Moskvanın Xankəndidəki “gizli adamı” bilindi

OXUNUB: 475 SİYASƏT
Nersisyanın "vəzifədə” olduğu müddətdə verdiyi açıqlamaların təhlili onu göstərir ki, o, danışıqlarda konstruktiv mövqe tutmağa meyilli deyil

"Rusiya tərəfi bu məmura etibar edir və ona yaxınlaşmağa imkan verməyən soyuq və sərt xarakterini nəzərə alaraq heç bir gizli informasiya sızmasının olmayacağından əmindir.” "İravunk” qəzeti Qarabağ və Moskvadakı özəl mənbələrinə istinadla yazır ki, bu şəxs separatçı-terrorçu rejimin qondarma "dövlət naziri” Qurgen Nersisyandır.

"Eyni mənbənin sözlərinə görə, Rusiya tərəfi Qurgen Nersisyana etibar edir və ona yaxınlaşmağa imkan verməyən soyuq və sərt xarakterini nəzərə alaraq heç bir gizli informasiya sızmasının olmayacağından əmindir”- deyə erməni nəşri yazır.

Məlumat üçün deyək ki, Nersisyan 1985-ci ildə Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alıb. 2021-ci ildən separatçı rejimdə "baş prokuror” işləyib. Nersisyan 2023-cü il martın 1-dən Putinin milyarder "desantı” Ruben Vardanyanın yerinə qondarma "dövlət” naziri vəzifəsinə təyin edilib. Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilirdi. Hələ Nersisyan "təyinat” alanda belə iddialar vardı ki, Rusiya ondan istifadə edərək Azərbaycana qarşı yararlanmağa çalışa bilər. Ancaq Nersisyanın siyasi bağları məsələnin rəngini qarışdırırdı. Çünki iddia olunurdu ki, o, Corc Sorosun şəbəkəsi ilə təmasdadır. Bu isə onun Qərb dairələrinə daha yaxın ola biləcəyi versiyasını ortaya çıxarmışdı. Erməni nəşr "Past” yazırdı ki, tezliklə Nersisyanın ətrafında "koalisiya” yaradılacaq və separatçı rejimə "rəhbərlik” edəcək. Nersisyanın "vəzifədə” olduğu müddətdə verdiyi açıqlamaların təhlili onu göstərir ki, o danışıqlarda konstruktiv mövqe tutmağa meylli deyil. Nersisyan iddia edir ki, "görüş naminə görüş” keçirmək fikirləri yoxdur. Nersisyan "Qarabağ probleminin həlli üçün istənilən danışıqlara hazır olduqlarını” da vurğulayıb və  guya özlərinin konstruktiv  göstərməyə çalışıb. Buna baxmayaraq, danışıqlarda "balansın saxlanılması, beynəlxalq status alması və nəticənin olması üçün” üçüncü tərəf və tərəflərin iştirakından da bəhs edir.

Qeyd edək ki, Qarabağdakı separatçılar Azərbaycan Milli Məclisinin deputatının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşləri "Bakı ilə danışıqlar” statusuna qaldırmaq və özlərini tərəf kimi göstərmək istəyirlər və bu istiqamətdə də təbliğat aparırdılar. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə səslənib. Prezident deyib: "Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. ”Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə" deyib. Dövlətimizin başçısı onlar üçün qalan yeganə yolu da açıqlayıb. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və "parlament”i buraxmaqdır."

Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq
Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev erməni tərəfin heç nəyə nail olmayacağına əmindir. O bildirdi ki, Nersisyanın qəfil ortalığa çıxması əslində blefdən savayı bir şey deyil: "Proseslərin gedişatından da açıq-aydın sezilir ki, bu adam sadəcə, siyasi oyunbazdır. Ya da sualı ritorik qoyaq: Vardanyanın yenə pulu, milyardları vardır deyə müəyyən qüvvələr onu təlxək kimi ortalığa atmışdılar. Yaxşı bəs bu bədbəxt, səriştəsiz  Nersisyanın nəyi var? Heç nəyi! Və bu məqamda növbəti sual meydana çıxır: O zaman məlum yerdəyişmə xəbərlərinin, qəfil media sızmalarının səbəbi, məramı nədir? Səbəb və məram odur ki, Paşinyan bir az daha manevr etmək imkanı - söhbət zaman manevrindən gedir - qazansın, fikir baş nazirin üzərindən müvəqqəti də olsa yayınsın və yeni müzakirələrə yol açılsın. Yəni, mənasız, səbatsız, dəxilsiz oyun oynayırlar. Üstəlik, çox da istedadsız formada.

