Bəşər Əsədin devrilməsi ilə Ermənistan hakimiyyəti daha bir müttəfiqini itirdi. İrəvan-Dəməşq təmasları Paşinyanın iqtidara gəlişi ilə daha da yüksəldi və strateji əməkdaşlıq səviyyəsinə çatdı. Baxmayaraq ki, Qərb Əsədi legitim prezident olaraq tanımırdı və ona qarşı mübarizə aparırdı, okeanın o tayından və "Qoca qitə"dən dəstək alaraq iqtidara sahiblənən Paşinyan Əsədlə münasibətləri hər zaman yüksək səviyyədə saxlayırdı. Müntəzəm olaraq suriyalı həmkarını təbrik edir, qarşılıqlı və strateji əməkdaşlığın əhəmiyyətini vurğulayır və ona xüsusi etimadını ifadə edirdi.
Müharibə cinayətkarı, Qarabağ müharibəsi zamanı çoxsaylı qətliamlar törətmiş qatı terrorçu Nubar Ozhanyanın Əsəd əleyhdarlarına qarşı döyüşməsi və Raqqa döyüşü zamanı öldürülməsi də bu xüsusda təsadüfi deyil. Terrorçu cinayətkarın adını daşıyan Nubar Ozhanyan terror qruplaşması Dəməşq və İrəvanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi. Bu əməkdaşlığın əsas məqsədi isə Ermənistanın və erməni döyüşçülərin Suriya rejiminə dəstəyini kordinasiya etmək və daha da artırmaq idi.
Ermənistan hərbçiləri minatəmizləmə, humanitar dəstək adı altında Suriyada xidmətdədir və onlar uzun müddətdir ki, Əsəd rejiminin qorunması üçün mübarizə aparırlar. Onların Hələbdəki fəallığı xüsusi qeyd oluna bilər. Ermənistan İran vasitəsilə Suriyaya hərbi yardımlar edir və hərbi texnikalar göndərir. Əsəd rejimi İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyib və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın əleyhinə fəaliyyət göstərib.
Göründüyü kimi, rəsmi İrəvan daha bir strateji müttəfiqini itirib və Əsədin devrilməsi ilə Ermənistan və Suriya arasındakı yüksək münasibətlər dövrü tarixə qovuşub. Türkiyənin Suriyadakı rolu və xarabalığa çevrilmiş bu ölkənin yenidən dirçəldilməsinə verəcəyi töhfələr, Azərbaycanın da Türkiyənın yanında yer alması, bu prosesdə gözlənilən humanitar dəstəyi Paşinyan rejimi üçün öldürücü zərbədir. O səbəbdən ki, əhalisi səfil durumda yaşayan rəsmi İrəvan Suriyaya xeyli yardımlar edərək, Əsəd rejiminin qorunmasına çalışsa da, buna nail ola bilmədi. Qazananlar isə bu dəfə də düzgün geosiyasət yürüdən Azərbaycan və Türkiyə dövlətləri oldular.
Suriyadakı hadisələrə gəlincə isə, Bəşər Əsəd ordu da daxil olmaqla daxildə bütün etimadı itirmişdi və bu şəkildə uzun müddət hakimiyyətdə qala bilməzdi.
// Azər Niftiyev