Sumqayıtda qazilər sosial-psixoloji dəstək layihəsinə cəlb olunub

OXUNUB: 693 QHT SOSİAL

"Böyük Qayıdış” Gənclər Təşkilatı Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə Sumqayıt şəhərində "Qayıdış” gənc qazilər üçün sosial-psixoloji dəstək layihəsi keçirib. 

Paytaxt Bakıdan sonra Sumqayıtda icra olunan layihə çərçivəsində tərəfdaş qurumların nümayəndələri, millət vəkilləri, layihənin ekspert və qonaqları, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində beş gün ərzində 10 görüş baş tutub. Sumqayıt şəhərində yaşayan və sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan gənc qazilər peşəkar təlimçilərin iştirakı ilə motivasiya, psixoloji dəstək təlimləri və tanınmış simaların iştirakı ilə motivasiya xarakterli görüşlərdə iştirak ediblər. Yekunda layihə iştirakçılarının Bakıda yerləşən, 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə həsr olunmuş Hərbi Qənimətlər Parkına ziyarəti də təşkil olunub.

Təşkilat tərəfindən tərəfdaş qurumların dəstəyi ilə layihənin digər regionlarda da icrası planlaşdırılır. Həmçinin, "Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən qazilərlə bağlı məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur. 

 

"Böyük Qayıdış” Gənclər Təşkilatının məqsədi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfər tarixinin gənclər arasında təbliğ edilməsi, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərinin cəmiyyətdə tanıdılması, işğaldan azad olunmuş torpaqların dirçəldilməsi prosesinə gənclərin səfərbər edilməsi, işğalın fəsadlarının, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, həmçinin Vətən müharibəsində iştirak edən gənclərin maraqlarının dəstəklənməsidir.

Təşkilat tərəfindən planlaşdırılan və keçirilməsi nəzərdə tutulan layihələrdə iştirak etmək istəyən gənclər "boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

 


RƏYLƏR