevrəsi ilə bağlı baş verənlər sosial şəbəkələrdə necə müsbət qarşılanır, bunu hər birimiz görürük.

İş bununla da bitməyəcək. Kimlərinsə oğurladığı pulları aşkarlamaq işin bir tərəfidir. Əsas məsələ idarəetmədə ciddi dəyişikliyin olmasıdır. Bu baş verməyincə talançılığın, yalançılığın qarşısını almaq çətindir. Artıq Azərbaycanda yeni idarəetmə sisteminə keçiləcəyi qaçılmazdır. Bu haqda Prezident İlham Əliyev TV-lərə müsahibəsində deyib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki idarəetmə metodları digər bölgələrə də tətbiq ediləcək. Bu isə icra hakimiyyəti strukturunun ləğv olunacağı qənaəti yaradır.


Prezident xalqla arasında heç bir maneənin olmaması üçün təsirli tədbirlər görür. Milləti dövlətdən, hətta taleyindən küsdürən məmurlar işdən çıxarılır. Onların yerinə gətirilənlərin də içində sələflərinin yolunu gedənlər oldu. Ona görə də İlham Əliyev şəxsləri deyil, sistemi dəyişmək qərarına gəlib.

Sistem sağlamlaşdırıldıqdan sonra, zatən, orada köhnə düşüncəli, oğru məmurların təmsilçiliyi mümkün olmayacaq. Prezident Əliyev Qarabağı erməni işğalından azad edib. Vətənin düşmən tərəfindən yağmalanmış, talan edilmiş, yaralanmış hissəsini abadlaşdırır, o ərazilərə həyatı və xalqı qaytarır.

Növbə Azərbaycanın məmur işğalına məruz qalmış hissəsinə çatıb. Prezident buranı da Təpəgöz xislətli məmurlardan təmizləyib, Azərbaycanı növbəti mərhələyə daşımağı hədəfləyib. Bizi daha böyük işlər, daha məsuliyyətli günlər gözləyir.

İlham Əliyev Qərbi Azərbaycan və nəhayət, Bütöv Azərbaycan xəyalını gerçəkləşdirmək üçün yola çıxıb. Bu yolda onunla yürüyə biləcək silahdaşları indidən seçir. Necə ki, Vətən müharibəsində bunu etmişdi. Tarix təkrarlanır, taleyimiz yenidən yazılır./Globalinfo.az

RƏYLƏR