“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev

OXUNUB: 1390 Özəl SOSİAL İQTİSADİYYAT


"Samir Rzayevin AZAL-a prezident təyin edilməsi məni hədsiz dərəcədə çox sevindirdi və hesab edirəm ki, bu cür perspektivli, hazırlıqlı kadrların irəli çəkilməsi olduqca təqdirəlayiq haldır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

"Bilirsiniz ki, indiyə qədər AZAL-ı Parlamentdə ən çox tənqid edənlərdən biri mən olmuşam. Hətta bəlkə də birincisi. Və bunu ona görə etmişəm ki, AZAL-ın fəaliyyətində müəyyən boşluqlar olub, AZAL-la bağlı çoxlu sayda şikayətlər almışıq, eyni zamanda həmin şikayətlərin sayına uyğun da müraciətlər ünvanlamışıq. Fəqət, nəticə etibarilə verilən cavablar əksər hallarda qaneedici olmayıb.

İndi isə bu qurumda vəziyyət tam fərqlidir. Daha dəqiq desəm: Samir Rzayev AZAL rəhbərliyinə gələndən sonra oradakı mühit ciddi şəkildə dəyişib. Təbii, yaxşılığa doğru.

Hətta bir neçə ay bundan öncə hörmətli Samir müəllimin təşəbbüsü ilə AZAL rəhbərliyi və Milli Məclisin deputatları arasında görüş keçirildi. Həmin görüşdə hər kəsi narahat edən məsələlərə toxunduq, problemləri dedik, ciddi fikir mübadiləsi apardıq. Və mən artıq ilk kommunikasiyada hiss elədim, gördüm, sezdim ki, Samir müəllim hətta tənqidə belə açıq biridir, öz işini mükəmməlcə bilən mütəxəssisdir, son dərəcə alicənab insandır və ən nəhayət: mövcud  problemlərin həlli üçün bütün gücünü və resurslarını səfərbər edəcək kadrdır.

Mən Samir müəllimə bu məsuliyyətli işində uğurlar arzulayıram və ona göstərilən etimadı çox qısa müddətdə doğruldacağına inanıram.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR