Zarafatlaşmadan sonra gecə görüşü: Atasının gözü qarşısında... - Təfərrüat

OXUNUB: 858 HADİSƏ
Abşeron rayonunda adam bıçaqlamaqda təqsirli bilinən 1995-ci il təvəllüdlü Tərlan Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İcmal.Az teleqraf.com-a istinadən xəbər verir ki, Tərlan Mərdanov 14 mart 2017-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə Novxanı qəsəbəsində yerləşən çayxanada həmkəndlisi Pərviz Məmmədovla rastlaşıb.

Tərlan Mərdanov onunla zarafata başlayıb, biri-biriləri ilə zarafatlaşma zamanı təhqiredici ifadə işlədiblər.

Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Çayxanadan bayıra çıxıblar, yenidən mübahisə edərək əlbəyaxa olublar.

Daha sonra Tərlan Mərdanov qəzəblənərək Pərviz Məmmədovun zarafatına görə onun yaşadığı evə getməyi qərarlaşdırıb. Gecə saat 1 radələrində Tərlan Mərdanov evdən mətbəx bıçağını götürərək, Pərviz Məmmədovun yaşadığı Novxanı qəsəbəsində yerləşən evin qarşısına gəlib. Pərvizi küçəyə çağırıb, zarafatına görə ona irad bildirib, yenidən mübahisə ediblər. Səs-küyə bayıra çıxan Pərviz Məmmədovun atası Ələkbər Məmmədov araya girib və onları sakitləşdirməyə çalışıb. Bu zaman Tərlan Mərdanov Ələkbər Məmmədovun gözləri qarşısında oğlu Pərviz Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirib.
 

Yaralı ağır vəziyyətdə vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tərlan Mərdanovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Mərdanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tərlan Mərdanov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

Tərlan Mərdanovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sərdlik etdiyi kollegiyada araşdırılıb.

Tərlan Mərdanovun apelyasiya şikayəti təmin edilməyib.

İcmal.Az

RƏYLƏR