NAYORA Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib

OXUNUB: 192 QHT SOSİAL
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirib. Tədbirlər çərçivəsində NAYORA tərəfindən Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevə həsr edilmiş videoçarx hazırlanmış, gənclər təşkilatlarının nümayəndələri üçün "Dahi Azərbaycanlı” filmi nümayiş olunmuş, Milli Məclisin Gənclər və idman Komitəsinin üzvləri ilə görüş keçirilmişdir. 

Silsilə tədbirlər çərçivəsində, gənc rəssam Ulu Öndərin həyat yolunu əks etdirən şəkilləri seçərək bu şəkillərin kiçik ölçüdə əllə çəkilmiş surətlərini yaratmış və həmin bu kiçik rəsmlərdən Ulu Öndərin portreti yaradılaraq videoçarx hazırlanmışdır. Müdrikliyi, cəsarəti, iradəsi və uzaqgörən siyasəti ilə xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi şəxsiyyətin 90-cı ildönümünə həsr olunmuş "Dahi Azərbaycanlı” filmi də nümayiş etdirilərək gənclər təşkilatları ilə birlikdə izlənilmişdir. Bildirmək istərdik ki, NAYORA-nın təşkilatçılığı ilə hazırlanan filmdə Heydər Əliyevin rəhbərliyi altında milli, mədəni və sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlərdən bəhs olunur. 

Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Milli Məclisin Gənclər və idman Komitəsinin üzvləri ilə "Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin görüşü baş tutmuşdur. Görüş zamanı Heydər Əliyevin gənclər siyasətində yaratdığı yeniliklərdən bəhs olunmuş, iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılmışdır. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin bildirdiyi müdrik kəlamlardan ibarət posterlər hazırlanaraq sosial şəbəkələrdə paylaşılmışdır.

Bundan başqa, gənclər təşkilatları tərəfindən Ümummilli Liderin məzarı ziyarət edilərək, NAYORA-ya üzv olan gənclər təşkilatlarının nümayəndələri tərəfindən Ulu Öndərin xoş xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulacaqdır. 

Vurğulamaq istərdik ki, Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyev ölkəmizin iqtisadi, sosial, ictimai və mədəni həyatında əvəzolunmaz dəyişikliklərə nail olmuşdur. Ulu Öndərin ölkənin inkişafı üçün əldə etdiyi uğurları qorumaq, gələcək nəsillərə ötürmək və daha da inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.
 

 




 

RƏYLƏR