Serbiyada baş verən proseslər Qərbin birbaşa təsiri ilə reallaşır - Deputat

OXUNUB: 421 SİYASƏT
Serbiyada baş verən proseslər Qərbin birbaşa təsiri ilə reallaşır və heç şübhəsiz ki, bu da məqsədlidir. Məlum dairələrin niyyəti odur ki, Serbiyada da özlərinə sərf edən marionet hakimiyyət qursunlar, diktə etsinlər, kənardan "kumanda” siyasəti yürütsünlər. Amma bacaracaqlarmı? İnanmıram. Çünki artıq həmin Qərbin mahiyyətini və əsl niyyətini, demək olar, bütün dövlətlər və xalqlar yaxşı bilirlər. Məhz buna görə inanmıram.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, Belqrad üzərindən ölkəni qarışdırmaqda əsas məqsəd Qərbin əmrlərinə tabe olmayan Serbiyanı cəzalandırmaqdır.

"Serbiya Prezidenti də bu barədə açıq fikirlər söyləyib və onun dediklərində həqiqət var. Həqiqətən də, hazırda dünyanı qarışdıran, müharibələrə sövq edən əsas qüvvə, təxribatçı xətt Qərb və onun beyin mərkəzləridir. Üstəlik, dayanmırlar, usanmırlar, sakitləşmirlər, "katalizator” niyyətli fəaliyyətlərinə bir an belə ara vermirlər.

Hər halda, ehtimalım budur ki, ki, Serbiya xalqı bu imtahandan üzüağ çıxacaq və ölkəni qarışdıran Qərbə öz yerini göstərəcək. Çünki məlum güclərin qarşısında bundan sonra hansısa dövlət sınsa, əyilsə və tabeçilik göstərsə, əslində, faktiki olaraq özünə əcəl hökmü çıxaracaq”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Qərbin avantüralarına və təxribatlarına qətiyyən baş əymək olmaz.

"Bu, artıq dövrün tələbi və aksiomasıdır. Nəinki Qərbin, ümumiyyətlə, kimsənin təxribatlarına imkan verilməməlidir. Eyni zamanda, Qərb də nəhayət anlamalıdır ki, müstəqil dövlətlərin ərazisində mənfur planlar qurmaqla, ssenarilər yazmaqla hansısa məqsədlərə çatmaq dövrü artıq geridə qalıb. Məlum dağıdıcı qüvvələr bu cür addımlarla, qeyri-səmimi siyasətlə yalnız və yalnız özünə zərbə vurur, özünü gözdən salır”, - deyə o əlavə edib.

RƏYLƏR