“Toplumçular" və “abzasçılar" sadəcə xaricdəki yiyələrinin tapşırıqlarını icra ediblər" - DEPUTAT SƏRT DANIŞDI

OXUNUB: 683 SİYASƏT
"Görünən budur, "Toplum TV”-nin xəmiri hələ çox su aparacaq və beləcə bütün xain icraçılar, əməllərində cinayət tərkibi olan iştirakçılar, Qərbdəki anti-Azərbaycan qüvvələrinin əlində oyuncağa çevirilən agentlər bir-birinin ardınca ifşa ediləcəklər. Ələsgər də, Ruslan da, digərləri də". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, əslində "Toplum TV”nin də, "Abzas Media”nın da, buna bənzər digər media təsisatları da – təbii, əgər onlara media demək mümkünsə - hansı məqsəd və məramlar üzərindən yaradıldıqları əvvəldən məlum idi: "Diqqət edin, yaranıblar demirəm, yaradılıblar deyirəm. Çünki onlar fəaliyyətə başladıqları ilk gündən, ilk saatdan etibarən əsl missiyalarını, provokativ xətlərini, kimin və ya kimlərin əlinə oynadıqlarını açıq şəkildə bəlli ediblər".

E.Musayev bildirib ki, "Toplum TV” konkret layihədir: "Təbii ki, Qərbin layihəsidir. Üstəlik, onlara zaman-zaman, mərhələ-mərhələ Gürcüstan üzərindən çox ciddi maliyyələr, pullar ayrılıb. Bu riyakarlar da həmin maliyyənin müqabilində anti-milli icraatla, xarici kəşfiyyatların xəfiyyəliyi ilə, vətən satmaqla məşğul olublar. Hər halda Xədicə İsmayıl adında casusun baş redaktoru olduğu media qurumundan bundan artığını gözləməyə dəyməzdi. Ən maraqlı məqam bilirsinizmi nədir? "Toplum TV”, "Abzas Media” kimi qurumların indiyə qədər heç bir jurnalisitika fəaliyyəti olmayıb. Bəlkə də üzdə belə görünməyə çalışıblar, amma dərində, reallıqda yox. Gerçəkdən olmayıb! "Toplumçular" da, "abzasçılar" da sadəcə xaricdəki yiyələrindən gələn tapşırıqları icra ediblər, "araşdırmaçı” adı altında casus fəaliyyəti ilə, ara qarışdırmaqla, əyri, qara, yaramaz işlərlə məşğul olublar.

Ona görə də məlum həbslər gözlənilən idi. Heç nə səbəbsiz deyil və bundan sonrakı mərhələlərdə də hamı görəcək və biləcək ki, kim kimdir və ya kim hansı yuvanın quşudur".

RƏYLƏR