QHT-dövlət münasibətlərinə həsr olunan növbəti respublika zona konfransı keçirilib

OXUNUB: 156 SİYASƏT

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.

Növbəti konfrans Şəmkir şəhərində keçirilib.

Konfransda Azərbaycan Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov və Nurəddin Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində təşkil edilən konfrans Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında geniş məlumat verib. A.Əliyeva bildirib ki, qısa müddət ərzində respublikanın bütün regionlarını əhatə edəcək zona konfranslarının üçüncüsü olan bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq, 5 iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə öz müsbət təsirini göstərəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, bu region üzrə ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında xüsusi rola malikdirlər. Onların fəaliyyəti QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırıb. Ölkə başçısının 2007-ci ildə sərəncamı ilə təsdiq edilmiş Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının qəbulu ölkədə QHT sektorunun inkişafında yeni mərhələnin başlanğıcı olub.

Vüsal Quliyev bildirib ki, bu gün QHT-lər dövlət qurumları ilə əməkdaşlıq etməli, qərarların qəbulu prosesində ictimai dəstək göstərməli və ictimai nəzarətin təşkilində təşəbbüskar olmalıdırlar.

O, konfransda iştirak edən ixtisaslaşmış təşkilatların diqqətinə məişət zorakılığı, ailə dəyərlərinin qorunması və digər istiqamətlərdə səmərəli layihələrin reallaşdırlmasının vacibliyini çatdırıb.

Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətindən danışaraq bu sahədə QHT-ləri daha məsuliyyətli olmağa, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə və fəaliyyətləri ilə bağlı hesabatlar hazırlayaraq ictimaiyyətə təqdim etməyə dəvət edib.

Çıxış edən digər natiqlər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Prezident Administrasiyasının məsul əməkdaşları - Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək.

Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. İctimai şura üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.




RƏYLƏR