QEYDİYYAT-İMTAHAN İDARƏSİNDƏ YENƏ – “KÖHNƏ HAMAM, KÖHNƏ TAS”DIR…

OXUNUB: 3398 MARAQLI Özəl AZƏRBAYCAN SOSİAL
Son zamanlar ölkənin müxtəlif sahələrində ciddi islahatlar aparılır, korrupsiya və rüşvətin qarşısını kəsən müəyyən addımlar atılır. Sözsüz ki, bütün bunların başında Azərbaycan Prezidentinin şəxsi iradəsi dayanır. Bununla belə, Prezidentin iradəsindən sui-istifadə edənlər də az deyil. Bəzi hallarda ölkə rəhbərinin barmaq silkələməsindən belə istifadə edən bir çox dövlət məmurları öz şəxsi biznesini genişləndirirlər. Dövlət Yol Polisi bu sahədə öncüllərdən biridir”.
Bunu BİA.AZ-a müraciət edən bir iş adamı bildirib. Adının açıqlanmasını istəməyən şikayətçi Dövlət Yol Polisindən narazıdır. O bildirir ki, ilk baxışdan Dövlət Yol Polisi İdarəsi yollarda nizam-intizamı ciddi təmin edir, yol qaydasını pozmayan heç bir sürücünü incitmir. Əslində isə bütün bunlar arxada baş verən "böyük soyğunçuluğun üzərinə çəkilmiş örtükdən başqa bir şey deyil”:
"Ölkə başçısını aldatmaq üçün yollarda dayanan DYP əməkdaşları xeyli mədəni görünürlər. Amma təsbit etdikləri xırda bir qanunsuzluq halı müşahidə olunan kimi, sürücülərin əsl müsibətləri qurumun şöbələrində başlayır. Xüsusilə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinə. Bura yolu düşən bütün sürücülərin üzünə idarə qapıları bağlı tutulur. Uzun süründürməçilikdən sonra idarəyə dəvət edilmiş qurbanların qarşısında "makler”lər peyda olur. Əsl sövdələşmə də bundan sonra başlayır. Bəzən idarə etdiyin maşının "qluşiteli”, bəzən siqnalı, bəzən isə hər hansı bir hissəsi "standart”lara cavab vermir. Maraqlıdır ki, vətəndaşdan tələb olunan külli miqdarda pul bütün "standart”ları öz yoluna qoyur”.
Şikayətçi bildirir ki, DYP əməkdaşları əsasən təzə və bahalı maşınlara "ilişirlər”. Görünür, onların təsəvvürlərinə görə, ən yaxşı pul da həmin maşın sahiblərində ola bilər. "Qurbanlıqlara” cəzaları isə çox maraqlı üsulla sübuta yetirilir: maşınların "qluşitel”inə səsölçmə cihazları quraşdırılır və bu yolla onların səsi müəyyənləşdirilir.”
Göründüyü kimi, bəzi DYP rəhbərlərinin Prezidentin göstərişindən öz mənfəətləri üçün faydalanmaları ehtimalı istisna olunmur. Bu işdə ən "uğurlu” tapıntı isə Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinə aiddir. Qurumun rəis müavini, polkovnik-leytenant Afiyyədin Leysanovun adı ətrafında mətbu orqanlarında əvvəllər də gedən bir sıra məlumatlar da bu "kəşfin” təsadüfi olmadığından xəbər verir.
Qeydiyyat-İmtahan İdarəsində yenə – "Köhnə hamam, köhnə tas”dır…
İddialara inansaq, Afiyyədin Leysanov məhz bu qabiliyyətinin sayəsində özünün təsərrüfatını xeyli şəxaləndirib. Onun qazanc mənbələri arasında maşın nömrələrinin dəfələrlə baha qiymətə satışından tutmuş, sürücülük vəsiqəsinin ticarətinə qədər, çox geniş spekrtli biznes imkanları dayanır. Gəlin, polis polkovnikinin bu biznes sahələri barədə tez-tez mətbuat səhifələrini bəzəyən bəzi məlumatlara nəzərə salaq: "Rəhimovun əsas gəlir yeri nömrə satışındandır. Avtomobillər üçün nəzərdə tutulmuş bu nişanların dövlət rüsumu 18 manatdan baha deyil. Amma elə bir vətəndaş olmaz ki, şəxsi maşınına nömrə alarkən 250-300 manat xərci çıxmasın. Məsələn, 10 NN 555 nömrəsinin qiyməti 3000 manatdır. Bu qiymətlər hərflər üzrə dəyişir. Tutaq ki, 10 CC 555 nömrəsinə sahib olmaq istəyən şəxs bunun üçün şöbədə ən azı 4-5 min manat xərcə düşməlidir.
Afiyyədin Leysanovun ən çox qazanc götürdüyü dövlət nömrə nişanları isə 99 ZZ (TT) 999-dur. Məlumatlara görə, bu nömrələrin qiyməti 200-230 min manat arasında dəyişir. Həmin nömrələri hər kəsin almaq imkanı olmasa da, varlı adamları özünün daimi müştərisinə çevirmiş şöbə rəisi rahatlıqla böyük qazanclar əldə edə bilir. A. Leysanovun sürücülük vəsiqəsi biznesi də var. ki, bu, artıq cəmiyyətdə geniş yayılmış bir informasiyadır və mahiyyəti də bəllidir. Hazırda Leysanovun nəzarətində olan şöbədən sürücülük vəsiqəsi almaq istəyənin mütləq 1000 manatı olmalıdır.
Onu da qeyd edək ki, polkovnik-leytenant Afiyyədin Leysanovun Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə rəis müavini vəzifəsinə təyin olundugu iki ay deyil. O, bu vəzifədən əvvəl idarədə inspektor vəzifəsində çalışıb. Afiyyədin Leysanovun BDYPİ İmtahan-qeydiyyat şöbəsinin kecmiş rəisi Müşfiq Rəhimovun yaxın adamı olduğu iddia edilir. Bir müddət əvvəl ölkədə nömrə biznesini əlində cəmləşdirən Afiyyədin Leysanovun paytaxt Bakıda nömrə biznesi ilə məşğul olan Baş Dövlət Yol Polisi İdarəsinin "Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində 50 min manata nömrə satdıgı da mətbuatın manşet yazısına cevrilmişdi. Bildirilirdi ki, 11-111 və orta seriyası da cüt hərfli olan həmin nömrəni iş adamlarından birinə Qeydiyyat-imtahan şöbəsinin o vaxtkı inspektoru Afiyyədin Leysanov satıb.
Sual oluna bilər: ölkədə ciddi islahatlara start verildiyi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir zamanda Afiyyədin Leysanov bu əsrarəngiz gücünü hardan alır? Yəqin ki, zamanı gələndə bu suala müvafiq orqanlar daha yaxşı aydınlıq gətirəcək.
p.s: Məlumata görə Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyyədin Leysanov hələ 90-cı ilin sonlarında Səlyan rayon icra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Səlyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanovun oğludur. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi, ”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50%-nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər. B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır.
p.s.s: Buna hec bir sözümüz yoxdur. Ancaq Daxili işlər nazirimiz, cox möhtərəm general-polkovnik Vilayət Eyvazovun nəzərinə catdırırıq ki, Qeydiyyat-İmtahan İdarəsində yaxşıya dogru hec bir dəyişiklik hiss olunmur. Bu sahədə yenə "Köhnə hamam, köhnə tas”dır…

RƏYLƏR