Saakaşvilinin azərbaycanlı tərəfdarı Oktyabr sarayına hücumdan danışdı

OXUNUB: 547 SİYASƏT

Nə "Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixeil Saakaşvili, nə də onun tərəfdarlarına Kiyevdəki Oktyabr sarayına hücum etmək sərf edirdi.

İcmal.Az-ın məlumatına görə, bu barədə "Ukrayna azərbaycanlılarının birləşmiş diasporası” Ümumukrayna ictimai təşkilatının sədri Hikmət Cavadov bildirib: "Tarix gözəl müəllimdir. O, bugünlərdə baş verən bu və ya digər hadisələri, müxtəlif ölkələrdə baş verənləri xatırlamaqla qiymətləndirməyə imkan verir. Ukrayna, bir çox mütəxəssislərin fikrincə, əksər parametrlərinə görə Hitler Almaniyasının əməllərini xatırladan təcavüzün qurbanıdır. Rusiya törətdiyi cinayətlərdə digər ölkələri ittiham etməyə adət edib. Bir sözlə, "Reyxstaqa təhrik etmək” adi haldır. Ona görə də Ukraynada bu manevri həyata keçirmək cəhdini müşahidə etmək mənə heyrətamiz gəlir.

Yanılmağı çox istərdim. Lakin böyük ehtimalla, provokasiyanın arxasında Mixeil Saakaşvili və onun tərəfdarlarının üzərində ictimai məhkəmə qurmaq istəyənlər dayanır. Provokasiya deyərkən, Oktyabr sarayına hücumu nəzərdə tuturam, mən bunu başqa cür adlandıra bilmirəm. Onların qaldırdıqları problemlərdən, dünyanın aparıcı KİV-lərinin yazdıqları korrupsiyadan cəmiyyətin diqqətini kim yayındırmaq istəyir?! Şübhəsiz ki, bu qüvvələr Saakaşvilinin ünvanına yönəlmiş ittihamlarla nəticələnən şou hazırlamağa qadirdirlər. Dekabrın 17-də baş tutan mitinqin iştirakçısı kimi bütün məsuliyyətimlə, Saakaşvilinin öz tərəfdarlarını Oktyabr sarayına hücum etməməyə səslədiyini bildirirəm.

Bu qüvvələr onların hakimiyyəti saxlamaq planlarına təhdid olan Saakaşvilini, eləcə də, bütün etiraz hərəkatını nüfuzdan salmaqda maraqlıdırlar. Nə Mixeil Saakaşvili, nə də onun tərəfdarlarına Oktyabr sarayına hücum etmək sərfəli idi. Lakin bu, öz siyasi opponentlərini siyasi meydandan kənarlaşdırmağı, Ukraynanı asanlıqla qarət vasitəsi olan senzura və diktaturanı yeritməyi arzulayanlar üçün sərfəlidir".

İcmal.Az

RƏYLƏR