"Yeni il hədiyyəsini hamıya “Şaxta baba”, radikallara Amerika səfirliyi göndərir" - Deputatın yazısı

OXUNUB: 449 SİYASƏT
Seçki öncəsi Fransa da daxil, bəzi anti-Azərbaycan dairələrinin aktivləşməsi və özlərinə (təyinatlarına, səlahiyyətlərinə) aid olmayan işlərə burun soxmaları bir daha məlum qənaəti möhkəmləndirir ki, ha fövqəl olsun, ha qeyri-fövqəl – qarşımıza çıxan bütün məkrli qüvvələrlə ən sərt dildə danışmamız çox doğru strategiyadır. Çünki başqa yol yoxdur. Çünki bunlar başqa cür anlamırlar. Çünki belələri ilə yumşaq davransan, loyal tərz sərgiləsən heç vaxt qayıdıb sənə "sağ ol” deməyəcəklər. Əksinə, hədd aşacaqlar, sərhəd keçəcəklər!

O gün sosial şəbəkədə bir sərlövhə oxudum. Tofiq Yaqublunun qızından sitat idi. Və arada belə bir cümlə vardı: "ABŞ səfirliyinin bizim ailəyə bağışladığı hədiyyə də istintaq orqanı tərəfindən götürülüb və sonra geri qaytarılıb.”

Nə gözəl. Demək ki, yeni il hədiyyələrini hamıya "Şaxta baba”, radikallara isə Amerika səfirliyi göndərir. Üstəlik, Fransanın illərdir püxtələşən "Qar qız” obrazını (bacarığını) da nəzərə alsaq, o zaman bizim qaraguruhçu müxalifətin bayram gözləntilərinin əbəs olmadığını rahatca söyləmək olar. Trio hazırdır: Şaxta baba, Qar qız və "yolka”. Yaxşı bəs "yolka” kimdir? Onu da deyəcəm.

Haşiyə: Yəqin Sovet vaxtı hamının evində yolkalar aşağı-yuxarı eyni cür olub. Elə oyuncaqlar da. Bayram bitən kimi yığılırdı "kladovka” dediyimiz anbara və bir də növbəti il üzə çıxırdı. Ayrıca, nə qəribədir ki, hər dəfə yığılıb-açılanda oyuncaqlardan ən az üçü-dördü mütləq qırılırdı. Yenisi də alınmırdı. Və həmin qırılanların əksəriyyəti qırılan tərəfi görünməmək şərtilə yolkanın arxa tərəfindən asılırdı. Eyni zamanda yolkaların heç biri taraz deyildi, hamısı niyəsə pambıq üstündə dayanırdı, "sezon”da da bir dəfə sanki ritualmış kimi aşırdı.

İndi isə ritorikaya yön alaq: 30 ildir kvartalda 1 dəfə, bayramdan-bayrama siyasi fəaliyyətlə məşğul olan, qırıq oyuncaqlarla özünü bəzəyib, gizlədib, açığa verməkdən qorxan, siyasi müvazinətini pambıq üzərində dayanan yolka kimi güc-bəla ilə saxlayan, "Şaxta baba”sını hansısa səfirlikdə, "Qar qız”ını Parisdə, Londonda axtaran və nəhayət: elə vizual tərəfdən də yolkanın özünə bənzəyən kəs kimdir sizcə? Tapmadınızsa bir ipucu da verim: Boykot üzrə fəlsəfə doktorudur.

Dünən baxıram, "Azadlıq”da Çauşeskunun videosunu paylaşıblar. Asılmadan öncəki kadrları. Guya öz aləmlərində mesaj verirlər. Nəsə demək istəyirlər. Amma aralarında bir mütaliəli, məlumatlı insan yoxdur və ona görə də fərqində deyillər ki, hazırda Rumıniyada keçirilən bütün gizlin rəy sorğularında xalqın 97 faizi həmin Çauşeskunun dövrünə qayıtmaq istəyir. Bu qaraguruh çevrədə bir nəfər belə hələ o söhbəti tuta bilməyib ki, Çauşesku demokrat və ya qeyri-demokrat olduğuna görə deyil, 2 nəhəng dövlət arasında alver predmetinin qurbanına çevirildiyinə görə edam edilib.

İndi həmin ssenarini illər sonra Serbiyada reallaşdırmaq istəyirdilər. Amma bu dəfə alınmadı. Bilirsinizmi niyə? Çünki zaman və şərtlər dəyişib. Eyni zamanda taktikalar da köhnəldiyinə görə Qərbin və konkret olaraq Amerikanın hər yumruğu boşa gedir, maya batır, illərdir pul buraxaraq "məxməri inqilablar” üçün yetişdirdikləri beyin institutlarının rəyləri, proqnozları işə yaramır, FETÖ kimi missioner ünsürlər "ofsayd”da qalır, çeynənilib qurtarmış Soros fəlsəfəsi, "Narıncı inqilablar”ın xaç atası, bibliyası hesab edilən Çin Şarpın nəzəriyyəsi artıq gülüş obyektinə, lətifə mövzusuna çevirilir...

***

Bayaq mediada xəbər yayıldı ki, Fransanın 2 diplomatına ölkədən çıxmaq üçün 48 saat vaxt verilib.

Məncə heç o qədər gözləməsinlər. Tez yır-yığış edib getsinlər.

Birdən nəsə yaddan çıxsa, sabahda-bürügündə arxasınca gedənlər aparar.

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

RƏYLƏR