Nersisyan "Rusiya kartları”ndan biri ola bilərmi? İnanmıram. Çünki beləsinə heç zaman "yaşıl işıq” yandırılmaz. Amma lap tutaq yandırıldı. Neyləyəcək? Nəsə eləməyə hünəri və cürəti çatarmı? Təbii ki, yox. Hazırda bölgədə şərtləri Azərbaycan diktə edir və Nersisyan kimi ünsürlər, terrorçular, ağzından süd iyi gələn uşaq-muşaqlar bölgədə nəyisə dəyişə, qarışdıra, poza bilməzlər. Əminik ki, tezliklə sülh müqaviləsi imzalanacaq. Sülh qaçılmazdır. Sülh mütləqdir! Və həmin sülh olduqdan sonra qondarma rejimin Nersisyan kimi qondarma nazirləri də, oyunbazları da artıq gedib öz nağıllarını başqa yerlərdə danışacaqlar".  

Əhəd Məmmədli:
Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu məsələnin tam şəkildə kökündən həllini çox vacib sayır: "Moskva öz çirkin əməllərindən əl çəkmir. 1988-ci ildə olduğu kimi, yenə də ”Qarabağ kartı"ndan bizə qarşı istifadə etmək istəyir. Bu dəfə daha güclü Bakı buna qətiyyən imkan verməməlidir. Və hələ də Qarabağda məskən salan ilan yuvası yenə baş qaldırmamış yerindəcə məhv edilməlidir. Əks halda ruslar erməni ilanlarını yenidən bəsləyib üstümüzə qaldıracaqlar. Ermənilər vaxt udub özlərinə gəlmək istəyirlər. Biz buna qətiyyən imkan verməməliyik. Rusiya, İran, Hindistan, Fransa və ABŞ tərəfindən dəstəklənən, silahlanan Ermənistan revanş xülyalarından əl çəkməyib. 10 min silahlını bu gün məhv, və ya tərksilah etməsək sabah 30 min, biri gün isə 50 min təpədən dırnağa qədər silahlanmış olacaqlar. Bu da bizim üçün yeni şəhidlər, qazilər, sivillər arasında qurbanlar, itkilər deməkdir. Dünən Vardanyan, bu gün Nersisyan, sabah nə bilim nə yan fərq etməz, biz bu problemi tam həll etməyənə qədər rus hansısa yan terrorçunu qabağımıza çıxaracaq. Ona görə də məsələni kökündən həll etmək gərəkdir".

 
Asif Nərimanlı:
Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Qarabağda güc balansının tam şəkildə Azərbaycan tərəfə dəyişdiyini bildirdi: "Xankəndində separatçı rejimin qondarma ”dövlət naziri" postu Rusiya üçün rejimə təsir platformasına çevrilib. Bunun əsas səbəbi bu post altında separatçıların birdən çox qondarma "nazirlikləri”nin toplanmasıdır. "Postun” gücləndirilməsi 44 günlük müharibədən sonra olub, artıq Rusiya sülhməramlıları bölgədə idi və sonrakı proseslərə istinad etsək deyə bilərik ki, gücləndirilmiş formada qondarma "dövlət naziri” vəzifəsinin yaradılması Moskvanın planı olub və özünə bağlı adamları bura yerləşdirməklə təsir rıçaqlarını əlində saxlayır. Ruben Vardanyan Rusiya üçün ən yaxşı seçim idi, lakin Bakı bunun qarşısını aldı. Nersisyanın Paşinyan hakimiyyətinə, yaxud Sorosa bağlı olduğu haqda fikirlər səsləndirilsə də, Vardanyanın boşalan yerinə onun gətirilməsi rusların razılığı olmadan mümkünsüz görünürdü. Hazırda bu postun ələ keçirilməsi uğrunda mübarizə gedir, Ermənistan hakimiyyəti Samvel Babayan üzərindən bu postu ələ keçirmək niyyətindədir, Rusiya imkan vermir. Çünki Moskva reinteqrasiyaya qarşıdır və qondarma "dövlət naziri” postu bu prosesdə istifadə etdiyi rıçaqlardan biridir. Lakin Qarabağda güc balansı böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişib, bu həm hərbi, həm də diplomatik müstəvidə belədir. Separatçılar nə qədər dirəniş göstərsələr də, çıxış yolları getdikcə tükənir. Onlar ya Bakıya təslim olmalıdırlar, ya da ən yaxşı halda bölgəni tərk etmək imkanı verilə bilər. Bu kontekstdə separatçı rejim daxilində "vəzifə” uğrunda mübarizə Bakıya sərf edir, çünki bununla qan itirir və erməni əhalisi üzərində təsirləri azalır".

RƏYLƏR