“Tender kralı“ ilə daha bir müqavilə - Salyanda "Xezer-Construction” müəmması

OXUNUB: 390 GÜNDƏM
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb. 

Tenderin qalibi "Xezer Construction” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 508 004,58 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 

Şirkətin bundan əvvəlki hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Mətləb Ağayev küçəsi, ev 36, mənzil 1-də yerləşib. Qanuni təmsilçisi isə Abışov İslam Məhəmməd oğlu olub.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin veb-səhifəsi və əlaqə telefonları da yoxdur. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Xezer-Construction” MMC əsasən rayon icra hakimiyyətlərinin elan etdiyi tenderlərin qalibi seçilir. Bu tenderlər adətən yol və müxtəlif təyinatlı təmir işləri ilə bağlı olur. Şirkət bundan əvvəl Sumqayıt, Bakı, Abşeron və Lənkəran icra hakimiyyətləri və yaxud onlara tabeli qurumların elan etdiyi iri məbləğli tenderlərinin qalibi seçilib. 
Bu tenderlər üzrə bağlanan müqavilələrin ümumi maliyyə dəyəri 2 060 926, 29 AZN-dir. 

Salyan Rayon İcra Hakimiyyəti bundan əvvəl şəhər küçələrinin əsaslı təmiri və küçələrdə abadlıq işlərinin aparılması ilə bağlı tender keçirib. Hər iki tenderin qalibi "Dirçəliş-14” MMC olub. Şirkətlə iki tender üzrə bağlanan müqavilələrin maliyyə dəyəri 1 696 840, 81 AZN-dir. 

RƏYLƏR