Novxanıda iranlı tələbəni öldürənlərin məhkəməsi keçirilib - FOTO

OXUNUB: 607 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidovanın qəsdən adam öldürmə maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İcmal.Az-ın məlumatına görə, ötən il oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun (1994-cü il təv.) meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları massivindəki evində aşkar olunub. 

Sumqayıt şəhər Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı mərhumun Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin 5-ci kursunda təhsil aldığı məlum olub. 

Faktla bağlı ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yunus Camallı, Natiq Babaverdiyev, Ceyhun Talıblı, Pərvin Əlməmmədov, Zahid Dünyamalıyev və Rəşidə Seyidova tutularaq məsuliyyətə cəlb olunublar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər quldurluq yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub, oktyabrın 11-nə keçən gecə əvvəlcədən izlədikləri ünvana gəlib, evə qanunsuz daxil olaraq Saman Mohtatini qəsdən öldürüblər, lakin evdən hər hansı bir əmlak əldə edə bilməyib hadisə yerindən qaçıblar. 

Bu gün keçirilən prosesdə mərhumun atası Nemat Mohtati ifadə verib. Onun sözlərinə görə, oğlu Tibb Universitetində oxuyurdu, alim olacaqdı, təqsirləndirilən şəxslər isə həmin alimi öldürdülər:

"Oğlum universitetdən evə, evdən də universitetə gedən, bar görməyən uşaq idi. Ancaq dərs oxumağa vaxt ayırırdı. Mən özüm hətta israr edirdim ki, hərdən istirahət elə”.

Növbəti proses ayın 31-nə təyin edilib.

Qeyd edək ki, Camallı, Babaverdiyev, Əlməmmədov, Dünyamalıyev və Talıblı hamısı həbsdədir, Seyidova barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib, o, azadlıqdadır. 

 

İcmal.Az

RƏYLƏR