“Zəfərli Gəncliyimizlə Yeni Quruculuğa Doğru!” adlı videokonfrans keçirildi

OXUNUB: 379 QHT SOSİAL
Bu gün ölkənin ictimai həyatında, gənclər sektorunda uğurlu layihələrə imza atan və 25 ildən artıq zəngin təcrübəyə malik Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) tərəfindən  "Zəfərli Gəncliyimizlə Yeni Quruculuğa Doğru!” sloqanı altında videokonfrans keçirilmişdir.

Müxtəlif sahələrdə olan və çalışan fəal gənclərin, millət vəkillərinin, hökumət strukturu təmsilçilərinin və Azərbaycanda fəaliyyət göstərən QHT və gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə açan ADTGT sədri Asif Əsgərli Gənclər Günü münasibətilə bu başlıq altında təşkil olunan videokonfransın məqsədini, gənclərimizin cəmiyyətdə rolu və aktiv iştirak imkanlarını vurğuladı. 

Dövlət himnin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılmasından sonra onlayn tədbirin qonaqlarından Milli Məclisin deputatları Vüqar İskəndərov və Müşfiq Cəfərov, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Rəşad Musayev və Yeni Yazarlar Sənətçilər İB-nin sədri Aydın Əbilov çıxış edərək, gənclərimizin inkişafı, dövlətçiliyin müdafiəsi və onun haqlı-ədalətli mövqeyinin beynəlxalq arenada təbliği sahəsində üzərinə düşən vəzifələrdən və imkanlardan danışdılar. Natiqlər ölkə prezidentinin və Azərbaycan ordusunun Vətən müharibəsindəki parlaq qələbəsindən sonra da birlikdə güclü olaraq, bir yurmuq kimi yeni quruculuq, Qarabağın dirçəlişi və tərəqqisi istiqamətində hər bir şəxs, qurum kimi gənclərin və onları birləşdirən təşkilatın da fəal addımlar atmasını qeyd etdilər.

Sonra ADTGT-nin xarici tərəfdaşlarından olan Belçika, Rumıniya, Moldova, Ukrayna, Bosniya və Hersoqovina, Sloveniya, Rusiya, Türkiyə, Gürcüstan, Bolqarıstan və Böyük Britaniyadan oan gənclər təşkilatları və QHT rəhbərlərinin Azərbaycanın Gənclər Günü münasibətilə ölkə gənclərinə xoş sözləri, mehriban arzuları, səmimi və işgüzar əməkdaşlıq imkanlarını əks etdirən video təbrikləri nümayiş olundu. ADTGT-nin xətti ilə Azərbaycanda olan və ölkəmizin inkişaf, o cümlədən, gənclər modeli ilə yaxından tanış olan bu əcnəbi gənc liderlərin gözəl sözləri tədbir iştirakçılarında böyük maraq yaratdı.

Videokonfrans iştirakçılarından olan və müxtəlif regionları təmsil edən gənc fəallar mövzu ətrafında fikirlərini bildirdilər, müzakirələr apardılar və post-pandemiya və yeni quruculuq dövrü üçün gənclərin fəaliyyət istiqamətlərindən danışdılar.






RƏYLƏR