“YAY FEST” YARADICI GƏNCLƏRİ BİR ARAYA TOPLADI

OXUNUB: 292 Özəl QHT SOSİAL
Azərbaycanın ən böyük gənclər festivalı olan "Yay Fest”in üçüncü – "Yaradıcılıq”  həftəsinə start verilib. Avqustun 1-də festivalın növbəti həftəsinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə ilk olaraq, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövlüyü uğrunda döyüşən Müzəffər Ordumuzun şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimin qeyri-rəsmi hissəsində istedadlı gənclər müxtəlif musiqi və rəqs nümunələrini təqdim ediblər. Tədbirin xüsusi qonağı müğənni Azad Şabanov düşərgə iştirakçıları üçün sevilən mahnılarını ifa edib.

Öncədən elan olunmuş müsabiqə mərhələlərini uğurla tamamlayan 200-dən çox gəncin qatıldığı "Yaradıcılıq” düşərgəsi beş gün müddətində davam edəcək. Düşərgə çərçivəsində iştirakçılar üçün mütəxəssislər tərəfindən milli və xarici rəqslər, təsviri incəsənət nümunələri, həmçinin müxtəlif sosial mövzular üzrə təlimlər aparılacaq, Xalq artistləri, incəsənət xadimləri və bir çox məşhur şəxslərlə görüşlər keçiriləcək. "Yaradıcılıq” düşərgəsində gənclərin əyləncələrinin təmin edilməsi məqsədilə istedadlar müsabiqəsi təşkil olunacaq və qalib gələn gənclər mükafatlandırılacaq. Bununla yanaşı düşərgə müddətində master klaslar, konsert  proqramları, partilər, fləşmoblar, müxtəlif yarışlar, mədəniyyət abidələrinə səfərlər təşkil olunacaq.

Qeyd edək ki, artıq üçüncü dəfə həyata keçirilən "Yay Fest” gənclər festivalı Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutur.

19 iyul – 9 sentyabr tarixlərini əhatə edəcək festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Dəmir Yumruq, Yaradıcılıq, Könüllülük, UN SDG, İdeyadan Biznesə, Karyera  və İnkişaf, Həmrəylik) üzrə 8 düşərgə həftəsi təşkil olunacaq. Ümumilikdə "Yay Fest”də 2 min gəncin iştirakı nəzərdə tutulub.
Yay Fest” yaradıcı gəncləri bir araya topladı -
Oxu.az -

RƏYLƏR