Yeni Türk Əsrinin qədəmləri mübarək! - LALƏ AZƏRTAŞ YAZIR

OXUNUB: 578 KÖŞƏ GÜNDƏM SOSİAL
Dünyanın müxtəlif güclərinin geostrateji maraqlarının toqquşduğu qardaş Türkiyə hamıya nümunə göstərərək demokratiya sınağından üzüağ çıxdı. Özlərini demokratiyanın beşiyi saymalarına baxmayaraq bu ali dəyərləri sadəcə üçüncü dünya ölkələrinə qarşı siyasi təsir alətinə çevirmiş güclərə demokratiya dərsi keçdi. Seçkilərin ikinci turunda inamlı qələbəsindən sonra özünü məşhur "balkon konuşma”sında cənab Ərdoğanın "bu seçkilərdə bütün Türkiyə qazandı” söyləməsi həqiqətin ifadəsidir. Xalq artıq iki onillikdir dövlətini davamlı tərəqqi yolunda inamla yeni zəfərlərə aparan siyasi liderinə səs verməklə Türkiyənin dünyadakı yerini bir daha möhkəmləndirdi, eyni zamanda türk yurduna yönəlik dağıdıcı planlar quranlara öz yerini göstərmiş oldu. Beləliklə, Türk Əsri yeni mərhələyə inamla, qətiyyətli addımlarla qədəm qoydu.

Bütün ciddi siyasi təhlilçilərin qənaəti budur ki, Türkiyə cəmiyyəti seçkilərin hər iki turunda özünün yetkin siyasi mədəniyyətinə sahib olduğunu nümayiş etdirdi. Türkiyə seçicisi öz ambisiyalarını reallaşdırmaq üçün hətta terror şəbəkələri ilə əməkdaşlığa hazır olanlara "yox” dedi. Əcnəbi medianın ölkənin daxili auditoriyasının ictimai rəyinə təsir göstərmək üçün sistemli şəkildə uydurduğu çeşidli saxta təbliğata, yalana "yox” dedi. Seçki kampaniyasının gedişində Qərb mediasının nümayiş etdirdiyi həqiqəti təhrif etməyə yönəlmiş, çaşdırıcı mövqeni Türkiyə cəmiyyəti dəstəkləmədi. Bəzi dairələr son iki onillikdə güclənmiş, bir dünya dövləti kimi öz milli maraqlarını inamla müdafiə edən qüdrətli Türkiyənin uğurlarını həzm edə bilməsələr də, türk xalqının ortaya qoyduğu siyasi iradə ilə hesablaşmağa məcbur qaldılar.

Mayın 28-də baş tutmuş seçkilərin ikinci turunda Türkiyə vətəndaşının verdiyi səs tək regionda deyil, bütün dünyada sülhün və sabitliyin qorunmasına verilmiş qarantiya idi. Dörd bir yanında real terror hədələri, tənəzzül təhdidləri olmasına rəğmən Türkiyə tarixdəki şərəfli missiyasını özünə qaytara bilib və dünyanın təhlükəsizliyi baxımından yerləşdiyi coğrafiyada müstəsna əhəmiyyətə malik dövlətə çevrilib. Ötən əsrin 90-cı illərinin sonlarından tez-tez bir-birlərini əvəzləyən müxtəlif koalisiya hökumətləri qardaş ölkəni vacib hədəflərə çatdırmaqda çətinlik çəkirdilər. Siyasi böhranın, iqtisadi tənəzzülün az qala gündəlik həyat normasına çevrildiyi həmin dövrlə Türkiyənin indi sahib olduğu imkanları müqayisə etsək xalqın yenidən cənab Ərdoğana etimad göstərməsi təbii qarşılanmalıdır.

Qardaş Türkiyədə baş vermiş "əsrin fəlakəti” kimi qiymətləndirilən zəlzələ bizi çox sarsıtdı və həmişə olduğu kimi Azərbaycan qardaş köməyinə hamıdan əvvəl yetişdi. Türk xalqının müdrikliyinin və siyasi yetkinliyinin göstəricisidir ki, təbii fəlakətdən kimlərinsə öz siyasi məqsədləri üçün yararlanmasına şans vermədi.

Böyük dövlət xadimləri, qurucu siyasi liderlər məhz tarixin belə məqamlarında öz əzmkarlıqları ilə nümunə yarada bilirlər. Xalqın tükənməz məhəbbətinə söykənən belə nümunələrdən birini də Rəcəb Tayyib Ərdoğan yaratmış oldu.

Həmişə Şərqlə Qərb arasında mayak olmuş Türkiyənin siyasi həyatında mühüm bir mərhələnin başlanması heç şübhəsiz ki, türklərin yaşadığı bütün coğrafiyalara da təsirsiz ötüşməyəcəkdir. Prezident İlham Əliyev müsahibələrinin birində haqlı olaraq vurğulamışdır ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur, eləcə də bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.

Yeri gəlmişkən, gələn ay iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ilini qeyd edəcəyik. Bu sənəddə tarixi, siyasi, eyni zamanda hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş şəkildə birgə fəaliyyətin əks olunması hər iki dövlətin milli maraqları baxımından müstəsna əhəmiyyət kəsb edir.

Cənab İlham Əliyevin ötən ay İstanbulda keçirilən "TEKNOFEST” aerokosmik və texnologiya festivalındakı möhtəşəm çıxışında səsləndirdiyi fikirlər isə hər bir azərbaycanlının ürəyindən keçənlərin ifadəsidir: "Heydər Əliyev demişdir: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, "Bir yumruq!”.

Yeni Türk Əsrinin qədəmləri mübarək olsun!

7NEWS.az

RƏYLƏR