“O kişiyə xəyanəti elə ən birinci sən etmisən!”

OXUNUB: 288 SİYASƏT
"İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi” Böyük Fransa inqilabının ən vacib sənədidir. 1789-cu il, 26 avqust tarixində qəbul edilib. 2003-cü ildə YUNESKO-nun "Dünyanın yaddaşı” reyestrinə salınıb. Hələ də Fransa Konstitusiyasının əsasını təşkil edir. Ən nəhayət: Məlum sənəddə sıralanma etibarilə ilk (yazılı) bənd "Beynəlxalq təzyiqlərə qarşı dayanıqlılıq hüququ”ndan bəhs edir!

*Məşhur fransız hüquqşünası, "Nobel Sülh mükafatı”nın sahibi Samuel Kassennin Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti olduğu dövrdən qalma əlyazmasında məxsusi qeyd var: "Başqa dövlətlərin müstəqilliyinə, suverenliyinə hörmət qoymadan, ümumbəşəri maraqların carçısı olmadan öz milli hüquq sisteminizi əsla və əsla ciddi təməllər üzərində qura bilməzsiniz. Çünki kənara qarşı qeyri-adekvat olanlar öz evlərinin içində daha betərdirlər.”

*Yüzillik müharibənin (1337-1453) ən kritik dönüş nöqtələrindən biri tarixçilərin qələmi ilə belə ifadə olunub: "4-cü Filippin oğlanları da öldürüldükdən sonra Fransa kralının kişi nəsli kəsildi”

*Vikpedia: "Fransa - idarəetmədə "yarı prezident” sistemi olan unitar dövlətdir”

*Ukrayna müharibəsi ərəfəsində, mətbuat konfransında Vladimir Putinin Makrona söylədiyi: "Bu adam 7 saatdır zəhləmi tökür və bir şəkildə anlada bilmir ki, nə demək istəyir...”

***

İndi isə keçək əsas mətləbə.

Uzun müddətdir erməni ruporuna çevirilən Fransa Parlamentinin son Plenar iclasında müzakirəyə qanun layihəsi əvəzinə təxribat layihəsi çıxarılıb və orada oturan hərdəmxəyallar da məğzlə, mahiyyətlə tanış olmadan məsələni tezbazar "okey”ləyiblər. 

Özünü bədxah qonşularımızın "süd anası” kimi aparan, rabitəsiz formada üzərimizə şığıyan, durmadan sərsəmləyən, dinləmədən danışan Fransanın bu addımı təbii olaraq Azərbaycan cəmiyyətində ciddi qıcıq yaradıb.

Və danışmaq demişkən. Elə əsas reaksiya doğuran məqam da məhz budur. Ki, ən lazımlı anlarda qış yuxusuna gedərək mışıl-mışıl mürgüləyən, ATƏT-in Mink Qrupunun tərkibində boş-bekar gəzən, 1 milyon qaçqının 30 illik taleyinə biganə qalan, bütün tarixi boyunca əsarət, koloniya siyasəti yürüdən, Azərbaycanın siyasi elitasına qarşı namərdcəsinə təbliğat aparan "söyüş müxalifəti”ni Parisin baş küçəsi - "Rue du General Delestraint”də bəsləyən, Parlamentdə qəbul etdiyi qanunları Babildəki Hammurapi qanunlarından daha bərbad vəziyyətdə olan, Beynəlxalq hüququn 1975-ci ildə qəbul edilmiş ANA prinsiplərinin nəinki anasını, hətta xalası qızını da ağlar günə qoyan Fransa görəsən bu gün hansı sifətlə, hansı haqla danışır? 
Ətraflı

"Paris sülh konfransı”na, dünya müharibəsinin sonuc qərarlarına ev sahibliyi etmiş ölkə görün haradan hara gəlib. İndi onun Senatı həmin Parisdə erməni dələduzların diktəsi və "dəvəquşu” pozası ilə Azərbaycana qarşı qətnamə qəbul edir. Üstəlik, adını da dəqiq qoya bilmir. Anlaşılmır ki, söhbət hansı "işğaldan” gedir, "təqsirsizlik prizumpsiyası” deyərkən nəyi nəzərdə tutur, sanksiya mövzusu konkret kimə və ya kimlərə şamil edilir. Bilirsinizmi niyə? Çünki yalan və iftira həmişə quyruqlu, gəzəyən olur. Çünki "fakt qısırılığı” sindromu klinikada hər zaman mövzudan yayınmaq məziyyəti ilə yanaşı izlənilir. Çünki, Azərbaycan Fransanı real faktlarla ifşa edəcək gücdədir. Eyni zamanda bəlli həqiqətləri bütün dünyanın diqqətinə çatdırmaq iqtidarında. Ki, baxın görün əsl işğalçı, əsl naqis, əsl riyakar kimdir!      

Qayıdıram, yuxarıda yazdıqlarımın açmasına...

Əvvəla. Daş düşsün, o bəyannamənin təpəsinə ki, bu gün onun əsas prinsiplərinin üzərindən o yana da keçilir, bu yana da. Özü də ermənipərəst senatorların tozlu, palçıqlı ayaqqabıları ilə!

Samuel Kassen yəqin indi gorunda fırfıra kimi fırlanır. Çünki ruhu ilə də, ideologiyası ilə də, fəlsəfəsi ilə də babat məzələnmisiz. Və...o kişiyə xəyanəti elə ən birinci sən etmisən, Emmanuel Makron! Yaratdığın sistemlə. Yürütdüyün beynəlxalq siyasətlə. Mənasız hikkənlə.

Kralın kişi nəsli tükənərkən gərək fransızlar dərhal başqa dövlətin tərkibinə keçəydilər. İndi Makronun, hazırki Baş nazirin, Xarici İşlər nazirinin ümidinə qalmamaq üçün.  

Amma nə gizlədim, "yarı prezidentlik” söhbəti qulağa heç də acı gəlmir. Və düşünürəm, kiçik bir redaktə etsək, mövzu tam yerinə oturar: Sizdə təkcə prezidentlik deyil, elə hər şey yarı, yarım və yarımçıqdır. Ona görə də bütövləri, bütövlüyünə qovuşanları görəndə buxovlanırsız, qıcıqlanırsız, pəjmürdə olursuz.

Putin isə bir cümlə ilə gerçəkdən "möhür” vurub: Makron həqiqətən də zəhlə tökmək üzrə bənzəri olmayan qrosmeysterdir.

Üstəlik, ele qrosmeyster ki, hansı daşla oynamağı qətiyyən fərq etmir.

Ağların da qabağında oturanda üz qaraldır, qaraların da.

P.S. Fransa tək bir şeyi gec olmadan anlasın ki, Monpelye fermasında hansısa inəyin ayağına yapışan yoncanın Azərbaycan siyasəti üçün əhəmiyyəti, dəyəri, təsir gücü nədirsə, Parisdə qəbul edilən və bundan sonra ediləcək qətnamələrin effekti də təxminən odur!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.  

RƏYLƏR