“Yarım milyonluq yeyintinin videosunu vermişik, prokuror müavini işi rədd edir”

OXUNUB: 632 GÜNDƏM HADİSƏ

Şəmkir rayonunda yarım milyon manatdan çox pulunun mənimsənildiyini iddia edən sahibkar prokurorluğun fəaliyyətindən şikayətçidir.

Sahibkar Ramin Əliyev "Qafqazinfo”ya müraciət edərək bildirib ki, ona məxsus olan və Şəmkir rayonunda yerləşən "Zirvə” marketdə 2017-ci ildən 2020-ci ilin sentyabr ayınadək kassir işləyən Laura Əliyeva onun 539 222  manat pulunu mənimsəyib: "Bununla bağlı audit hesabatı, invertizasiya aktı, cədvəllər üzrə yoxlamalar, şahid izahatları, kamera görüntüləri Şəmkir rayon prokurorluğuna təqdim edilib. Bütün şahid izahatlarında da pulun Laura Əliyeva tərəfindən mənimsənildiyi deyilir, amma yenə də heç bir tədbir görülmür. Videogörüntülərdə də kassirin pulu telefonun arxasında başqa şəxsə ötürdüyü, pulları kiçik ölçüdə büküb paltarında gizlətdiyi açıq-aydın görünür”.

 

R.Əliyevin iddiasına görə, buna baxmayaraq Şəmkir rayon prokurorunun müavini Ramil Qurbanov auditorun izahatını almadan, araşdırma aparmadan cinayət işinin başlanılmasını rədd edib və bunu qərarında əsaslandırmayıb: "O, yalnız barəsində şikayət edilən şəxsin izahatını almaqla cinayət işinin başlanılmasını rədd edib. Halbuki audit hesabatını təqdim edən auditorun izahatı alınmadan qərar qəbul edilib. Yəni, auditor 539 min 222 manat məbləğində pulun kamera görüntüləri ilə təsdiq olunan mənimsənilməsinə dair hesabat təqdim edib. Xüsusilə külli miqdarda pulumun mənimsənilməsini başqa necə sübut etməliyəm? Cinayət-Prosessual Məcəllədə sübut hesab edilən bütün vasitələr tərəfimdən prokurorluğa təqdim edilib.

İki audit hesabatı var. 2020-ci il dekabrın 25-də verilən audit hesabatında 539 222 manat yeyintinin olması, 28.04.2021-ci il aprelin 28-də verilən ikinci audit hesabatda isə həmin yeyintidən 86 min manatının Laura Əliyeva tərəfindən mənimsənilməsinin kamera görüntüləri ilə təsdiq edilməsi birbaşa göstərilib. Qalan məbləğin mənimsənilməsi yoxlama nəticəsində müəyyən edilib.

Hazırda araşdırmanın obyektiv aparılacağına inanmıram. Çünki rayon prokurorluğu bu vaxta kimi bizim təqdim etdiyimiz heç bir sübutu araşdırmayıb. Buna görə də işin Baş Prokurorluq tərəfindən araşdırılmasını istəyirəm”.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, sahibkar Ramin Əliyevin eyni məzmunlu müraciəti əsasında Şəmkir rayon prokurorluğunda ilkin yoxlama aparılıb: "Toplanmış material üzrə Əliyeva Laura Səyavuş qızı və Əliyeva Əminə Saleh qızının əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilib.

Qərardan Əliyev Ramin Vaqif oğlunun nümayəndəsi və vəkili Rüstəmov İlqar Sahib oğlunun vermiş olduğu şikayətə rayon prokurorluğunda baxılmaqla material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Şəmkir rayon prokuroru tərəfindən ləğv edilib.

Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”./Qafqazinfo


RƏYLƏR