Cənab Prezidentin Münxen səfəri çərçivəsində keçirdiyi görüşlərlə bağlı mətbuatda gedən xəbərlərdə bir məqam xüsusi diqqət cəlb edir: "Qarşı tərəfin müraciətinə əsasən...”. Və bu sıralamada Blinken də var, Kerri də, Bərzani də, digərləri də.
Əlbət, məlum görüşlərin ölkəmiz üçün faydalılığı, orada Azərbaycanın dövlət maraqlarından irəli gələn məsələlərin ən yüksək səviyyədə qaldırılması, Qarabağla, sülhlə, "COP29”la bağlı aparılan geniş müzakirələr həddən ziyadə önəmli və təqdirəlayiqdir. Bu, öz yerində. Amma gəlin etiraf edək. Ki, ilk abzasda vurğuladığım sərlövhə də ayrı ləzzət, ayrı güc, ayrı nüfuz deməkdir. Eyni zamanda Ali Baş Komandanın andiçmə mərasimində söylədiyi fikrin praktik davamıdır: "Biz heç zaman heç kimdən heç nə xahiş etmirik. Xahişlər ancaq bizə olunur.”
İlham Əliyev gerçəkdən mükəmməl strateq və unikal diplomatdır. O, bir gedişlə çox şeyi yaxşıya doğru dəyişə bilir və xarici, yerli düşmənlərin arzusunu gözündə qoymağı, anti-Azərbaycan qüvvələrini anındaca neytrallaşdımağı bacarır. Üstəlik, öz əminliyi ilə elə bir atmosfer yaradır ki, hətta bizi sevməyənlər belə bizimlə hesablaşmağa məcbur qalır. Hamı bizim qapımıza gəlir. Hamı bizimlə tərəfdaş olmağa can atır.
Yəqin Prezident seçkiləri ərəfəsində bəlli "xətt”lərdən üzərimizə yönələn hücumlar hamının xatirindədir. Bir yandan Avropa Şurası (yumşaq desək) ciddi yanlışlığa yol verdi, digər yandan ATƏT-in müşahidəçiləri özlərini az qala "özəl detektiv” kimi aparmağa başladı, başqa bir yandan isə Amerikanın, Britaniyanın, Fransanın və digərlərinin son dərəcə ədalətsiz, qeyri-obyektiv, absurd yanaşmaları, mövqeləri ilə üzbəüz qaldıq.
Amma indi....İndi tam heyətlə geri çəkiliblər. Və səbəb bilirsinizmi nədir? Güc faktoru. Yürüdülən müstəqil və milli siyasət. Kimsənin qarşısından geri çəkilməmək strategiyası. Cəsarət, dayanıqlılıq, özgüvən amili.
ATƏT-in və elə indicə adını çəkdiyim qeyrilərinin seçkidən sonra Bakıda, mətbuat konfransında səsləndirdiyi fikirlərin əvvəldən hazırlanmış "tezis törəməsi” olmasına rəğmən... bir şeyi dəqiq bilin! Burada nə danışsalar da öz "boss”larına real vəziyyət haqda (mütləq formada!) dəqiq və səhih məlumat veriblər. Ki, İlham Əliyev yetərincə güclüdür, ciddi elektorata, dayaqlara sahibdir və onu məğlub etmək "abzasçı”lardan, qubadlardan, xədicələrdən, anarməmmədlilərdən, osmanqızılardan ibarət komandanın bacaracağı iş deyil!
***
Baxıram mediaya. Nəzər yetirirəm dünyaya. Dəhşətdir.
Navalnıy öldü. Amma onu bir zamanlar qəti şəkildə əmin edərək, inandıraraq Rusiyaya göndərən, Putin haqda film çəkmək üçün Almaniyanın bütün məxfi arxivlərini, xüsusi qrifli kitabxanalarını Alekseyin sərəncamına peşkəş edən Merkel indi Berlin küçələrində rahat-rahat gəzir, öz həyatını yaşayır...
Avdeyevka (Donetsk) ətrafında gedən döyüşlərdə dəqiq sayı bilinməyən nə qədər insan qırılıb. Qərb mətbuatı 40 min deyir. Və bunu öz aləmində guya Rusiyanı "vururmuş” kimi deyir. Üstəlik, elə şövqlə deyir, elə sevincək deyir, sanki bəşəriyyət məlum qırğınla, itkilərlə ağ günə çıxmağın bir addımlığına yaxınlaşıbmış...
***
Və indi də ”haqqında bəhs etdiyim son 2 xəbərin mövzuya nə aidiyyəti var?” sualına cavab verim:
İlham Əliyevin varlığı, siyasəti, xarakteri bizi həm də...Ukrayna olmaqdan xilas edib! Ermənistanın gününə qalmaqdan qoruyub! Ən böyük güclərin belə qarşısında duruş gətirməyimizə, sözümüzü qorxmadan deməyimizə, dik qamətimizə, ləyaqətlə, alnıaçıq yaşamağımıza səbəb olub!
O ki qala, Navalnıy mövzusuna və ələlxüsus da siyasətimizdəki radikalların Alekseylə Qubadı və digərlərini müqayisə etməsinə... Bircə onu deyə bilərəm ki, adı çəkilən adamlar Azərbaycan türmələrində əməlli-başlı kef edirlər. Özü də pulsuz. İdmanları idman. Yeməkləri yemək. Asudə vaxtları maraqlı. Hətta bəzilərinin ailə üzvləri (guya) bunlara görə müraciət etdikləri səfirliklərdən elə sevincli, elə xoşbəxt pozada şəkillər paylaşırlar ki, adam heyrətlənməyə bilmir və bir anlıq sanırsan, həmin "doğmalar” səfirliyə atanın və ya qayınatanın azad olunması üçün deyil, məhz olunmaması üçün kömək istəməyə yollanıblar.
Navalnıy isə... hamama belə cədvəllə gedirdi. Həftədə 2 dəfə.
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri