Soyuq qışda axıdılıan qaynar qan - Anar Rəhimov 20 YANVAR faciəsindən yazır

OXUNUB: 2566 Özəl AZƏRBAYCAN SİYASƏT
Qərənfillər səpilən Azərbaycan!        
Qorbaçovun yenidənqurmaları SSRİ-nin süqutu, məhvolma mərhələsi idi. Başı ləkəli əllərini də günahsız insanların qanına bulamaqdan çəkinmədi. Çünki Mixail imperiyanın dağıldığını və hər şeyin əldən çıxdığını görürdü. Bunun qarşısını almaq, çıxış yolu üçün isə, hər addıma hazır idi. Onun özü də 1990-cı ili həlledici tarix adlandırdı. Sovetlərin dağılması sarıdan 1990-cı il həlledici idi – birliyin xarici borcu 85 milyarda çatmış, lakin problemlər həllini tapmamışdı. Həmin ilin martına kimi 2 min nümayiş olub ki, bu mitinqlərdə 7.5 milyona yaxın insan Qorbaçova etiraz edib. İlk müstəqillik tələb edənlər Litva, Latviya, Moldova, Gürcüstan və Ermənistan olub. Daha dəqiq desək, Sovet ittifaqının dağılmasına ən çox çalışan Ermənistan, qana bulaşan, od tutub, alışan Azərbaycan!

SSRİ-yə təhdid Ermənistan olsa da, Qorbaçov Azərbaycanı seçdi!
Bakıya sovet qoşunlarının hücumu, zərbəsi digər azadlıq tələb edən dövlətlərin gözünün odun almağa hesablanmışdı. Bu silahlılar arasında olanlar barədə ilk ifadə və danışdıqları isə, faciədən 10 il sonra işıq üzü görməyə başladı. Xüsusi radiobağlantı briqadasının zabiti Vitali Tokarev danışır ki, Bakıya gələndə anladıq ki, SSRİ dağılmağa məhkumdur, milisin görməli olduğu işi orduya tapşırıblarsa, bu bir siyasi oyundur. Aleksandr Urjanov 2002-ci ildə yazır ki, 1990-cı ilin yanvarında Sovet ordusu Bakıda nümayişçilərə qarşı amansızlıq etdi və ən azı 100 nəfər öldürülüb. Ruslar 1920-ci ildə Polşada etdiklərini 70 il sonra Bakıda təkrarladılar. 

Qorbaçov kimi Yelçin də çətinə düşəndə Bakını hədəfə alırdı. 
Vəzirovun Qorbaçovun qarşısında alçalmaqları çoxunun yadındadır. Bu siyasi xətt Mütəllimovun vaxtında da davam etdi. Onun 1991-ci ilin martında keçirdiyi referendumda seçicilərin 93 faizi "İttifaq”ın lehinə, az qismi əleyhinə səs verdi. Qeyd edək ki, referendumda Naxçıvan iştirak etmirdi. Bu da müstəqil Azərbaycanın qurucusu ulu öndərin Naxçıvana rəhbərliyi ilə izah olunur. Həqiqətən də referendumun nəticələri absurddur, xalqımız dinc əhalini qətliama məruz qoymuşların lehinə necə səs verə bilər? Əslində sentyabrda onun prezident seçilməsi də şübhəlidir. Ermənistan isə,  Kremlin göstərişlərinə vec qoymurdu. Bütün bunlara baxmayaraq, Mixail qanlı faciəni Azərbaycana yaşatdı. Heç Yelçin də ondan geri qalmırdı. Borisin Ermənistana dəstəyi, ermənilərin törətdikləri soyqırımlara sevinməsi bunun isbatıdır. Əbülfəz Elçibəyin Yelçinə dəstək teleqramını isə, sonuncu heç oxumayıb. Yaxud  Yelçinin o vaxtkı baş nazir Pənah Hüseynovu qəbul etməməsi kimi faktlar da Mixaillə Borisin Bakıya ögey münasibətinin təsdiqidir. 

Qaniçənin medalları...
Qorbaçov SSRİ tərəfindən onlarla orden və medala layiq görülüb. Onu köhnə Yuqoslaviya, Polşa, Bolqarıstan, Fransa hərəsi 2 medal, Vatikan 1, İtaliya 2, ABŞ 4, İsrail 2 mükafata layiq görüb. Bu siyahı İspaniya, Koreya, San Marino, Çexiya, Portuqaliya, Dominikan və Almaniya ilə dolur. Bununla yanaşı XX əsrin sonlarının faciə müəllifi 30-dan çox premiya da alıb. Onun Nobel sülh mükafatı laureatı olması bir başqa bədbəxtçilikdir. Qaniçənə bunca mükafat qaniçənliyin təbliği deyilmi? Faciəyə ədalətli mövqeyi mükafat verənin hansından gözləyək?!

Tanklar Bakıya girəndə şəhərdə erməni qalmamışdı!  
Digər fakt isə ondan ibarətdir ki, sovet tankları Bakıya ermənilər tam olaraq şəhəri tərk edəndən sonra daxil olub. Sovet İttifaqının müdafiə naziri Yazovun sözlərinə görə, onlar Bakıya erməniləri xilas etməyə yox, hökuməti xilas etmək üçün gəliblər. O dövrü yaşayıb, araşdırmış bəzi tarixçilər deyir ki, 20 yanvar faciəsini törədən sovet qoşunlarında əsgərlərin çoxu muzdlu ermənilər idi. Bəlkə də ermənilərin havadarları bu yolla onları bizə qarşı növbəti qətliamlara və soyqırımlara hazırlaşdırdılar. Lakin şanlı Azərbaycan tarixinin bu qanlı səhifəsi həm də xalqın azadlıq arzularının tək yumruq kimi birləşməsinə yardımçı oldu. Güc isə  birlikdədir!


RƏYLƏR