Nabranda bir ailənin dörd üzvü dənizdə batdı - YENİLƏNİB

OXUNUB: 681 HADİSƏ

Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər.

Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

25 iyul/18:55

Nabranda dənizdə boğulan şəxslərin kimliyi müəyyənləşdirilib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, dənizdə boğulan şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Kamilə Qocayeva, onun qızı, 24 yaşlı AyselDadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Dadaşov İkram Məmmədyar oğludur.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

FHN də hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

17:47

Azərbaycanda bir ailənin dörd üzvü dənizdə boğulub.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

İcmal.Az

RƏYLƏR