O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil

OXUNUB: 649 GÜNDƏM SİYASƏT
Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul etdi; ekspertlər Amerikanın regionda dayanıqlı sülh istəmədiyini bildirir

Azərbaycan-ABŞ münasibətlərinin heç də ürəkaçan olmadığı sirr deyil. Daha dəqiq desək, Amerikanın qeyri-sağlam yanaşmaları səbəbindən gərginlik mövcuddur. Vaşinqton Azərbaycana qarşı qərəzli mövqeyi, təzyiqləri artırmaqla hansısa planlarına nail olmağa çalışdı. Lakin rəsmi Bakı bir addım da geri atmadı. Əksinə, hücum diplomatiyası ilə haqlı mövqeyini israrla çatdırdı. 

Nəhayət, ABŞ dövlət katibi Antoni Blinken ötən həftə Azərbaycan Prezidentinə zəng etdi. Danışığın nəticəsi belə qiymətləndirilir ki, ABŞ qismən də olsa qeyri-səmimi davranışının fərqinə varıb və Azərbaycanla münasibətləri bərpa etməyə maraq göstərir. Həmin telefon danışığında Azərbaycan rəsmilərinin ABŞ-a səfərlərinə qərəzli qadağalar götürülməsi şərti ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya gəlişinə etiraz edilmədiyi də bəlli olmuşdu. 

ABŞ Azərbaycanın şərtlərini qəbul edib və Ceyms O’Brayn dekabrın 6-da Bakıya gəldi. O, ayın 8-dək Azərbaycanda səfərdə olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Görüşdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərinin müzakirəsi və regional məsələlər ətrafında fikir mübadiləsinin aparılması baxımından əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu deyərək, ölkələrimizin Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.

Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyini, Azərbaycan ərazilərinə silah-sursat və hərbi qulluqçular göndərdiyini, separatizmi dəstəklədiyini qeyd edərək, Azərbaycanın antiterror tədbirlərini öz suveren ərazilərində keçirdiyini, təcavüzkar separatizmə son qoyduğunu və əməliyyatın keçirilməsi zamanı nümunəvi şəkildə beynəlxalq humanitar hüququn tələblərinə riayət etdiyini, mülki insanlara və infrastruktura hər hansı zərərin dəymədiyini diqqətə çatdırıb.

Ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.
 
 
Obrayen Bakıya bu təkliflə gəlib - Əliyevin cavabı… Yeni Sabah
Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu və bərpaolunan enerji potensialının inkişafı istiqamətində Xəzərdə və Qara dənizdə həyata keçirilən layihələri qeyd edib.

Dövlətimizin başçısı regionda Orta dəhliz üzrə yeni nəqliyyat-logistika imkanlarının yarandığını, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığının daha da genişləndiyini dedi və bu istiqamətdə yeni əməkdaşlıq imkanları barədə danışıb.

Ceyms O’Brayn öz növbəsində ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaşlar olduqlarını vurğulayıb. O, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın roluna toxunub, ölkəsinin regionda sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

Ceyms O’Brayn Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğulayıb. O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu səfərdən gözləntilər nədən ibarətdir? O’Braynın gəlişi münasibətlərin yaxşılaşmasında rol oyanayacaqmı?
 
 
Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir - AZƏRTAC
Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, Amerika hazırkı dövrdə Azərbaycana qarşı çox yanlış siyasət yürüdür və iftira, yalan, böhtan dolu kampaniya aparır: "ABŞ açıq şəkildə göstərir ki, Azərbaycanın öz suverenliyini təmin etməsi onları bərk narahat edib. ABŞ-ın istəyi budur ki, Qafqazda mövqelərini gücləndirsin, Azərbaycanı özündən asılı duruma salsın və bizim üzərimizdə "ağsaqqallıq" eləsin. Amma bu mümkündürmü? Təbii ki, yox! Əsla mümkün deyil. Çünki Azərbaycan tam müstəqil siyasət yürüdən, kimsənin sözü ilə oturub-durmayan, özü öz ayağı üstündə dayanmağı bacaran dövlətdir və heç kimin qarşısında da gözü kölgəli deyil. Əksinə, həmin Amerika, Fransa və digərləri hazırda bizim yanımızda gözü kölgəli, başı aşağı olmalıdır ki, 30 il ərzində mövcud olan Qarabağ münaqişəsinin həlli üçün demək olar heç nə etməyiblər, ATƏT-in Minsk Qrupunun həmsədri qismində əllərini ağdan qaraya vurmayıblar, turist kimi gəlib gediblər, beynəlxalq hüququn təminatı, insan haqlarının qorunması üçün yarımca qram iş görməyiblər, əmək sərf etməyiblər.

