Tehran və Yerevan SES tikir: Mənfi və müsbət cəhətləri - RƏY

OXUNUB: 644 DÜNYA

İranın Ermənistanla birgə su elektrik stansiyasının tikintisi ilə bağlı qərarını Tehranın Bakıya qarşı dostluqdankənar addımı kimi qiymətləndirmək doğru deyil. 

Bu sözləri İcmal.Az-a açıqlamasında politoloq Arzu Nağıyev İran məclisinin Ermənistanla birgə Araz çayı üzərində SES tikintisinə razılıq verməsi məsələsini şərh edərkən deyib.

"Bu ölkələr arasında əlaqələr kəsilmir. Onlar arasında birgə lahiyələr olub və olacaq”, - ekspert qeyd edib. 

Onun sözlərinə görə, Araz çayının 143 kilometri işğal olunmuş Qarabağ ərazisinə düşür. Ancaq tikinti işləri, çox güman ki, Ermənistan - İran sərhədində həyata keçiriləcək. 

Nağıyev əmindir ki, buna görə layihə Azərbaycanın maraqlarına zidd ola bilməz.

Analitik əlavə edib ki, hazırda Azərbaycanla İran arasında münasibətlər dostluqla xarakterizə olunur, amma bununla yanaşı, hər bir dövlətin öz iqtisadi maraqları var. 

"Bu gün İranın Ermənistanla bağlı iqtisadi maraqları var. Buna görə İran məclisinin məlum layihəni təsdiqləməsində təəccüblü heç nə yoxdur. Tehran və Yerevan arasında iqtisadi işbirliyi davam edəcək. 

Bakı üçün əsas odur ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 

Bizim ölkələrimiz arasında əməkdaşlıq mövcuddur. Biz birgə regional, dünya və qlobal layihələr həyata keçiririk. İrəvan isə hər zaman bu layihələrdən kənarda qalır”, - politoloq yekunlaşdırıb. 

İqtisadi aspekt

İqtisadçı Fual Əlizadə məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq fəal inkişaf edir. Bununla yanaşı, Araz çayı üzərində Azərbaycan və İranın birgə layihəsi olan Araz SES fəaliyyət göstərir. 

Bundan başqa, prezident İlham Əliyevin 2016-cı il fevralın 23-də İrana səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalayıb. 

"İran və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında imzalanan bu saziş "Xudafərin” və "Qız Qalası” su qovşaqlarında su və enerji resurslarından istifadə üçün eyni hüquqları təmin edir. Sənəddə BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi vurğulanır”, - Əlizadə qeyd edib. 

Ekspert bildirib ki, Ermənistanla İranın analoji əməkdaşlığına gəlincə, bu lahiyə Yerevanda çoxdan planlaşdırılıb. 

"Bununla bağlı qərar 2008-ci ildə verilib. Tikintilər 2012-ci ildə başlayıb və 2017-ci ildə təhvil verilməli idi. Ancaq, göründüyü kimi, bu, hələ də tikilməyib və məsələ hələ də gündəmdədir”, - o deyib. 

Əlizadə hesab edir ki, Yerevan hökuməti bu cür layihələri İranla aktiv əməkdaşlıq nümunəsi kimi təqdim etməyə cəhd göstərir. 

Onun sözlərinə görə, fəal əməkdaşlıq Azərbaycan və İran arasında həyata keçirilir.

Bununla əlaqədar ekspert Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin tikintisini, Azərbaycan və İran arasında birgə layihə olan "Xəzər” avtomobil zavodunun fəaliyyətə başlamasını, eləcə də, Azərbaycan hökumətinin işğal olunmuş ərazilərdə bütün iqtisadi fəaliyyətinin tanınmasını nümunə kimi göstərib. 

Ekoloji komponent

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova hesab edir ki, bu cür layihənin icrası zamanı bənd və su anbarları vacibdir. 

"Bəndlərlər ona görə vacibdir ki, onlar suyu saxlamaqla enerjinin alınmasına yardım edəcək. Su anbarları isə suyun təzyiqlə gəlməsi üçün vacibdir. 

Arazdan gələn su ilə bu anbarların doldurulması bir neçə il çəkəcək. Buna görə də Araz qırağı rayonlarda suyun səviyyəsinin aşağı düşməsi müşahidə ediləcək.

Onsuz da buradakı bəzi rayonlar su qıtlığından əziyyət çəkir”, - Hüseynova qeyd edib. 

İcmal.Az

RƏYLƏR