Qənirə Paşayeva “Maqsud Şeyxzadə: azadlığa can atan şair” filminin yaradıcı heyətinin üzvləri ilə görüşüb

OXUNUB: 787 MƏDƏNİYYƏT
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Özbəkkino” Milli Agentliyinin sifarişi ilə Özbəkistanın "First Art Media” şirkətinin çəkdiyi "Maqsud Şeyxzadə: azadlığa can atan şair” adlı filmin yaradıcı heyətinin üzvləri ilə Mədəniyyət komitəsində görüşüb.

Azərbaycan və özbək xalqlarının böyük oğlu haqqında növbəti film çəkilişini alqışlayan Komitə sədri, bunu iki qardaş, dost ölkə arasında mədəni əməkdaşlığın daha bir parlaq hadisəsi kimi xarakterizə edib.
Filmin rejissoru Nurullo Narzullaev, filmin produsseri Tahir Kuçkarbekov və Bakıda təhsil alan gənc özbək tədqiqatçısı Bexzod Nasirovun iştirak etdiyi görüşdə, bildirilib ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistanın və Azərbaycanın dövlət televiziya və radio şirkətlərinin dəstəyi ilə hazırlanan filmin əsas hissəsinin çəkilişləri Maqsud Şeyxzadənin vətəni Azərbaycanda, o cümlədən doğulduğu Ağdaş rayonunda, eləcə də, İsmayıllıda, paytaxt Bakının fərqli yerlərində aparılıb.
Komitə sədrinə məlumat verilib ki sənədli filmlə bağlı artıq Özbəkistanda da müəyyən işlər görülüb, bir sıra çəkilişlər aparılıb.
Görüşdə vurulanıb ki iki qardaş ölkənin ortaq dəyəri, özbək dramaturgiyasının banilərindən olan Maqsud Şeyxzadə, özbək ədəbiyyatının klassiki hesab edilir və onun yaradıcılığı qardaş ölkədə çox sevilir, tədqiq olunur.
"Maqsud Şeyxzadənin öz yaradıcılığı ilə iki xalq arasında özünəməxsus bir dostluq körpüsü yaradıb. Onun əsərlərinin özbək ədəbiyyatının inciləri siyahısına daxil edilməsi təsadüfi deyil. "Azərbaycantelefilm”in istehsalı olan "İki xalqın oğlu” adlı sənədli avtobioqrafik film də, bu il qardaş Özbəkistanın eyni təşəbbüslə çıxış etməsi də dediklərimizin sübutudur və yüksək qiymətə layiqdir.
Maqsud Şeyxzadə özü deyirdi "Mənim iki Vətənim var. Xoşbəxt deyiləmmi?! Mənə Nizaminin əsərlərini Nəvainin ana dilinə, Nəvainin əsərlərini Nizaminin ana dilinə çevirmək səadəti nəsib oldu. Xoşbəxt deyiləmmi?! Qələmin ilahi qüdrətilə yazdığım əsərlər özbək xalqının uğurlu sabahıdırsa və bu xoşbəxtliyi qardaş xalqa bir azərbaycanlı oğlu olaraq bəxş etmək qisməti taleyimə düşübsə xoşbəxt deyiləmmi”? – Bax, belə dəyərli örnəkləri, o örnəklərin yaradıcılarını yeni nəsillərə, gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur.
Sizlərə uğurlar arzulayır, öz təşəkkürümü yetirirəm.” – Q.Paşayeva deyib.
Görüşün sonunda Q.Paşayeva özbək ziyalılarına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

RƏYLƏR