İndi O’Brayn səfəri nəyi dəyişəcək və ya dəyişə bilər? Bilmirəm. Daha doğrusu, dəqiq nəsə söyləməkdə çətinlik çəkirəm. Çünki bu Amerika həmin Amerikadır ki, Bakıya göndərdiyi səfirin ilk iş günündə "Vaşinqton Post” vasitəsilə Azərbaycana qarşı növbəti dəfə hücuma keçdi, mənəvi təxribat törətdi, bütün diplomatik, etiket qaydalarını pozdu və ən əsası: riyakarlıq etdi!  

Ona görə də mənim şəxsi ehtimalım və qənaətim bundan ibarətdir ki, hətta O’Brayn gəlib Bakıda xoş söz danışsa belə, onlara çox güvənmək olmaz. Çünki ipləri üzərinə odun yığılası deyil. Bu gün bir şey danışırlar, sabah ayrı şey".
 
Əli Orucov:
 
Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə qeyd etdi ki, ABŞ-Azərbaycan münasibətləri həmişə qeyri-sabit olub: "Elçibəy hakimiyyəti dönəmində 1992-ci ilin oktyabrında "Azadlığın müdafiə aktı"nın 907-ci maddəsinin qəbulu hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə çətinliklər yaratsa da, 1997-ci ilin avqustunda Vaşinqtonda hər iki dövlət başçılarının imzaladığı ABŞ və Azərbaycan arasında partnyorluq haqqında birgə bəyannamədən, ardınca ABŞ-la Azərbaycan arasında partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında həmin ildə mərhum prezident Heydər Əliyevin imzaladığı sərəncamdan sonra əlaqələr yüksələn dinamika ilə inkişaf etdi. Hər iki dövlət mədəniyyət, humanitar sahədən tutmuş təhlükəsizlik, iqtisadi və müdafiə sahələri də daxil olmaqla əməkdaşlığı gücləndirdi. ABŞ Azərbaycan, Azərbaycan da ABŞ üçün vacib və tərəfdaş ölkəyə çevrildi. Rəsmi Bakı Vaşinqtonun maraqlarının təmin olunmasına qarşı çıxmayıb, həmçinin istər qlobal təhlükəsizlik addımlarında, istərsə də, iqtisadi və digər platformalarda yanında olub. Təəssüflər olsun ki, son dönəmlərdə Azərbaycan Birləşmiş Ştatlardan adekvat cavab almaq əvəzinə əsassız ittihamlara, qərəzli yanaşmalara, davamlı təzyiqlərə məruz qalmaqdadır. ABŞ dövlət katibi Blinkenin Prezident İlham Əliyevə ötən həftə zəngi ilə yanlış taktika seçilməsi etiraf edilmiş oldu. Azərbaycanın şərti nəzərə alınmaqla O’Braynın 6-dan işgüzar səfərinə razılıq verildi. Görünən odur ki, ABŞ Azərbaycanla münasibətləri korlamaq istəmir və rəsmi Bakının könlünü almaq üçün dəstəyini ifadə edəcək. Məncə, Vaşinqton üçün Şərq-Qərb kommunikasiya xətləri və Zəngəzur dəhlizi, enerji məsələləri kimi prioritetlər təşkil edəcək. ABŞ Zəngəzur dəhlizinin açılmasının və buna İrəvanın nəzarət etməsinin tərəfdarı olduğunu və İranla Azərbaycan arasında Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun Araz çayı üzərindən keçərək İran ilə bağlantısına dair razılaşmaya qarşı çıxdığını açıq şəkildə bəyan edib. Həmçinin Azərbaycanın son dövrlər Rusiya ilə yaxınlaşması arzuolunmaz sayılır. Azərbaycan-Ermənistan arasında sülhün dəstəklənməsinə gəlincə isə hələ ki, Birləşmiş Ştatların tam ədalətli və obyektiv mövqeyi ortada olmadığından müsbət nəticələr verəcəyini söyləmək tələskənlik olardı. Bununla belə, ABŞ-ın regionla bağlı xarici siyasətində Cənubi Qafqazda konfliktlərin bitməsi, münasibətlərin normallaşması və Rusiyanın təsirini minimuma endirmək ön plandadır. Ümumilikdə isə onu demək lazımdır ki, O’Braynın Azərbaycan səfəri son dövrlər gərginləşən ABŞ-Azərbaycan münasibətlərinin istiləşməsinə və bəzi anlaşılmazlıqların aradan qaldırılmasına müsbət təsir göstərəcək. Çünki Azərbaycan və ABŞ bir-birilərinə lazımdır və münasibətlərin korlanması Azərbaycanı Moskvaya daha da yaxınlaşdırmağa məcbur etdiyi kimi, ABŞ-ın da Cənubi Qafqazla bağlı planlarını çətinə salır. İndiki dönəmdə isə bu daha çox ABŞ-ın zərərinədir".
 
