"Zəlzələdən sonra 7 dəfə avterşok oldu" - Zaqataladakı zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

OXUNUB: 465 SOSİAL

Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində 6 maqnituda gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən İcmal.Az-a verilən məlumata görə zəlzələnin şiddəti ətraf ərazilərdə də hiss edilib.

Mərkəzin İnformasiya şöbəsindən Vüsalə Rafiqqızının verdiyi məlumata görə, zələzələ 5 iyun yerli vaxtla saat 22:40-da, Zaqatala rayonu ərazisində baş verib. Zəlzələnin maqnitudası 5,5, episentri yerin 19 km dərinliyində olub:

"Maqnitudası güclü olduğuna görə ətraf ərazilərdə 6 bala yaxın yeraltı təkan hiss edilib. Həmçinin, ətraf rayonlarda məsafədən asılı olaraq 4-5 bal gücündə zəlzələ hiss edilib. Bu da gözlənilən nəticədir. Ümumiyyətlə, Azərbaycan seysmik zonada yerləşdiyindən belə zələzələlər xarakterikdir. Buna görə də təşvişə düşməyə gərək yoxdur. Bizim aktiv bölgələrimizdən biri də elə Şəki-Zaqatala bölgəsidir. Qeyd edim ki, 2012-ci ildə də həmin ərazidə güclü zəlzələ qeydə alınmışdı. O zəlzələ 7 bal gücündə olmuşdu. Yəni belə zəlzələlər gözlənilməz zamanda gəlsə də, bölgə üçün xarakterikdir.

Bölgədəki əsas təkandan sonra bu saata qədər 7 avterşok qeydə alınıb. Lakin onların heç biri hiss edilməyib. Hazırda bu proses davam etməkdədir. Yəqin ki, proses sabah və biri günlə kifayətlənməyəcək və bir neçə gün mütəmadi şəkildə davam edəcək. Lakin bu proses haqqında dəqiq məlumat deyə bilmərik. Çünki zəlzələ öncədən proqnozlaşdırılmayan bir hadisədir”.

V.Rafiqqızı bildirib ki, mərkəzin bölgədəki stansiyası gücləndirilmiş iş rejiminə keçib və əməkdaşlar hazırda Fövqəladə Hallar Nazirliyinin komissiyaları ilə birgə bölgədə müşahidə aparırlar:

"Mərkəzimizin direktoru Qurban Yetirmişlinin rəhbərliyi altında əməkdaşlarımız bölgəyə ezam olunub. Hazırda yoldadırlar. Onlar ərazinin relyefinə, quruluşuna baxış keçirəcək və baş verən dəyişiklikləri qeydə alacaqlar. Avterşokların bundan sonra hiss olunub-olunmaması müşahidələrdən sonra bilinəcək. Zəlzələnin fəsadları ilə bağlı isə Fövqəladə Hallar Nazirliyinin komissiyası dəqiq məlumat verəcək”.

İcmal.Az

RƏYLƏR