Oğlu minaya düşən ananın yanan evi niyə təmir olunmur? - Foto

OXUNUB: 670 GÜNDƏM SOSİAL

Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsindəki evinin yanması ilə bağlı xəbər vermişdik.

Bəxtiyar Mahmudovun qardaşı Şəhriyar Mahmudov "Qafqazinfo”ya müraciət edərək bildirib ki, hadisədən bir həftə keçməsinə baxmayaraq, çətin şəraitdə yaşayan ailə ilə maraqlanan yoxdur. Onun sözlərinə görə, günlərdir ki, yağış damı olmayan evlərindən üstlərinə yağır:

"Bir həftəyə yaxındır evimiz yanıb, nə gəlib baxan, nə də maraqlanan var. Evin üstü açıqdır, yağış üstümüzə yağır. İki gün ardıcıl icra başçısı ilə görüşmək üçün getdim, dedilər yerində yoxdur. Köməkçisi nömrəmizi götürdü ki, gələndə xəbər edərik, amma ondan da xəbər çıxmadı. Ayın 15-dən bəri bu yararsız hala düşmüş evdə yaşayırıq”.

 

Ş. Mahmudov deyir ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən də köməklik olunmayıb. Hazırda üstüaçıq evdə 5 nəfər - B. Mahmudovun qardaşı, anası, həyat yoldaşı və iki uşağı yaşayır. 

Şikayətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinə müraciət etsək də, onlar vətəndaş tərəfindən quruma hər hansı müraciətin daxil olmadığını bildirdilər. 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə "Qafqazinfo”ya bildirildi ki, Laçın rayonundan məcburi köçkün, Tərtər rayonunun Seydimli kəndində müvəqqəti məskunlaşmış Şəhriyar Mahmudovun müraciəti qeydə alınıb: "Dövlət Komitəsi tərəfindən mənzilə baxış keçirilib, məsələ həll olunacaq”.

Qeyd edək ki, evdə yanğın sentyabrın 15-də qısaqapanma nəticəsində baş verib. Hadisə nəticəsində evdə olan əşyaların hamısı yanaraq kül olub, ailə yalnız 5-6 ədəd yorğan-döşəyi salamat çıxara bilib.  

Xatırladaq ki, bir müddət əvvəl əməkdaşlarımız B. Mahmudovun ailəsinə baş çəkmişdi. Ailəsinin bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb. Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.

 

 




 

RƏYLƏR