Qərbin Azərbaycana qarşı “media hücumu” - ikinci dalğa...

OXUNUB: 668 SİYASƏT
Deputat: "Bundan sonrakı proseslərdə də hamı görəcək ki, kim hansı yuvanın quşudur

Martın 6-da "Toplum TV-nin işi” üzrə saxlanılanlar arasında Demokratik Təşəbbüslər İnstitutu ilə əlaqəsi olan üç nəfər var. Bunlar Əli Zeynal, İlkin Əhmədov və Akif Qurbanovdur. 

Qeyd edək ki, "Demokratik Təşəbbüslər İnstitutu” (DTİ) QHT demokratik təşəbbüslər yolu ilə Azərbaycanda açıq cəmiyyətin yaradılmasına yardım məqsədilə 5 noyabr 2013-cü il tarixində bir qrup ictimai fəal tərəfindən təsis edilib. DTİ-yə o vaxtlar hələ Ümid Partiyasından Mərkəzi Seçki Komitəsinin üzvü olan Akif Qurbanov rəhbərlik edir.

Ədliyyə Nazirliyi DTİ-nin dövlət qeydiyyatından imtina edib. DTİ 2015-ci ildən etibarən könüllülərlə əməkdaşlıq edərək, seçkilərin monitorinqini aparır (2024-cü ilin prezident seçkiləri istisna olmaqla) və onlara ekspert rəyi verirdi.

Bundan başqa, DTİ maarifləndirmə və hüquq müdafiə layihələri həyata keçirirdi, "Müdafiəçi” Hüquq Mərkəzinin yaradılmasının təşəbbüskarı olub.

"Toplum TV” ilə əməkdaşlıq çərçivəsində gənc jurnalistlərə təlim proqramları həyata keçirilirdi.

DTİ-nin direktoru Akif Qurbanov 2023-cü ilin dekabrından etibarən həm də III Respublika Platformasının təsisçi tərkibinin rəhbəri idi.

Qurbanov, Əhmədov və Zeynalovla yanaşı, "Toplum TV”-nin əməkdaşları Fərid İsmayılov, Elmir Abbasov, Müşfiq Cabbarov və Ramil Babayev də saxlanılıb.

7 nəfərin hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar, bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

"Toplum TV”-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır.

"Trend” xəbər verir ki, bundan əvvəl "Abzas Media" ilə əlaqədar analoji tədbirlər həyata keçirilib və məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib.

Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir.

Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub.

Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir.

Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir.

Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.

Təbii ki, "Toplum TV” ilə bağlı tədbirlərin görülməsindən sonra xarici media, hüquq-müdafiə təşkilatları, sonra isə Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi heç bir sual doğurmur. Artıq ABŞ-dan və "Freedom House”  təşkilatından hadisəyə reaksiya verilib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların bu hadisədən "dərin narahat olduğunu” bildirib.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan "Freedom House” "Toplum TV”nin bağlanması və əməkdaşlarına cinayət işi açılmasını pisləyib. 

Lakin bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətdən qorumaqdan çəkindirməyəcək. 
 
 Elşən Musayev də yenidən parlamentə seçilməyə çalışacaq
 
Elşən Musayev 

Bu barədə Milli Məclisin deputatı Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, əslində "Toplum TV”, "Abzas Media” və buna bənzər digər media təsisatlarının hansı məqsəd və məramlar üzərindən yaradıldığı əvvəldən məlum idi: "Diqqət edin, yaranıblar demirəm, yaradılıblar deyirəm. Çünki onlar fəaliyyətə başladıqları ilk gündən, ilk saatdan etibarən əsl missiyalarını, provokativ xətlərini, kimin və ya kimlərin əlinə oynadıqlarını açıq şəkildə bəlli ediblər. "Toplum TV" konkret Qərbin layihəsi idi.  Və onlara Gürcüstan üzərindən ciddi maliyyə ayrılırdı, bunlar da yeyirdilər, üstündən su içirdilər və media adı altında xaricdən gələn xüsusi tapşırıqları icra edirdilər. Üstəlik, anlamırdılar ki, bunun bir sonu var, belə antimilli icraatla, xarici kəşfiyyatların xəfiyyəsi olmaqla çox uzağa getmək olmaz. Amma göründüyü kimi, getdilər. Getdilər və özlərini ifşa etdilər.
 
Xədicə İsmayıl xərçəngdən əməliyyat olunub
 
Xədicə İsmayıl

Hər halda, Xədicə İsmayıl adı çoxlarına tanışdır. Bu adam uzun illər boyunca "araşdırmaçı” adı ilə nələr edib, orası da hamıya məlumdur. İndi isə sual edirəm: Beləsinin baş redaktor olduğu TV-dən, media qurumundan bundan artığını gözləməyə dəyərdimi? Əlbəttə, yox. Niyə yox? Çünki bunların xislətində millilik yoxdur. Çünki bu kimi adamlar Qərb agenturasının vazkeçilməz isimləri, alətləri, vintləridir. Çünki onların çörəyi satmaqdan, ara qarışdırmaqdan, su bulandırmaqdan çıxır.

Ya da olsun "Abzas Media”. Siz indiyə qədər eşitmisinizmi ki, həmin qurumun bir analitik şərhi, açıqlaması, müsahibəsi-filanı olsun? Xeyr! Kimsə eşitməyib. Çünki onlar media adı altında yaradılsalar da əslində tam başqa missiya həyata keçiriblər. "Abzas Media”nın media sektoruna heç zaman aidiyyəti olmayıb. Onlar sadəcə xüsusi tapşırıqlarla təlimatlandırılıblar, konkret şəxslərin hədəfə alınması məqsədini güdüblər, sosial şəbəkələr üzərindən ötürdükləri dezinformasiyalarla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışıblar".

Deputat qeyd etdi ki, indi də radikal və qaragüruh  qüvvələr Akif Qurbanovu qabağa veriblər. Əsas onun reklamı ilə məşğuldurlar: "Yaxşı bəs kimdir bu Akif? İşsiz-gücsüz milyoner. Hər tində özünə villa tikən, Qərbin çirkli pullarını silən, çoxdan bəri saxta obrazı ilə ortalıqda var-gəl edən adam. Əli Kərimli isə dünəndən bəri bar-bar bağırır ki, filankəsləri buraxın, azad edin. Və deyim ki, onun bağırtısında çox ciddi səbəb var: çünki oğlu Türkel də eyni prosesin içindədir və adsız kartlarla həyata keçirilən London-Tiflis-Bakı marşrutlu maliyyə transferlərinin əsas yönləndiricilərindən biridir. Ona görə də qətiyyətlə söyləyə bilərik: hüquq-mühafizə orqanları nə edirsə düz edir. Heç nə səbəbsiz deyil və bundan sonrakı proseslərdə də hamı görəcək ki, kim hansı yuvanın quşudur...”

 

RƏYLƏR