BAŞÇI VƏ NAZİR NİYƏ SUSUR? 7NEWS.az xəbər verir ki, redaksiyamıza Salyan rayonunda bir neçə təsərrüfatın su təminatının dayandırılması ilə bağlı ciddi şikayət daxil olub.
Şikayətçinin sözlərinə görə, o, rayonda balıq, toyuq və mal-qara təsərrüfatı ilə məşğuldur. İddia olunur ki, "Salyan Aqro Park”ın əməkdaşları texnikanın köməyi ilə bir neçə təsərrüfata gedən su kanalını palçıq və torpaqla bağlayaraq təsərrüfatların su təminatını faktiki olaraq məhdudlaşdırıblar.
Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə təsərrüfatlar arasında yaranmış mübahisədən yox, insanların illərlə qurduğu biznesə və onların dolanışıq mənbəyinə ciddi müdaxilədən gedir. Xüsusilə heyvandarlıq, quşçuluq və balıqçılıq təsərrüfatlarında suyun kəsilməsi böyük maddi zərərə və canlıların tələf olmasına səbəb ola bilər.
Daha ciddi məqam isə şikayətçinin irəli sürdüyü iddialarda "Salyan Aqro Park”ın bu addımlarının vaxtilə Penitensiar Xidmətin rəisi vəzifəsində çalışmış general Ceyhun Həsənovun tapşırığı ilə həyata keçirildiyinin bildirilməsidir.
Bundan əvvəl də mediada Ceyhun Həsənovun Salyan rayonunda donuz fermasının olduğu barədə müxtəlif iddialar yayılıb. Hazırkı şikayətlə həmin məlumatların arasında hər hansı əlaqənin olub-olmadığı isə ayrıca araşdırma tələb edən məsələdir.
Ən düşündürücü məqamlardan biri isə rayon səviyyəsində aidiyyəti qurumların bu vəziyyətə münasibətinin olub-olmamasıdır. İddialar doğrudursa, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu məsələ ilə bağlı mövqeyi ictimaiyyət üçün maraqlıdır.
Bir neçə təsərrüfatın su mənbəyinin bağlanması, əgər bunun qanuni əsasları yoxdursa, ciddi sual doğurur: Kim bir sahibkarın və ya təsərrüfat sahibinin fəaliyyətinə belə müdaxilə etmək səlahiyyətini özündə görür?
Dövlət sahibkarlığın inkişafını, kənd təsərrüfatının genişləndirilməsini və regionlarda məşğulluğun artırılmasını prioritet elan etdiyi halda, ayrı-ayrı təsərrüfatların hansısa şəxsin şəxsi maraqları və ya göstərişi əsasında zərər görməsi barədə iddialar xüsusilə ciddi araşdırılmalıdır.
Əgər doğrudan da illərlə qurulan təsərrüfatların fəaliyyəti bir şəxsin maraqları naminə məhdudlaşdırılırsa, bu, təkcə sahibkarların deyil, bütövlükdə dövlət qurumlarına olan etimadın zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətin davam etməsi isə Salyanda sosial gərginliyin artmasına və yeni narazılıqların yaranmasına zəmin yarada bilər.
7NEWS.az məsələni diqqətdə saxlayacaq. Yazıda adı çəkilən "Salyan Aqro Park”, general Ceyhun Həsənov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövqeyini dərc etməyə hazırıq.
Qeyd edirik ki, yazıda səsləndirilən məlumatlar redaksiyaya daxil olan şikayət və iddialar əsasında hazırlanıb. Faktların hüquqi və rəsmi şəkildə araşdırılması aidiyyəti dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.
7NEWS.az






