 Zaxarovanın Ermənistana çağırışı göstərir ki... - Kənan Novruzov yazır
Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov: "Maraqlıdır ki, bu səfərlə eyni vaxtda ABŞ Dövlət Departamentindən bildirildi ki, rəsmi Vaşinqton Bakı ilə münasibətləri pisləşdirməkdə maraqlı deyil. Bu, təsadüfi verilmiş açıqlama deyil. Yəqin ABŞ Azərbaycanda özünə qarşı inam yaratmaqla səfərin daha effektiv keçməsinə nail olmaq istəyir. Ola bilsin, Ceyms O’Braynın Bakıya səfərində konkret məqsədlər var. Məsələ ondan ibarətdir ki, Ağ Ev bütün imkanları ilə Cənubi Qafqazdakı mövqelərini gücləndirmək istəyir. Bunun üçün müxtəlif manevrlərdən istifadə edir. Bəzən region dövlətlərinə ayrı-ayrılıqda təzyiqə cəhd  edir, bəzən də şirnikləndirmək istəyir. Amma bu faktdır ki, ABŞ situativ davranır. Bu dövlətin sözünə etibar yoxdur. Necə deyərlər, dövlətlərin daimi dostları, daimi maraqları yox. Vaşinqtonun ritorikası da bu kontekstdən qiymətləndirilməlidir. ABŞ-ın Cənubi Qafqazda mövqelərini gücləndirməsi üçün ən yaxşı vasitə, şübhəsiz, "sülh kartıdır". Bu dövlət Ermənistan və Azərbaycanı yaxşı vasitəçi olduğuna inandırmaq istəyir. Məqsəd etibar qazanmaq, Bakı və İrəvanın diqqətini digər vasitəçilərdən yayındırmaq, ikitərəfli təmasları gündəmdən çıxarmaq və nəticədə öz hegemonluğunu qorumaqdır. Ağ Ev indi etmək istədiyini otuz il ərzində ATƏT həmsədri kimi də etmişdi. 

Amma ABŞ regionda dayanıqlı sülh istəmir. Çünki bu, onun regiona girməsinin qarşısını alacaq. Vaşinqton yalnız bir halda - artıq bölgəyə tamamilə daxil olandan sonra sülh müqaviləsinə razı olar. Bu, ən azı rəsmi Bakı üçün qəbuledilməzdir. 

Amma səfərin ciddi bir məqamla yadda qalacağını düşünmürəm. Zənnimcə, proseslər tədricən vasitəçilərdən imtinaya və ikitərəfli təmasların intensivləşməsinə doğru gedir".

RƏYLƏR