Yasamalın yeni icra başçısı kim olacaq? - İDDİA

OXUNUB: 2937 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl SOSİAL
Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı ən çox müzakirə olunan məsələlərdəndir.
 
 Bakının ən böyük və ən strateji rayonlarından olan Yasamal həm də son zamanlar ən qalmaqallı rayona çevrilib.
 
Bu rayon ərazisində son zamanlar baş tutan etiraz aksiyaları, əhalinin evinin sökülməsi və ən son Hacı Cavad Məscidinin icazəsiz söküntüsü İbrahim Mehdiyev üçün son hədd oldu və başçı Prezidentin sərəncamı ilə işdən çıxarıldı.
 
Məlumata görə, bu rayona adı qalmaqalda hallanmayan, mətbuatda haqqında neqativ yazılar getməyən məmurlardan biri təyin olunacaq.
 
İddiaya görə, Yasamal rayon icra hakimiyyətinin yeni başçısı Tahir Budaqov olacaq. Onun icra başçısı təcrübəsi olması şansını daha da artırır. 
 
Tahir Budaqov kimdir?

Tahir Budaqov hazırda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədridir.
 
Tahir Budaqov bu təyinatadək Bakı şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Budaqov Tahir Yaqub oğlu 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Tahir ğ Budaqov 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasının idarə heyətinin sədridir. Evlidir, 3 övladı var.
 
Qeyd edək ki, mətbuatda Tahir Budaqovla yanaşı Mingəçevir rayon icra hakimiyyətinin başçısı Niyazi Bayramovun da bu posta iddialı olduğu yazılıb.
 
Yaxın günlərdə təyinat rəsmiləşdiriləcək və bütün bu suallara cavab tapılacaq./Azxeber
 
 
 
 
İcmal.Az

RƏYLƏR