Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin VII istiqaməti üzrə həyata keçirdiyi "Rəqəmsal Kələğayı: ənənə və müasirlik” layihəsi uğurla yekunlaşmışdır.
Layihə çərçivəsində 12 iyun tarixində Qax Heydər Əliyev Mərkəzində, 15 iyun tarixində Balakən rayon Uşaq İncəsənət Məktəbində və 25 iyun tarixində Şamaxı Yaradıcılıq Mərkəzində maarifləndirici təlimlər təşkil olunmuşdur. Tədbirlər hər üç rayonda yaradıcı insanlar, gənclər və milli mədəni irslə maraqlanan iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanmışdır.
Təlimlər zamanı iştirakçılar milli moda, 3D dizayn işlərinnin yaradılması, süni intellektin modada tətbiqi, milli ornamentlər və rəqəmsal dizaynın vəhdəti barədə ətraflı məlumat əldə etmiş, ənənəvi mədəni irsin müasir texnologiyalar vasitəsilə təqdim olunması istiqamətində yeni bilik və bacarıqlara yiyələnmişlər. Praktiki məşğələlər sayəsində yaradıcı düşüncə, rəqəmsal dizayn vərdişləri və müasir vizual yanaşmalar üzrə bilikləri inkişaf etdirilmiş, iştirakçılar öz ideyalarını rəqəmsal müstəvidə ifadə etmək imkanları qazanmışlar.
Layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru İlahə Qismət, təlimçisi isə yerli və beynəlxalq müsabiqələrin qalibi, rəssam və rəqəmsal dizayner Əhməd Nəbiyev olmuşdur. Onların təqdim etdiyi nəzəri və praktiki biliklər iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilmiş, təlimlərdə fəallığı ilə seçilən iştirakçılar isə stimullaşdırıcı hədiyyələrlə mükafatlandırılmışdır.
"Rəqəmsal Kələğayı: ənənə və müasirlik” layihəsi milli-mədəni irsin qorunması və təbliği ilə yanaşı, yaradıcı insanların rəqəmsal bacarıqlarının inkişafına, yeni bilik və vərdişlər qazanmasına, ənənə ilə müasirliyin uğurlu sintezinin təşviqinə mühüm töhfə vermişdir.




























