"Terrorçu zehnində yetişmiş insanlardır" - İcra başçısını güllələyən şəxslə bağlı açıqlama

OXUNUB: 783 HADİSƏ
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bu gün isə "Youtube”da Gəncədə icra başçısına qarşı sui-qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb.

Həmin səs yazısında məsələdə dini amilin əsas olduğu deyilir: "Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur”.



Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bir insana qarşı qətldə dini motiv qabardılırsa olduqca zərərli tendensiyadır:

"Çünki İslam dini adam öldürməyi rəva bilmir. Hər hansı bir şəxs bunu edirsə deməli dini anlamır, mahiyyətdən uzaqdır. Bu, terrorçu zehnində yetişmiş insanlardır. Məncə, dini radikalizmlə mübarizə gücləndirilməlidir. İnsanlar anlamalıdırlar ki, bu motivdə baş verən hadisə varsa, bunların hər biri Azərbaycanı qaranlıqda görmək istəyənlərin əməlidir. Şəxsi məsələyə görə bu hadisə baş versəydi, bu, adi kriminal hadisə olardı. Dini motivdə baş verirsə bu bir şəxsin deyil, onun arxasında olan şəbəkənin əməlidir. Bu məsələ ciddi araşdırılmalıdır. Dini cəhalət motivlərinin 20-ci əsrdə Azərbaycanda bu formada qabardılmasının təhlükələri barəsində biz dəfələrlə xəbərdarlıq etmişik. Buna laqeyd yanaşan dövlət orqanları vicdanla ölkəmizi gözləyən təhlükə ilə mübarizə aparmağa başlamalıdır”. 

 

İcmal.Az

RƏYLƏR