Şair Adil Mirseyidin son vəsiyyəti... – Anım/Foto

OXUNUB: 2060 MƏDƏNİYYƏT
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda şair, rəssam Adil Mirseyidin ölümündən sonra " Son şeir, son vəsiyyət” adlı kitabının təqdimatı keçirilib.

"Kitab mağazalarının vitrinlərində

çap olunmamış şeirlər kitabımı

axtarıram axşamlar” .

Adil Mirseyidin axtardığı o kitabları bu gün biz Azərbaycan Yazıçılar Birliyində gördük. Onun çap olunmamış şeirlərini övladları çap eləyb, təqdim ediblər.

Teleqraf.com xəbər verir ki, təqdimatda şairin yazar və rəssam dostları, ailəsi və jurnalistlər iştirak ediblər.

Kitabda şairin ömrünün son illərində qələmə aldığı, heç yerdə çap edilməyən şeirləri toplanıb.

Tədbirdə ilk çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Adil Mirseyidi uzun illər tanımasından, onun xüsusi tərzindən , dünyaya fərqli baxışından söhbət açaraq tədbirin aparıcılığını şair Kənan Hacıya həvalə edib.

Kənan Hacı kitabın adındakı son söz ifadəsinə diqqət çəkib. Qeyd edib ki, şairin bundan sonra da kitabları çap olunacaq, hələ nə son sözdür, nə son kitab.



Yeni kitabın çapı münasibətilə şairin övladlarını təbrik edən Səlim Babullaoğlu şairlə bağlı xatirələrindən, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdı: " Adil "Vernisaj”da indiki məşhur yazarların çoxunu - Həmid Herisçi, Rasim Qaraca, Aqşin Yenisey və başqalarını çap edirdi.” O, şairin "Gecə yağışı” şeiri ilə nitqini bitirib.

"Adil Mirseyid rəssamlığında şairdi, şairliyində rəssam”. Rəssam-şairin öz xüsusi üslubundan geniş danışan Filologiya elmləri doktoru Vaqif Yusifli onun təkcə ədəbiyyatda deyil, həyatda da, insanlara münasibətində də, rəsmlərində də öz üslubu olduğunu dedi. Dünya rəssamları ilə bərabər Səttar Bəhlulzadə və digər rəssam və yazıçılarımız haqqında yazdığı esselərdən danışan tənqidçi Azərbaycan ədəbiyyatının onu unutduğundan gileyləndi: " Adil yeni kitablara, dərsliklərə, antalogiyalara salınmır, çap olunmur, təəssüf ki, Azərbaycan ədəbiyyatı onu unudur”

Adil Mirseyidi gələcəyin şairi adlandıran Xanım İsmayılqızı şairin utancaq, təvazökar, özünə qapalı olmasından söz açdı. Tanrının həm həyatda, həm sənətdə ona iki qanad verdiyini dedi. O qanadın ikisinə, oğlu və qızına təşəkkür etdi, onun digər qanadlarını yaşatdıqları üçün.

Tədbirdə Eldost Bayram və Kamran Yunus həm şair haqqında xatirələrini bölüşdülər, həm də onun şeirlərini səsləndirdilər.



Təqdimatda şair Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım da iştirak edirdi. O, Səməd Vurğunun ev muzeyində şair-rəssamın sərgisini təşkil etmək arzusunu dilə gətirdi.

Tədbirdə rəssamın sənət dostlarından Nazim Rüstəmov, Nəvai Rəhim, Yusif Savalan, Zahid Sarıtorpaq, Mübariz Məsimoğlu və digərləri çıxış etdilər. Kimisi onu urbanik şair, kimisi ekzistensialist sənətkar, kimisi uçurumla yaşamaq arasında vurnuxan insan kimi xatırladılar.

Tədbirin sonunda hamıya və kitabın çapına dəstək olduğu üçün millət vəkili Aydın Hüseynova təşəkkür edən şairin qızı Ayan Adil çıxış etdi. Həyəcanla danışan Ayan xanım bunları deyə bildi: "Atamın şeirlərini dəftərdən mən köçürürdüm kompüterə, bir neçə səhifə yazdım, atamın vəziyyəti pisləşdi, bir neçə gündən sonra dünyasını dəyişdi. Çoxdan fikirləşirdim kitabının nəşrini, amma şeirləri köçürdükcə pis olurdum, mənəvi əzab çəkirdim, ona görə ləngiyirdim. Bu, onun son kitabı olmayacaq, kitabın adını onun şeirlərinin birindən götürmüşəm”

"Atanızın son vəsiyyəti nə oldu” sualımıza isə Ayan xanım elə çapdan çıxmamış şeirlərinin çapı, rəsmlərinin sərgisi olduğunu dedi. O, hamısını bir-bir həyata keçirəcəklərini qeyd etdi. Çap olunan kitabın bir üzündə şair Adilin, bir üzündə isə rəssam Adilin şəklini verdiyini deyən qızı sonda verilən Simurq quşuna da mənasını belə izah etdi: "Kitabın dizaynını özüm vermişəm, simurq quşu o deməkdir ki, yəni ardı olacaq, bu, son deyil”
 
7NEWS.Az










































 

RƏYLƏR