Yerli üzüm sortlarının qorunub saxlanılması və çoxaldılması istiqamətində ekspedisiyalar təşkil olunur

OXUNUB: 611 Özəl İQTİSADİYYAT
Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən elmi ekspedisiyalar davam etdirilir. Ekspedisiyaların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksək keyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsidir.
Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu "Şirvanşahı”nın bərpası, artırılması,  davamlı istifadəsi məqsədilə institutunun mütəxəssisləri Kürdəmir rayonunda elmi ekspedisiyada olublar. Aparılan elmi - seleksiya işləri çərçivəsində sortun müəyyən edilərək, gələcəkdə ondan əkin materialı tədarük edilməsi üçün rayonun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə kəndli və ev təsərrüfatlarına baxış keçirilib.
Tədqiqat zamanı burada çardaq sistemi ilə yanaşı, Yenikənd kiçik ailə fermer təsərrüfatı sahəsində xiyaban üsulu ilə əkilib - becərilmiş, yaşı 200 ildən çox olan «Şirvanşahı» tənəkləri qeydə alınıb. 
İnstitutun mütəxəssisləri tərəfindən "Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı əkin materialı əldə edilməsi məqsədilə etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək çubuqların təqribi miqdarının qeydiyyatı aparılıb.
"Şirvanşahı” sortu – respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.
Sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksək keyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli mənbədir. Respublikanın müxtəlif üzümçülük rayonlarında yetişdirilən «Şirvanşahı»dan «Kürdəmir» adlı kaqor tipli dünyaca məhşur desert şərab istehsal edilib.
Qeyd edək ki, institut əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarındakı köhnə üzüm bağlarında, fermer, ailə kəndli və ev təsərrüfatlarında sortlar müəyyən edilərək, gələcəkdə əkin materialı tədarük edilməsi üçün tədqiqatlar davam etdiriləcəkdir.

RƏYLƏR