Türkiyənin Ali Məhkəməsinin sədri və Baş prokuroru Naxçıvanda səfərdədir

OXUNUB: 252 GÜNDƏM Özəl SOSİAL
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir. 

Nümayəndə heyəti ilk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Daha sonra qonaqlar türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan büstünü ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildirib.

Tədbir iştirakçıları Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını da ziyarət etmiş, xiyabandakı "Ana abidəsi”nin önünə gül düzmüş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişlər.

Həmçinin, qonaqlar şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türkiyə ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.

Səfər çərçivəsində Türkiyədən olan nümayəndə heyəti Baş prokuror Kamran Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirmişdir.

Görüş zamanı Naxçıvanda aparılan kompleks islahatlar, yenidənqurma işləri barədə ərtaflı müzakirə aparılmışdır.

Bundan sonra "Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı” mövzusunda konfrans keçirilib.

Konfransda Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi. 

Çıxış edən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın əhəmiyyətindən bəhs edib.

Həmçinin, konfrans zamanı Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, o cümlədən digər mötəbər qonaqlar çıxışlar edib.

Nümayəndə heyətinin səfəri davam edir.
 







 

RƏYLƏR